Əliağa Ağayev dünyasını da gülərək dəyişdi
   
   Elə aktyorlarımız var ki, onlarsız Azərbaycan kinosunu təsəvvür etmək mümkün deyil. Bizim elə bir filmimiz var, onsuz Azərbaycan kinosu barədə danışmaq olmur: «O olmasın, bu olsun». İlk baxışda bu filmin bir assosiasiyası var: Milli psixologiyamızın ekvivalentlik düşüncəsinin yumoristik təzahürü. Məşhur operetta qəhrəmanı -Məşədi İbad - duzlu, məzəli kişi. Bəlkə də, müasir dəbli çoxları üçün əsl KİŞİ simvolu. Qulluqçu Sənəm kimi çoxlarının gizli arzularının dolu qəhrəmanı. Bənzərsiz Əliağa Ağayev. Onun «O olmasın, bu olsun» filmindəki (Məşədi İbad) obrazı barədə ağız dolusu danışmaq, dayanmadan fikir söyləmək mümkündür. Elə indi də evində oturub televiziyadan Əliağa Ağayevin çəkildiyi filmləri seyr edən tamaşaçı inanmıram ki, onun istedadının ideallığına heyran qalmasın. Aktyorun xüsusi səs tembrinə malik olması onu bir qədər başqa aktyorlardan fərqləndirir. Boğaz xırıltısı ilə danışmağı onun ifasını daha da maraqlı edirdi. Məsələn, «Əhməd haradadır?» filmindəki (xəzinədar) rolunda belə danışmağı «Oduva taksi min get. Get, get də..» onu dəhşətli dərəcədə sevimli, yaddaqalan edir.
   
   Əliağa Ağayev 1913-cü il martın 21-də Bakıda anadan olub. Atasını lap uşaqlıqdan itirib. 1930-cu ildə yeddiillik orta məktəbi bitirir və Paris kommunası adına gəmi təmiri zavodunun nəzdində açılmış sənət məktəbinə daxil olur. Məktəbi oxuyarkən boş vaxtlarını su nəqliyyatı işçilərinin dram dərnəyində keçirir. Əvvəlcə epizodik, sonra isə daha mürəkkəb rollar oynamağa başlayır. 1932-ci ildə sənət məktəbini bitirir və həmin zavodda çilingər işləməyə başlayır. 1934-cü ildə Leninqrad şəhərində su nəqliyyatı işçilərinin olimpiadası keçirilirdi. Azərbaycanlılar ora Xəzər dənizçilərinin taleyindən bəhs edən «Pirqulu ölmür» tamaşası ilə getmişdilər. Gənc Əliağa da bu aktyor truppasının içərisində idi. Sonradan Əliağa Ağayev yenicə açılmış Gənc Tamaşaçılar Teatrına gəlir. Bu teatrda çalışır, çoxlu obrazlar yaradır və Moskvada Ümumittifaq festivalında «Anacan» tamaşasındakı roluna görə laureat adını qazanır. Təkcə 1961-ci ilə qədər Gənc Tamaşaçılar Teatrında oynadığı rollar onun çalışqanlılığından, məharətindən xəbər verirdi. 1961-ci ildə artıq tanınmış aktyor indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət alır. Doğrudan da, o zaman bu teatrda işləmək çox çətin idi. Çünki qarşında Mustafa Mərdanov, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Möhsün Sənani, Hökumə Qurbanova kimi aktyorlar dayanırdı. Əliağa Ağayev buradakı yaxşı aktyor heyəti ilə ayaqlaşmalı, bacarığını nümayiş etdirməli idi. Demək olar ki, bu ağırlığı çox asanlıqla dəf etdi və hətta komikliyi ilə seçilməyə başladı. Bu onun daxili istedadından, bacarığından irəli gəlirdi. Dövlət Dram Teatrının səhnəsində «Toy» (Kərəmov), «Xoşbəxtlər» (Bərbərzadə), «Küləklər» (Nəsir bəy), «Kəndçi qız» (Alışov), «Yaxşı adam» (Nağı), «Közərən ocaqlar» (Qulaməli), «Füsunkar qız» (Pişta Orbek) rollarını oynayıb və seyrçilərini heyrətləndirib.
   Aktyorun kino sənətinə gəlməyində teatrın rolu danılmazdır. Teatr tamaşalarında bir qədər tanındıqdan sonra onu kinoya dəvət edirlər. «O olmasın, bu olsun» filmindəki Məşədi İbad rolu onu daha geniş auditoriyada tanıdır. Bu obrazı oynadıqdan sonra Əliağa Ağayevi hamı tanıyırdı. Filmdə yaratdığı Məşədi rolu o dövrkü azərbaycanlını xatırladır. Tamaşaçı bu filmi seyr edərkən onun oynadığı rolun içində bişir, obraza inanır, ekranda Məşədi İbadı görür. Aktyor Əliağa Ağayevi isə tamam unudur. Aktyorun məharəti də elə bundadır. Danışığında köhnə kişilərin ahəngini həməncə duymaq olar. Hasarın üstünə çıxıb Sərvəri Gülnazla bir yerdə görəndə «Ədə, sən ordə neynirsən?» və ya Məşədini təhqir edən bəyin ona əl uzatması «Mürtəd oğlı mürtəd, məni təhqir etdigün bes dögül, hələ mənə əl də uzadırsan» deməsində bir ideallıq işartıları duyulur. Əliağa Ağayev çox məharətlə bu rolun öhdəsindən gəlib. Görünür, bu obrazın üzərində çox işləyib, onun dilini tapıb, yerişini öyrənib və hərəkətlərini özünə kökləyib. Onun yerişində bir tənbəllik, yorğunluq duyulur. Elə bil ki, bu rol aktyorun canından süzülüb gəlir. O, cavan ikən yaşlı adamın danışıq üslubunu tuta bilmişdi. Məsələn, saqqalındakı ağ tükü çıxararkən « Uxx,… Şarlatan» deməsi aktyorun ən sadə detallarla koloritli Məşədi İbadına yeni cizgilər artırır.
   Bu qədimliyin koloritini duyub da aktyor «Sehrli xalat» filmində Xan rolunu oynayır. Məşədi İbad aktyorun ən urvatlı kino qəhrəmanı idi ki, sonrası harın müftəxor ampluasında yaratdığı kino obrazlarıdı (Xan, Şıxəli, Alverçi və “Mozalan”dakı bənzərsiz qəhrəmanları). Daha çox rəsmiyyətdən uzaq olan Əliağa Ağayev məhz belə rollar üçün yaranmışdı. Onun «Piyanar, ay piyanar» deməsində də gülüş doğurucu nəsə var. Yaxud xalatı geyib bunları deməsi «Ayrəvani - ayrəvani çandrikə, Çitrəvani - çitrəvani işvərə». Baxsan əslində burda mənalı bir şey yoxdur, amma deyilişini elə səsləndirir ki, adam gülməyə bilmir. İnandırır ki, o, həqiqətən çoxdan yaşamış Xandır. «Görüş» filmindəki Şıxəlini tənbəl, iş görməyən, bacarıqsız bir insan kimi göstərir. O, tamaşaçının bezəcəyi yeri duya bilirdi və ona görə də bu məqamlara bir gülüş əlavə edilməsini vacib sayırdı. Sonra «Bizim Cəbiş müəllim» filmində Alverçi obrazı məzəli rollarından biridir. Bazarda «oblava» düşərkən hinduşkanı qoyub qaçmağa cəhd göstərən alverçi zabitlə gülməli bir dialoqa girir. «Vətəndaş, hinduşka sizindir?» «Yox, sənin canunçün mənim dögül, mənim olseydi, gələrdi yanıma də...» Və ya sənədləri təqdim edərkən çıxardığı arayışlar: «Bu mənim azad olmaq haqqında arayış, öd kisəmdə daş, qripki, yəni göbəleg, bu da sidik kisəmdə daş var...» - qəhrəman müharibəyə tam hazırdır. Hələ mən milli məişət «folkloruna»əlavə etdiyi zəngin nümunələri demirəm («A rəhmeddiyin oğlu burda neyniyərlər») - hələ indiyə kimi də tez-tez tanıdığın adamlardan eşidə bilərsən. Obrazları primitiv danışıq tərzində elə məzəli edirdi ki, seyrçi onları yadında saxlamağa heç bir çətinlik çəkmədən xatırlayır. Onun yaddaqalan başqa rolları da var. Məsələn «Mehman»da anbardar, «Bir məhəllədə iki oğlan»da Feyzi obrazlarını oynayır.
   Əliağa Ağayevi heç bir aktyorla müqayisə etmək olmaz. Çünki bu sənətkarın özünün üslubu, rola yanaşma manerası və maraqlı danışıq tərzi var idi. Həmişə rolun ideal görünməsinə can atıb və adətən də, buna nail olub. Çünki obrazların axtarışında olub, onları kəşf etməyi sevib. Bacarığını bütünlüklə sadaladığım rolların üzərinə qoyub. Tamaşaçıya saxta obrazlar göstərməyib. Əgər gülməklə özü yaşayırdısa, seyrçiləri də bununla yaşatmaq istəyirdi. Məncə, onu anlayanlar üçün bunu edə bildi. 1983-cü il noyabrın 3-ü dostları ilə danışıb-gülərkən ƏLİAĞA AĞAYEV dünyasını dəyişdi.
   
   Aytək