Qahirə - Ərəb dünyasının Hollivudu
   
   Misir filmləri ilə tamaşaçılar Azərbaycanda Misir Mədəniyyəti Günləri çərçivəsində təşkil olunmuş kino həftəsində tanış oldular. Bildiyimiz kimi, Bakıda keçirilən V «Start» Beynəlxalq Tələbə Filmləri Festivalının (2008) baş mükafatını da Misir cizgi filmi almışdı. Bütün bunları nəzərə alıb 82 yaşlı Misir kinosunun tarixinə qısa da olsa səyahət etmək qərarına gəldik. Misir kinosunun əsas inkişaf mərhələsi hərbi dövrü əhatə edir. Bu ölkədə film istehsalı 1927-ci ildən başlayır. 1932-ci ildə səsli filmin yaranışı ilə Misir kinosunun birinci mərhələsi başa çatır.
   
   200-dən çox kinoteatrı olan ölkə
   
   İkinci Dünya müharibəsinin son illərində Misir il ərzində 110 film istehsal etməklə Hollivud və hind kinosundan sonra dünyada üçüncü yerdə dururdu. Ancaq həmin dövrdə Fransa, Böyük Britaniya, İtaliya, Yaponiya kimi iri dövlətlər müharibəyə görə film istehsalını bir qədər ixtisara salmışdılar.
   1939-cu ildə Misir Ərəb Respublikasında 130 kinoteatr fəaliyyət göstərirdi. Gəlirləri çox olmayan bu kinoteatrlar birtəhər özünü idarə edə bilirdi. Misir filmləri bu kinoteatrlarda nümayiş olunan filmlərin 70 faizini təşkil edir. Müharibədən qabaq Qahirədə, İsgəndəriyyədə və bir sıra iri şəhərlərdə böyüklü-kiçikli bütün kinoteatrlar amerikan və fransız istismarçılarının monopoliyasında idi. Amma müharibə vəziyyəti tamam dəyişdi. Əyalətlərdə bütün xarici monopoliya götürüldü, lakin Qahirədə hələ də on üç kinoteatrdan yalnız yeddisində Misir filmləri göstərilirdi. Müharibədən qabaq gəlirlər elə də böyük olmurdu və film cəmi bir həftə ekranlarda görünürdü. Müharibə sonrası kinoteatrlarda göstərilən filmlər iki-üç həftə ərzində nümayiş olunmağa başladı.
   Misirin ulduz aktyorlarından biri Asmaxanın çəkildiyi «Qaram əl-İntiqam» filmi təkcə Qahirədə düz on səkkiz həftə ekranlarda göründü. Yaxşı Misir filmi kinoteatrda dörd həftə ərzində ən azı 7-8 min funt qazana bilərdi. Bu yüksəlişin nəticəsində Qahirədə kinostudiyaların sayı artmağa başladı. 1924-cü ildən fəaliyyət göstərən Misir Bankının milyonçu üzvləri 1934-cü ildə «Misir» studiya-cəmiyyətini yaratdılar. 1945-ci ildə Misir kapitalistlərinin rəqabəti nəticəsində iri «Əl-Əxram» studiyası yaradıldı. Buna qədər isə prodüserlər Qahirədə artıq bir neçə xırda studiya açmışdılar.
   Müharibənin bütün gedişatında Misir kinosunun üzərində senzura hökm sürürdü. 20 illik inkişafdan sonra Misir kinosu Orta Şərqin, Şimali Afrikanın, Hindistanın, Efiopiyanın, Braziliyanın və hətta Amerika Birləşmiş Ştatlarının ekranlarında görünməyə başladı.
   Misir qitədə yeganə ölkə idi ki, müntəzəm işləyən və film istehsal edən studiyaları var idi. Hazırda yaxşı keyfiyyətli Misir filmi, demək olar ki, Hollivuddakı qədər və bəlkə də, ondan çox qonorar alır.
   Tanınmış müğənni Um-Gülsüm 1940-cı ildə çəkilmiş «Fatimə», Leyla Murad isə 1941-ci ildə çəkilmiş «Kameliya ilə qadın» və «Unudulmuş keçmiş» filmlərində məşhur oldular. Kinoulduzlardan Əbdül Vahab isə həm müğənni, həm də bəstəkar idi. Onun «Ürəkdə güllə» filmi böyük rekord qazandı. «Xəzinə» filmində isə Livanlı Nurel Xuda və rejissor Yusif bəy Vahbi parladılar. Onun 1945-ci ildə çəkdiyi «Cəlladın cəzası» filmi bir il sonra Kannda göstərildi. Bu, gecə klubları, narkotika alveri, qətl və polislərlə dolu qaranlıq bir melodram idi. Bunun ardınca belə bir filmlər silsiləsi gəldi ki, onlar Hollivud sxemlərini bir neçə musiqi, rəqs və yerli kolorit əlavə etməklə təkrarlayırdılar. Kinoulduzlar çoxlu pul tələb edir, rejissorla kobud davranırdılar. Bu, Hollivudun 1915-20-ci illərini xatırladırdı.
   
   Misir kinosunda konformizm daha çox iqtisadçıların müdaxiləsinə görə inkişaf etdi
   
   Fəaliyyətinin ilk illərində Qahirə studiyaları isə əcnəbi rejissor və texniki işçiləri cəlb edirdi. Bununla əlaqədar kinoulduzlar həvəslə Avropa adlarını götürürdülər. Amma 1940-ci ildə bütün ulduzlar ərəb adlarını gəzdirirdilər. Həmin illərdə daha çox populyarlıq qazanmış Məhəmməd Kərim kinematoqraf təhsilini Berlində almışdı və səssiz kino dövründə «Zeynəb» filmini çəkmişdi. Bu film məşhur ərəb yazıçısı Hüseyn Haykalın əsərinin ekran variantı idi.
   Misir kinosunda Kamal Səlimin də əhəmiyyətli yeri var. Onun mahnı və rəqslərlə müşayiət olunan «İxtiyar» filmi Misir həyatını təsvir edirdi. Daha sonra dünya incəsənətinin şedevrlərini - V.Hüqonun «Səfillər», Şekspirin «Romeo və Cülyetta» əsərlərini ekranlaşdırdı. Buna baxmayaraq, Kamal Səlim sosial motivli süjetlərə marağını itirmədi. «Günün prosesi» filmində o, evi və peşəsi arasında seçim etməkdə qalmış qadının problemini qoymuşdu. Rejissor hesab edirdi ki, qadın eyni zamanda evdar və vəkil ola bilməz. Kamal Səlimin yaradıcılığındakı realizm tendensiyası digər kinematoqrafçılara da təsir etdi.
   Niyazi Mustafanın kommersiya şablonlarından kənara çıxmaq istəyi kinoda avanqarda meyilliliklə nəticələndi. O, ilk kinooperettanı çəkdi. Bu filmin məqsədi qızları ailə həyatına hazırlamaq idi. Xalq təhsili nazirliyi filmi bəyəndi və indi də bu film məktəblərdə göstərilir.
   1945-46-cı illərdə 338 Misir filmi Hindistan, İndoneziya, Tunis, Əlcəzair, Mərakeş kimi ölkələrə eksport olundu. Qahirə demək olar ki, bütün Orta Şərqdə Hollivudu ikinci plana keçirdi və kino məhsulunun 45 faizini təşkil edirdi. Ərəb filmləri 60 faiz tamaşaçını cəlb edə bilmişdi. Bu o vaxtlar idi ki, bütün dünyada kinoteatrlarda Amerika filmləri göstərilirdi. «Raxba» filmi təkcə Cənubi Afrikada 3 milyon funtdan artıq vəsait yığmışdı.
   
   Aytək