Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə «Salnamə» sənədli filmlər studiyasında istehsal olunan «Cabbar Qaryağdıoğlu» filmi ictimaiyyətə təqdim olundu. Tədbir Kinematoqrafçılar İttifaqının zalında baş tutdu. Filmin rejissorları Kəmalə Musazadə, İqbal Məmmədəliyev, ssenari müəllifləri Kəmalə Musazadə, Aydın Qurbanoğlu, operatoru Köçəri Məmmədov, montajçı Fərid Axundov, icraçı prodüseri isə Kamil Məmmədovdur. Təqdimat mərasimində kino işçiləri ilə yanaşı, muğam ustaları da iştirak edirdi. 42 dəqiqəlik film Cabbar Qaryağdıoğlunun həyat və yaradıcılığından bəhs edir. Filmdə məşhur xanəndənin qızı Sona xanım da çəkilib. Tədbirin sonunda Sona xanım, kino mütəxəssisləri və muğam ustaları film haqqında müsbət fikirlərini söylədilər.