Məhəmməd Bürcəliyev - 95

   Azərbaycan teatr və kino sənətinin inkişafı həyatlarını bu sənətə həsr etmiş insanların fədakarlığı ilə daha çox bağlıdır. Belə sənətkarlardan biri də Azərbaycan teatr və kino sənətində müstəsna xidmətləri olmuş xalq artisti Məhəmməd Bürcəliyevdir.
   
   Məhəmməd Bürcəliyevin teatr sənətinə gəlişi təsadüfi olmamışdır. Onun müqtədir sənətkar kimi yetişməsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Mikayıl Müşfiq, Süleyman Rüstəm, Sabit Rəhmanın böyük təsiri vardır.
   Məhəmməd Bürcəliyev 1914-cü il aprel ayının 25-də Şəki şəhərində fəhlə ailəsində anadan olub. Şəkidəki beşillik məktəbi bitirdikdən sonra Bakıda Karl Lipknixt adına fabrik-zavod məktəbinə daxil olur. Bu məktəb neft mədənləri üçün fəhlələr hazırlayırdı. Həmin məktəbdə Mikayıl Müşfiqdən ədəbiyyat dərsi alan Məhəmməd Bürcəliyev yazdığı şerilərdən bir neçəsini müəlliminə oxuyur. Onun şeirlərini diqqətlə dinləyən Mikayıl Müşfiq ertəsi günü həvəskar şairi “Gənc işçi” qəzetinin redaksiyasına aparıb onu Süleyman Rüstəmlə tanış edərək, ədəbiyyat dərnəyinə yazdırır. Ədəbi janrın sirlərini öyrənən gəncin yaradıcılıq eşqi elə buradan qaynaqlanır.
   Məhəmməd Bürcəliyev 1932-ci ildə Karl Lipknixt adına fabrik-zavod məktəbini bitirdikdən sonra Fəhlə Pedaqoji Texnikumunda oxuyur və burada da Sabit Rəhmanla yaxından tanış olur. Məktəbi bitirməkləri münasibəti ilə hazırlanan konsert proqramında Məhəmməd Bürcəliyev də tamaşalardan parçalar ifa edir, göstərilən kiçik səhnəciklərdə müəyyən obrazlar yaradır.
   1967-1968-cı illərdə Məhəmməd Bürcəliyev bu sənətin dərinliklərinə varmaq üçün Krupskaya adına Moskva Dövlət İncəsənət Universitetinin Aktyorluq və rejissorluq fakültəsinə qəbul olur. 1950-1955-ci illərdə Gəncə Dövlət Dram Teatrının bədii rəhbər və direktoru olmuşdur. 1948-ci ildə M. Bürcəliyev “Yadigar” adlı dram əsərini də qələmə alıb. Həmin ildə də “Yadigar” pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Bu teatrının səhnəsində M.Bürcəliyev 11 pyesə quruluş vermişdir. Məhəmməd Bürcəliyev 1955-ci ildə respublikanın əməkdar artisti, 1958-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür.
   Məhəmməd Bürcəliyevin Gəncə Dövlət Dram Teatrına rəhbərlik etdiyi müddətdə teatrın repertuarında komik tamaşalar daha çox üstünlük təşkil edirdi. Bununla belə mən özüm onun ifasında izlədiyim tamaşaların heç birində ifrat mizanlara və yersiz, şablon təqdimata rast gəlmədim. Onu improvizator aktyor adlandıra bilərik. Ona görə ki, Bürcəliyevin obrazlar qalereyasında mənfi-müsbət obrazlar paralellik təşkil edir. O, heç bir vaxt rollarına adi tipaj və yaxud personaj kimi yanaşmayıb.
   Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında ekranlaşdırılmış “O dünyadan salam” (rejissor və ssenari müəllifi: T. Tağızadə) filmindəki Hacı Baxşəli obrazını götürək. Aktyor öz monoloqlarında bu obraz vasitəsilə mövhumatçılığın çirkin nüanslarını elə məharətlə xarakterizə edir ki, biz tamaşaçılar həmin dövrün çox asanlıqla müasirinə çevrilir, avamlığın törədə biləcəyi təhlükəli məqamları dərindən dərk edirik. Obraz öz-özlüyündə sanki, “baxın, mənə yaxşı baxın, bizə heç cürə oxşamayın!” - deyərək hayqırırdı.
   O, heç vaxt istər teatr, istərsə də kino yaradıcılığında rol seçimi etməzdi. İstədiyi yalnız canlandıracağı prototipləri yaddaqalan personaj səviyyəsində təqdim etmək idi. Buna nail olduğundan o, yaddaşlarda yaşayır. Elə “Dəli kür” filmindəki Allahyar obrazı kimi. Hamımızın nəzərində Allahyar filmin qəhrəmanına zidd gedən bir tipajdır. Əslində isə o, arvadı zorla qaçırılmış bir azərbaycanlı kişisidir. Obrazın özlüyündəki, haqlılığını personaj sözsüz kadrlarda belə, at çapıb, tüfəng oynatmaqla da çox gözəl əks etdirir. Sovet dövründə müəyyən qadağalar əsasında çəkilmiş filmdə gedən təkrar montaj proseslərinin cəmində Allahyar obrazı ilk baxışda tamaşaçıda quldurbaşı təəssüratı yaratsa da, nəticədə namus davası aparan bir personajdır.
   Yazıçı Anarın ssenarisi əsasında ekranlaşdırılan “Qəm pəncərəsi” filmində Məhəmməd Bürcəliyevə həvalə olunan Rəşid bəy obrazı isə aktyorun xarici görünüşü, xarakterik siması, qürurlu davranışı mənasında əsl tapıntı idi. Aktyor bu rolun personaja xas olan xarakterik keyfiyyətlərini qabarıq şəkildə, çox böyük istedadla ifa etməklə əsl Azərbaycan ziyalısının heykəlini yaradıb desəm yanılmaram.
    Məhəmməd Bürcəliyev kino fəaliyyəti ilə bərabər, ömrünün sonuna qədər sadiq qaldığı teatr sənətində də çöyük bir obrazlar qalereyası yaratdı. Aktyorun ifasında dramatizm daha güclü alınsa da o daim komik janra üstünlük verərdi.
   Ən başlıcası isə həyatda baş verən hər hansı kiçik, adi bir hadisəni aliləşdirir, vaqe olduğu mühitində həyatı gözəlləşdirməyə çalışardı. Belə sənətkarların sayəsində səhnə və kino sənətinin dərin sirləri orijinal vasitələrlə, fərdi yaradıcılıq yolları ilə cəmiyyətin mənəvi dünyasında mühüm rol oynayır. Teatr və kinoya bağlılıq da elə burdan başlayır. Ədəbi materialları canlandıran hər bir obrazın özünü təsdiqləməsi insanların keçmişə qayıdışı, bu gününü düşünməsi, gələcəyini şüurlu şəkildə qurması deməkdir. Bu mənada biz onların yaradıcılığına biganə qala bilmirik. Bu gün də belə ifaları izlədikcə aktyorluq sənətinin ölməzliyini sübut edən meyarlar onların ifasında özünü təsdiqləyir.
   
   Şəhla BürcƏliyeva,
   kinoşünas







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar