Faciələrimizi dünyaya çatdırmaq üçün kino ən güclü vasitə ola bilər
  
   Martın 31-i Azərbaycanlıların Soyqırımı Günüdür. Amma bunu yalnız Azərbaycanda və azərbaycanlılar xatırlayacaqlar. Həmişə belə günlərdə olduğu kimi telekanallarda eyni kadrlar göstəriləcək, Milli Məclisdə millətimizin vəkilləri həmişəki nitqlərini söyləyəcəklər. Amma bütün dünyada 31 marta qədər, həmin gün və ondan sonrakı günlər hətta, aylar da bizim adımızı, faciəmizi ağızlarına almayacaqlar. Əksinə, yenə də erməni genosidini tanımaq üçün cəhdlər edəcəklər. Bu bəs deyilmiş kimi, hələ bir bizlərə də təzyiq göstərəcəklər. Axı «cidanı çuvalda gizlətmək olmaz!», «haqqın səsini boğmaq olmaz!» deyə danışırıq. Bəs niyə biz öz doğrumuzu, həqiqətimizi, haqq bildiyimizi dünya-aləmə duyura bilmirik? Deməyə sözümüzmü yoxdur? Səsimizmi çatmır? Deyilənə görə, çılpaq faktlar olan yerdə bütün sözlər, hisslər əhəmiyyətini itirir. Bəlkə, bizim dünyaya göstərmək üçün faktlarımız yetərli deyil? Yəni doğrudanmı, o böyüklükdə faciədən, qırğından, tökülən qanlardan heç bir iz, sənəd, yaddaş qalmayıb?
  
   Sualımıza cavab tapmaq məqsədilə kiçik bir araşdırma apardıq. Dövlət Film Fonduna, Dövlət Kino Foto Sənədləri Arxivinə və tarixi araşdırmalarla məşğul olan şəxslərə müraciət etdik. Müsahiblərimizə mövzu ilə bilavistə bağlı olan bir sual da ünvanladıq: «Öz faciəmizi dünyaya eşitdirmək və qəbul etdirmək üçün nə etməliyik? Kino bu işdə hansı rol oynayır?»
   Dövlət Kino Foto Sənədləri Arxivindən bizə bildirdilər ki, orda 1918-ci ilin martında Azərbaycanın bütün ərazisində ermənilərin törətdiyi qırğınları, tamamilə dağıdılmış «İsmailiyyə», «Açıq söz», «Kaspi» qəzetlərinin binalarının şəkilləri var. Oradakı materiallar bununla tamamlanır.
   Dövlət Film Fondunda isə heç bir sənəd, material yoxdur. Çünki bu müəssisədə yalnız bədii filmlər saxlanılır. Toxunduğumuz mövzu sovet dönəmində kinoda qadağan olunmuşdu. Amma fondun direktoru, kinorejissor Cəmil Quliyevin fikrincə, bu mövzuda çəkilmiş filmlərlə dünyanı maraqlandırmaq olar: «Hər şey özümüzdən asılıdır. Əgər keyfiyyətli film çəksək, baxılar. Vaxtilə rejissor Elem Klimov çəkdiyi, Belarusun Xatın kəndində alman faşistlərinin törətdikləri dəhşətdən bəhs edən «Get və bax!» filminə hələ də heç kim sakit baxa bilmir. Həmin filmin qəhrəmanı - 14 yaşlı oğlan uşağı isə çəkilişlərdən sonra dəli olmuşdu».
   Növbəti müsahibimiz «Salnamə» sənədli filmlər studiyasının direktoru Tofiq Məmmədov oldu. Tarixi xronikalar, faktlar haqqında salnaməçindən yaxşı kim bilər?! Zənnimizdə yanılmamışdıq. Tofiq müəllim 18-ci ilin mart hadisələri haqqında arxiv mütəxəssisindən daha məlumatlıdır. Onun dedikləri: «Çox təəssüf ki, 1918-ci il 31 martda baş vermiş soyqırımdan Dövlət Arxivində saxlanılan bir neçə fotoşəkildən başqa heç nə qalmayıb. Halbuki həmin dövrdə təkcə Bakıda deyil, Qubada da dəhşətli qırğın törədilmişdi. Ümumiyyətlə, Türkiyə ərazisindən geri çəkilən rus qoşununa qoşulmuş erməni silahlı dəstələri bir neçə istiqamətdən Hamazapsın, Andronikin başçılığı altında Azərbaycana soxulmuşdular.
   Əslində 31 martdan sonra Cümhuriyyətin yaratdığı qırğın komissiyasına ifadə verən insanların dedikləri protokollaşdırılmış, həmin hadisələr lentə alınmış, fotoşəkillər çəkilmişdi. Şahidlərdən birinin dediklərinə görə, bir fotoqraf qana boyanmış azərbaycanlının evində şəkil çəkərkən gördüyü dəhşətdən bayılıbmış. Belə isə o sənədlər hardadır? Niyə arxivdə cəmi 1-2 fotoşəkil qalıb? Sovet hökuməti qurulandan, bolşeviklər hakimiyyətə gələndən sonra yuxarı vəzifələrdə oturmuş ermənilər həmin sənədləri bir-bir yox ediblər».
   Tofiq müəllim deyir ki, bu gün əsaslı, köklü tədqiqat aparsaq, elə ermənilərin öz faktlarından özlərinə qarşı istifadə edə bilərik: «Həmin dövrdə dərc olunmuş qəzet və jurnal materiallarında kifayət qədər fakt tapmaq mümkündür. Mən Moskvada olmuşam. Orda arxivdə 1914-cü ildə Nargin adasında əsir saxlanılan 40 000 türk hərbçisi ilə bağlı xronikalar, I Dünya müharibəsində rus qoşunlar tərəfindən Trabzonun, Ərzurum qalasının, Ərzincanın işğal edilməsi, yandırılması əks olunmuş lentlər gətirmişəm. Bu lentlərin heç birində əzilən, işgəncə görən erməni yoxdur. Şəhərləri tərk edən, evləri yandırılan türklər var. Bu sənəd, fakt deyil, nədir? Sankt- Peterburqda ermənipərəst alim Svetlana Lauranın ermənilərdən bəhs edən «İmperiyanın cocuğu» kitabı işıq üzü görüb. Kitabın təkcə adı fakt deyil, nədir? Biz «Qarabağ düyünü» filmini çəkəndə rejissor Arno Beknazarovun «Nairi» filmindən istifadə etmişik. Həmin filmdə böyük Ermənistan xülyası ilə yaşayan erməni burjuaziyası onların öz gözü ilə göstərilir. Rejissor parlament iclasından tarixi kadrları, sadə ermənilərin görüntüləri ilə paralel montaj edib. Bu fakt deyil, nədir?»
  
   İntiqam