Mehriban Ələkbərzadə: «Məni həmişə Qarabağla bağlı mövzular cəlb edib»
   
   Mədəniyyət və Turizm Nazirliyinin 2009-cu ildə təsdiq etdiyi layihələrdən biri “Bəşəriyyətin xilaskarı” adlanır. Görəsən, bu film bəşəriyyətdən- dünya kino bazarından əvvəl bizim yerli bazarımızda necə qarşılanacaq? Bu və digər suallara cavabı da filmin rejissorundan almağa çalışdıq. 
   

   - Mehriban xanım, söhbətimiz istehsalına başlayacağınız “Bəşəriyyətin xilaskarı” adlı filmlə bağlı olacaq. Bu ssenarini siz Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişdiniz?
   - Mən ilk debütüm olan “Güzgü” qısametrajlı filmindən sonra uzun müddət film çəkmədim. Demək olar ki, üzərindən on il keçəndən sonra “Məhkumlar”ı çəkdim. Amma onu da deyim ki, qısametrajlı filmdən sonra “Təhminə” filmində ikinci rejissor olmağa razılaşmadım. Hərçənd ki, Rasim Ocaqovdan öyrənməli çox şey var idi. Məni həmişə Qarabağla bağlı mövzular cəlb edib və məni kinostudiyaya və kinoya qaytaran həvəs də bu olub. Amma ilk dəfə Qarabağla bağlı ssenari mənə təklif olunanda baxdım ki, onu çəkməkdənsə, çəkməmək daha yaxşıdır. İkinci təklif isə “Məhkumların cənnəti” adlı ssenari oldu və mövzu maraqlı gəldiyi üçün bu filmi çəkdim. Film birinci kateqoriyaya layiq görüldü. Belə bir qayda var ki, birinci dərəcəni alan filmin rejissoru iki ildən sonra yeni film çəkmək şansı qazanır. Keçən il nazirliyə “Sonuc” adlı ssenarimi vermişdim. Bu ssenari bir az siyasi aspektdə olduğuna görə, sual altında qaldı. Daha sonra Qarabağ mövzusu ortalığa çıxdı. Mənim də əlimin altında tam hazır olan Kərkicahan mövzusu var idi. Tam hazır ona görə deyirəm ki, bu mövzuyla bağlı Milli Təhlükəsizlik Nazirliyindən çoxlu informasiya və dəlil-sübutlar əldə etmişdim. Onların əsasında “Çat vermiş torpaq” adlı ssenari yazdım. Faktlar olduğu kimi qalmışdı, bədiiləşdirilmişdi. Həmin qəhrəmanların dördü sağdı, onların adları olduğu kimi saxlanılmışdı. Sonda da sənədli hesabat xarakterli onların kimliyi göstəriləcəkdi. Görünür, mövzu inandırıcı gəlməyib ki, mənə başqa ssenariyə film çəkməyi tapşırdılar. İki ssenari təklif edildi və mən “Bəşəriyyətin xilaskarı” üzərində durdum.
   - Bu əsərdə sizi cəlb edən nə oldu?
   - Ssenaridə uzun illər axtarılan və yalnız SSRİ dağılandan sonra fərdi məşğulluğun nəticəsində insanları zombiləşdirəcək elmi-tədqiqat məhlulunun törətdiyi fəsadlardan söhbət açılır.
   Belə deyək, detektiv janrdadır. Amma mən yenə də araşdırma aparmaq istəyirəm. Çünki bir var bu məhlul dar çərçivədə kiçik məqsədlər üçün istifadə olunsun, bir də var daha geniş aspektdən yanaşılsın. Düşünürəm ki, bu problemi qlobal səviyyəyə qaldırmaq olar. Ölkənin Daxili İşlər Nazirliyini, Narkotiklərə Qarşı Mübarizə İdarəsini, Milli Təhlükəsizlik Nazirliyini də bu işə cəlb etmək olar. Çünki bu məhlulun sabah törədəcəyi fəsadlar bunu tələb edir. Ssenarini qəbul edəndən sonra çox parodoksal hadisə baş verdi. Fevral ayının 16-da hollandiyalı həkimlər dünənə qədər fantastika sayılan, yaddaşı silə biləcək dərman kəşf ediblər. Və bunun məntiqi nəticəsi kimi insanlar zombiləşəcək.
   - İlk filminizdə Çingiz Abdullayevlə sıx müəllif-rejissor tandemi yaranmışdı. Və sizin ssenariyə də müdaxilələriniz olmuşdu. Bu dəfə vəziyyət necədir?
   - Düzünü desəm, hələ müəlliflə tanışlığımız olmayıb. Amma mütləq ki, ssenari bir az başqa cür yazılacaq. Və bu məsuliyyətli işin öhdəsindən təkbaşına gəlmək olmaz. Mən Milli Təhlükəsizlik Nazirliyi ilə əlaqə saxlamışam və hazırda məndə Azərbaycanda fəaliyyət göstərən sektalarla bağlı çoxlu sayda sənədlər var. Düzdür, ölkəmizdə beynəlxalq terror səviyyəsində sektalar yoxdur, amma bu və digər tədqiqatlar adı altında gecələr fəallaşan İngiltərə və Amerika, o cümlədən dünyanın 94 ölkəsində fəaliyyət göstərən sektaların gizli nümayəndələri var. Filmdə hansı sektaların fəaliyyətinin göstərilməsi mümkün olacaqsa onu da göstərəcəyik.
   - Belə başa düşdüm ki, hələ ədəbi ssenarinin yazılışı başa çatmayıb?
   - Bəli, ədəbi ssenarinin işlənilməsi prosesi yekunlaşmaqdadır. Məndən öncə ssenarinin başqa versiyası işlənilmişdi. Onu qəbul etmədim. Təklif etdiyim variantla iş davam edir. Plan kimi yaxşıdır. Amma yenə deyirəm, bu film bir insanın beyninin məhsulu ola bilməz mütləq halda dövlətin hüquq- mühafizə strukturları ilə razılaşdırmalıyıq. Daha sonra rejissor ssenarisi hazırlanacaq. Mən özüm yazdığım ssenarilərdə rejissor ssenarisinə ancaq metrajları hesablamaq qalır. Çox istəyərəm ki, ssenaridə cərəyan edən hadisəyə paralel olaraq, iki qısa xətt də əlavə edim və üç paralel montajla işləyim.
   - Çəkilişlərə nə vaxt başlayacaqsınız?
   - Güman ki, avqustda. Məndə hazırlıq prosesi çox çəkir, çəkiliş az.
   - “Məhkumlar” filmi az maliyyə imkanı və köhnə texniki avadanlıqlarla çəkildi. Bu dəfə vəziyyət necə olacaq?
   - İndi söz verilib ki, hər şey yaxşı olacaq. Çünki bu film “24 k” prodüser mərkəzinin filmi olacaq. Düzdü, mən bu sektoru tam dəqiq anlaya bilmirəm. Ona görə ki, burada mənfi və müsbət tərəflər var. Amma istəməzdim bu barədə danışım. Qaldı ki, digər məsələyə, mənim büdcəyə qətiyyən müdaxiləm olmayacaq.
   - Sizcə, prodüser filmi olaraq, ekran işi nələri əldə edəcək?
   - Öncə qeyd edim ki, bu layihənin mənə tapşırdıqlarına görə, hörmətli nazir Əbülfəs Qarayevə, Kinematoqrafiya Şöbəsinin müdiri Cahangir Məmmədova minnətdarlığımı bildirirəm. Düşünürəm komandamız bu filmi yüksək səviyyədə təhvil verə biləcək. Sizin sualınıza gəlincə, ən azından filmdən sonra onun təbliğatı, festivallara göndərilməsi ilə konkret adamlar məşğul olacaq. Yəni mən dəqiq bilirəm ki, bu mənim işim deyil. Amma “Məhkumlar”da bunlar mənim üzərimdə qaldı.
   - Texniki heyəti müəyyənləşdirmisiniz?
   - Tam yox, amma operator Rafiq Quliyev, rəssam Rafiq Nəsirovun adını çəkə bilərəm. Digərləri hələ dəqiqləşməyib.
   - Yenə də kənarda qalmış aktyorlar sorağındasınız?
   - Bilirəm bu sualı niyə verirsiniz. “Məhkumlar”da demişdim ki, mən peşəkar, amma işlənilməmiş aktyorlar istəyirəm. Yəni siması ekranda olmayan aktyorlar... və bunu da elədim. Bu filmdə isə xüsusi tələbim yoxdur. Burada önəmli məsələ hansısa bir məhlulunun törədəcəyi fəsadları beynəlxaq səviyyəyə qaldıra bilməkdir.
   - Maraqlıdır ki, sizin istər kinoda, istərsə də tamaşalarınızda özünü sübut edən aktyorlar sonra bunu təkrarlaya bilmirlər...
   - Bilirsiniz, mənim mənfi cəhətim odur ki, aktyorlara özümü köçürə bilirəm. Aktyor mənim səsimlə danışır, nəfəsimlə, duyğularımla yaşayır.
   - Dediniz ki, Qarabağ mövzusunda film çəkmək istəyirsiniz, amma alınmır. Belə bir fikir var ki, müharibə haqda onilliklər keçəndən sonra yazmaq və çəkmək olar...
   - Görünür, keyfiyyətli ssenari yoxdur. Amma mənim ssenarim olmuş hadisədən - Kərkicahan döyüşündən bəhs edirdi. Yetərincə bəyənilməyə bilərdi, amma mövzu etibarı ilə bu döyüşə bu gün, yaxud da onilliklər sonra baxış dəyişilməyəcək.
   - Bir neçə il bundan öncə müsahibələrinizin birində Qarabağla, eləcə də tarixi film çəkməyə özünüzü hazır bilmədiyinizi demişdiniz. İndi hazır bilirsinizmi?
   - Burada söhbət tarixi döyüş səhnələrini quran ikinci rejissordan gedir. Bizdə belə mütəxəssis yoxdur. Quruluşçu rejissor ox, nizə strukturunu başa salmalı deyil, o sadəcə ideya, quruluş verməlidi.
   - “Babək”, “Nəsimi” filmlərində böyük döyüş səhnələri savadsız istifadə olunmayıb ki... Son illərdə çəkilən tarixi filmlərə baxanda, əvvəlkiləri daha peşəkar çəkiblər.
   - Həmin səhnələri lazımi səviyyədə çəkmək üçün, yəqin maliyyə vəsaiti imkan vermir...
   Sizin dediyiniz tarixi filmi çəkmirəm deyə, bunu dəqiq deyə bilməyəcəm. Axı məsuliyyət hissi də olmalıdır. Əgər bu, Azərbaycan tarixidirsə, ikiqat yox beşqat məsuliyyət tələb edir. Çünki tarixi səhnələrin, döyüşlərin özü belə, dəqiqliklə işlənilməlidir. Bizim tarixi filmlərin birində təhrif də görmüşəm.
   - Siz özünüzü daha çox bu istiqamətdə görürsünüz. Amma deyirlər, rejissor hər janrda film çəkməyi bacarmalıdır....
   - Düzdü. Amma mən komediya çəkmək istəmirəm, çəksəm belə gərək özümü məcbur edim. Bunu yəqin bilirəm ki, tarixi janrda filmlər çəkməyi çox istəyirəm. Amma bilmirəm yetərincə bacara biləcəmmi?
   - Məcburiyyət sözünü tamam başqa mövzuda çəkdiyiniz və çəkəcəyiniz bədii filmlərə də aid etmək olarmı?
   - Yox, yenə də onların mənə maraqlı olan tərəfləri var. İnsanların zombiləşdirilməsi hədsiz aktual və araşdırma tələb edən bir şeydir. Burada bircə onda uduram ki, araşdırma var. Mən bu saat dünyada mövcud olan 336 sektanın tarixini bilirəm.
   
   Hazırladı: Aylin N.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar