Kinostudiyanın bağbanı Sabir dayı belə deyir
  
   Bir neçə gündən sonra yaz fəsli qarlı, küləkli, yağışlı qışa son qoyacaq. Yaz fəsli həmişə gəlişini təbiətin bütün əlamətləri ilə bildirir. Bu əlamətləri insanlar təbiətdən duyurlar.Torpağın ayıldığını görən bağbanlar «Azərbaycanfilm» kinostudiyasının ərazisindəki yaşıl bağda işləyirlər. Onların arasında qoca və ilin 12 ayını, bəlkə də, günün 24 saatını kinostudiyanın geniş bağ-bağatlı həyətində keçirən Sabir Əliyev də var. Onun yerişi, geyimi, danışığı, baxışı və qocafəndi hərəkətləri uzaqdan adamı özünə cəlb edir. Çoxdandır Sabir dayını dindirmək istəyirdik. Novruz bayramı ərəfəsində bu fürsəti əldən vermədik. O, kinostudiyada yarım əsrdir çalışır. Bu uzun zaman imkan verir ki, Sabir dayı kinostudiyadan və özündən maraqlı söhbətlər etsin. Onu həmişəki kimi iş üstündə gördük.
  
   - Sabir dayı, nə iş görürsüz, necəsiz?
   - Sağ olun, xoş gəlmisiz.
   Sabir dayı kinostudiyanın həyətini öz evi bilir və bizə «xoş gəldin» deyir.
   Gününün çox hissəsini kinostudiyanın həyətində keçirən Sabir dayı bunun səbəbini belə izah etdi: «İlin 11 ayını evdə olmuram, öyrəşmişəm kinostudiyaya, evə gedə bilirəm. Bura mənim evimdi. 50 ildi həyatımı bura bağlamışam. Sentyabrın 16-da 70 yaşım tamam olacaq. 15 yaşımdan zavodda işləmişəm, sonra burda. Ardınca əsgərlik gəldi. Əsgərlikdən sonra kinostudiyaya qayıtdım. Əvvəl işıqçı işləmişəm. Qarmaqarışıqdan (90-cı illərin əvvəllərini nəzərdə tutur) sonra bağban işləyirəm. Düzü, təqaüdə çıxdım, amma sağ olsun Xamis müəllim, məni işdən buraxmadı».
   - Maraqlıdır, ay Sabir dayı, işıqçıların bəziləri sonda kino işçisinə çevrilir, amma siz bağban oldunuz?
  
- Nə bilim vallah, həyatdır da, bəlkə də, bu daha uyğundur ki, Allah məsləhət bilib. Amma «Salnamə»də işləmişəm. Onda Xamis Muradov «Xarı bülbüllər»i çəkirdi. Bir dəfə mən Lənkərana getməliydim. «Dağlarda döyüş» filminə görə Rusiyaya getdim. Lənkəranda isə çəkiliş zamanı 3 nəfər ölmüşdü. Rəhmətlik Adil İsgəndərov gəlib məni orada - Rusiyada görəndə dedi ki, bəs Lənkəranda ölməliydin axı. Amma belə gətirdi ki, ölmədim!
   Sabir dayı «Mədəniyyət» qəzeti barədə isə bunları dedi: «Hə, bilirəm, belə bir qəzet var, ikinci mərtəbədə buğalteriyanın yanında (kinostudiyanı mühasibatlığını nəzərdə tutur) yerləşirdi. Arada redaksiyanın yerini tanımayanları mən ora ötürürdüm. Sovet dövründə ən çox idman qəzetlərini oxuyurdum. Arada «İzvestiya»nı da izləmişəm».
   - Qarşıdan gələn Novruz bayramını necə qeyd edəcəksiniz?
   - Eh, indi biganəlik baş alıb gedir. Əvvəl qonşu çörəyini qonşusu ilə bölərdi, amma indi yox. Novruz bayramıdır da, birtəhər keçirdəcəm. İndi bir azdan bayrama görə buralarda iməcilik olacaq. Kinostudiyada həmişə Novruz bayramını keçiririk.
   Sabir dayının ailəsiylə maraqlandıq...
   - Burada ailəm yoxdur. Arvadım rusdur. Sverdlovskidə olur. Orada bir oğlum, iki qızım var. 3-4 nəvəm də var. Əvvəllər tet-tez gedib dəyərdim. İndi nə onlar əlaqə saxlayır, nə də mən. Çətindir mənə. Evim var burada, tək yaşayıram.
   - Bəs bu əsgər papağını kim verib sizə?
   - Özümündü, əsgərlikdən gətirmişəm. Köhnəlsə də, karıma gəlir. Özü də bir zabitin papağıdı.
   - Bəs, Sabir dayı, bu yazını necə, oxuyacaqsınız?
   - Yazını bilmirəm, şəkillərimə baxaram. Ya da verərəm bacım qızına oxuyar, qulaq asaram.   

   İ.Hacılı