Uşaq ədəbiyyatı üzrə dərsliklər müəllifi kimi tanınan Füzuli Əsgərlinin “Bədii tərcümə prinsipləri” adlı yeni kitabı işıq üzü görüb. Kitab ADPU-nun nəşriyyatında işıq üzü görüb. Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Zahid Xəlildir. Kitab beş fəsildən ibarətdir. I fəsil “Qarşılıqlı ədəbi əlaqələr və tərcümə tarixindən” adlanır. Bu fəsildə Azərbaycanın görkəmli tərcüməçilərindən, onların tərcümə özəlliklərindən, dünya ədəbiyyatının dilimizə tərcümə olunması haqqında çox dəyərli məlumatlar verilir. “Obrazların mənəvi-psixoloji aləminin təcəssümü” adlanan ikinci fəsildə isə obrazlar, onların dili və tərcümə prosesi haqqinda danışılır. III fəsil isə “Bədii tərcümənin üslub orijinallığı” adlanır. Bu bölmədə xususi üslubu olan yazıçıların tərcümə zamanı üslublarının saxlanılması haqqında söhbət açılır. IV fəsil “Bədii tərcümədə milli xüsusiyyərlərin saxlanılması”dır. Bu fəsil informasiya zənginliyinə görə fərqlənir. Sonuncu fəsil “Atalar sözü, məsəllər və idiomlardan istifadə üsulları” adlanır. İstifadə olunmuş ədəbiyyatdan da məlum olur ki, müəllif kitabın üzərində uzun illər işləyib. Sonda onu da qeyd edək ki, sözügedən kitab tərcümə fakültəsində təhsil alan tələbələr üçün dəyərli dərs vəsaiti sayıla bilər.  

 “Mədəniyyət”