Rövşən İsax: «Aktrisa»ya çəkiləcək aktyoru Moskvaya qədər axtarmışıq»
  
   Mədəniyyət və Turizm Nazirliyi prodüser mərkəzlərinin təqdim etdiyi layihələri maliyyələşdirməkdə davam edir. 2009-cu ildə «Pozitiv media» şirkətində istehsalata buraxılmış «Aktrisa» filminin rejissoru Rövşən İsaxdır. Gənc rejissor tammetrajlı film çəkməyin məsuliyyətini indidən anladığını dilə gətirdi. Maraqlıdır ki, filmin istehsalına qonşu ölkələrdən də mütəxəssislərin dəvət olunacağı gözlənilir. Hər halda inanırıq ki, dövlət sifarişi ilə çəkiləcək «Aktrisa» filmi rejissorun, dediyi kimi, beynəlxalq festivalarda kinomuzu layiqincə təmsil edəcək.
  
   - Rövşən müəllim, gəlin əvvəldən başlayaq. Özünüzü oxucularımıza və kino ictimaiyyətinə necə təqdim edərdiniz?
  
- 1970-ci ildə Gəncədə anadan olmuşam. 1988-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə daxil olmuşam. 1992-ci ildə universiteti bitirəndən sonra bir il Gənclər Teatrında işlədim. Teatrda 8 rol oynadım. 1992-93-cü illər teatrların ağır vaxtları idi.
   - Həmin illərdə teatrda yalnız fədakarlar qalırdı...
  
- Elə də demək olar. Amma indi həmin dövrün teatrını analiz etmək istəmirəm. Onu bilirəm ki, mən qala bilmədim. Çünki hər dəqiqə beynimdən keçirirdim ki, ömür gedir və mən burda papağımı günə yandırıram. Həftədə 1-2 dəfə yarım saat məşq olurdu, o da bir lampanın ümidinə. Maaş az, zal boş. Adam nə qədər uşaq pyesi oynayar? Heç kimi də qınamaq mümkün deyildi. Qərara gəldim ki, teatrdan uzaqlaşım. Çıxıb birdəfəlik Gəncəyə gedirdim, bu vaxt Şakir Eminbəyli məni ANS-ə dəvət etdi. 1995- ci ildə ordan ayrılanda Bəxtiyar Xanızadə Pantomima Teatrı yaratmağı təklif etdi. Yaratdıq və bir il də orda çalışdım. Sonra Şakirlə Dövlət Televiziyasında “Virtouz” verilişini hazırladıq. 2001 -ci ilə qədər isə Samanyolu televiziyasında icraçı direktor vəzifəsində işlədim.
   - Belə başa düşdüm ki, bir yerdə qərar tuta bilmirsiniz...
  
- Staj etibarilə ən çox işlədiyim yer «Pozitiv media»dır. Buranı 2003-cü ildə yaratdıq və elə o vaxtdan burda çalışıram.
   - «Pozitiv media»nı hansı məqsədlə yaratdınız? Kino istehsalı ilə məşğul olmaq üçün, yoxsa...
  
- Biz bu şirkəti kino çəkmək iddiası ilə deyil, televiziya kanalları ilə əməkdaşlıq və birgə layihələrə imza atmaq üçün yaratdıq. Və uğurlu da iş birliyi alındı.
   - Səhv etmirəmsə, iki filmdə çəkilmisiniz və sonra da aktyorluğa son vermisiniz. Sizin rejissor olmaq iddianız nədən qaynaqlandı?
  
- Aktyor kimi işləyəndə bir dəfə fikirləşdim ki, aktyor olmaq hələ istədiyin rolu oynamaq deyil. Aktyor rejissordan asılıdır. Rejissorun yadına düşdünsə o, sənə rol verəcək. Əks təqdirdə sənin işin çətindi. Ömür-gün də gedir.
   - “Aktrisa”ya qədər çəkdiyiniz film olubmu?
  
- 1996-cı ildə Çexovun “Məmurun ölümü” hekayəsinin motivləri əsasında 48 dəqiqəlik “Kiçik leytenant” filmini çəkmişəm.
   - Bu filmə qədər «Pozitiv media»da film çəkməyi düşünməmisiniz ki?
  
- Film çəkmək olardı. Müxtəlif vaxtlarda əlimə düşən imkandan yararlanaraq qısametrajlı filmlər çəkə bilərdim. Amma çəkdiklərimi lazımi səviyyədə ortaya çıxaracaq imkanı yox idi. “Aktrisa”nı ilk dəfə 2004-cü ildə oxumuşdum. Həmin vaxtdan əsərin üzərində qeydlərimi edirdim. Üç dəfə müəyyən güzəştlər hesabına onu çəkmək imkanım oldu. Amma çəkmədim. İş elə gətirdi ki, bu əsəri Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdim. Çox şükürlər ki, onların xoşuna gəldi.
   - Sizcə, nazirliyin etimadını hansısa ssenarini təklif etməklə qazanmaq olar?
  
- Onlar “Kiçik leytenantı”, «Mozalan» üçün çəkdiyim filmi, ondan başqa çoxlu sayda reklam roliklərimi görüblər. Nazirliyin bu işə icazə verməsi bir il çəkdi. Dəfələrlə nazirliyə çağırılmışam, söhbət eləmişik.
   İlk dəfə 1998-99 cu illərdə nazirliyə bir ssenari vermişdim. Yusif Vəzir Çəmənzəminlinin əsəri əsasında yazılan ssenari idi. Və mən başa düşdüm ki, bu ssenarinin taleyini bilmək üçün 2 il ora gedib -gəlməliyəm. Vaxt isə gözləmir. Mənə o vaxt cavab verəcəkdilər ki, artıq filmi çəkmək lazım gəlməyəcəkdi. Ssenarilərin qiymətləndirilməsi komissiyasında kimlərin əyləşdiklərini dəqiq bilmirəm, amma hamıya təşəkkür edirəm ki, bu işi soyumağa qoymadılar. İndi hər gün səbirsizliklə gözləyirəm ki, filmin işlərinə başlayım. Bu film çox yaxşı alınacagına əminəm.
   - Ssenarinin hazırlanmasında İlqar Fəhmi iştirak edibmi?
  
- Nazirliyə təqdim eləmək məqamı gələndə İlqar Fəhmiyə müraciət etdim. Onunla tanış olduq, sözümüz tutdu. Mənə ilk sözü bu oldu: povestin birinci və ikinci hissəsi bir-birindən fərqli atmosfer yaradır. Bunu çəkmək üçün çoxları müraciət etsə də, heç kimin cavabı məni qane etməyib. Əgər sən dediyin kimi edəcəksənsə bütün ixtiyarlar səndədir, get çək. Ssenaridə fundamental dəyişikliklər etdim və etdiklərimi də İlqar Fəhmi ilə məsləhətləşdim. Təsəvvür edin ki, ssenari 19 dəfə dəyişib. Əsas fikir olduğu kimi qalıb, sadəcə, ona zərgər naxışı vurmaq lazım idi. Ssenarinin son variantını İlqar Fəhmi, Vüqar Əmirov və mən birgə işlədik. Aktrisa axtarmaq üçün Moskvaya qədər getmişik. Rusiyanın tanınan peşəkar aktrisaları ssenariyə heyran olduqlarını etiraf etdilər. Və başa düşdüm ki, ssenari üzərində bu qədər əziyyətimiz heçə getməyib.
   - Aktrisa obrazı çox xarakterik obrazdır hər bir aktrisaya özünü göstərmək üçün hər cürə imkan verir. Maraqlıdır, aktrisanın axtarışları necə gedir?
 
  - Aktrisa roluna 20-dən çox adam yoxlanılıb. Bunlar sadəcə yoxlamaq olmayıb. Bu işə vaxt və enerji sərf etmişik. İki nəfər namizəd də var, biri Azərbaycandan, o biri isə Rusiyadan. Amma hələ də axtarıram ki, bəlkə, onlardan da yaxşısını tapdım. İki namizədin adını açıqlamayacam. Heç yoxlanılan aktrisalar da opponentlərinin kim olduğunu bilmirlər. Bilirsiniz niyə? Axı rejissor aktyorun ruhu ilə oynayır. Sən onu aldatmasan, inandırmasan və o ruhən dəyişib sən istədiyin adam olmasa, kamil heç nə yarada bilməzsən. Mən aktrisanın ruhu ilə oynayıram, ona necə opponentini göstərə bilərəm. Çox istəyirəm ki, bu obraza azərbaycanlı çəkilsin. Əgər qeyri-azərbaycanlı çəkilsə inanın ki, mənim günahım deyil.
   - O zaman aktrisaların günahıdır...
 
  - Aktrisaların da günahı deyil. Bu, daha çox yaşadığımız həyat və mühit şərtlərindən irəli gəlir. Bəzi aktrisalar filmdə nisbi açıq səhnələrə görə heç bir problem olmadığını bildirir, bunu normal qəbul edirlər. Razılaşanlar öhdəsindən gələ bilmədilər, öhdəsindən gələ bilənlər isə razılaşmadılar. Amma orda çirkin, iyrənc və zövqsüz heç nə yox idi...
   Sizə yalnız onu deyə bilərəm ki, aktrisanın əri obrazına Fuad Poladov çəkiləcək. Bu artıq qətiləşib. Yazıçı obrazında isə mütləq azərbaycanlı olacaq.
   - Çəkilişlərə nə vaxt başlayacaqsınız?
 
  - Film martın 2-dən istehsalata buraxıldı. Hazırda rejissor ssenarisi üzərində iş gedir. Maydan filmin hazırlıqlarına başlanılacaq. Avqust, sentyabr aylarında çəkilişlər gedəcək, 2010-cu ilin mart ayına qədər filmi tamamlamaq istəyirik.
   - Texniki heyət bəllidirmi?
 
  - Filmin prodüseri Əbdülnasir Kutiyev, ikinci rejissor Akif Rüstəmov, operatoru Rövşən Quliyevdir.
   - “Aktrisa” ilk böyük işinizdir. Sizə çətin gəlmirmi?
 
  - İnanın lap 81-ci böyük işim olsa belə, yenə mənə çətin gələcək. Kino çətin bir işdir, çox əziyyətlər hesabına başa gəlir. Məncə, kinonun ən çətin janrı psixoloji-detektivdir. Burada rejissorun işi sirkdə nazik kəndirin üzərində gedən kəndirbazın işinə bənzəyir. Sağa-sola yol yoxdur və yalnız düz getməlisən ki, məqsədinə çatasan. İstəyirəm film canlı olsun, nəfəs alsın. Baxan insan inansın ona.
   - Filmin sonrakı taleyi «Pozitiv Media»nı nə dərəcədə narahat edir?
 
  - Mən istəyirəm ki, bu film haqda hamının məlumatı olsun. Yəni filmin piar-kompaniyası aparılmalıdır. Saytı olmalıdır. Film ən azı iki dildə olmalıdır. Bu barədə nazirliklə də danışmışam. Onlar bildirdilər ki, nazirliyin tərkibində yaradılacaq qurum filmin birbaşa bu məsələləri ilə məşğul olacaq. «Pozitiv media» olaraq biz də filmi əlimiz çatan bütün festivalara göndərəcəyik. Dinindən və dilindən asılı olmayaraq bu film hamı üçün maraqlı olacaq. Çünki burda insan var.
   
   Hazırladı: Aylin F.