II yazı
   
   Qonşu Gürcüstan kinosu barədə birinci yazımızda bu ölkəni «Uşaqdan böyüyə qədər kino ölkəsi» adlandırmışdıq. Oxucuların yadındadırsa, həmin yazıda Gürcüstan kinosunun ümumi panoramasını XX əsrin sonuna qədər təsvir etmişdik. İndi isə son on ildə bu ölkənin kinosunda baş verən proseslərə diqqət yetirək. İlk olaraq festival və layihələrdən başlayaq.
   
   2000-ci ildə Tbilisidə «GİFT» Beynəlxalq İncəsənət Festivalı fəaliyyətə başlayıb. 2002-ci ildə müstəqil şəkildə keçirilən kinofestival yeni eksperimental filmlərin geniş auditoriya üçün nümayişini təşkil edən «TİFF» mədəni qeyri-kommersiya təşkilatı tərəfindən təsis olunub.
   «Niamori» kinofestivalında özəllikləri ilə fərqləndilər. «Niamori» dağ, macəra və ekstremal televiziya filmlərinin beynəlxalq festivalıdır. Ən əvvəl onu qeyd edək ki, «Niamori»də «ekstremal»lıq yalnız filmlərin janrına aid deyil. Festivalın özü də ekstremal şəraitdə keçirilir. Hər şeyin xırdalığına qədər təşkil olunmasına baxmayaraq, hər il nə isə gözlənilməz bir hadisə baş verir. Məsələn, festivalların birinin sonuncu günü «Rustavi» kinoteatrında elektrik enerjisi kəsildiyindən mükafatların təqdimolunma mərasimi kino evinin nümayiş zalında keçirmişdir.
   «Niamori» festivalında filmlər beş əsas nominasiya üzrə seçilirlər - «Dağ ekspedisiyası», «Ekstrim», «Xilasedicilər», «Səyahətçilər», «Dağlar və insan». Bunlardan əlavə festivalın münsiflər heyəti də doqquz xüsusi mükafat- «Ən yaxşı operator», «Tamaşaçı simpatiyası», «Ən yaxşı rejissor», «Ən yaxşı səs rejissoru», «Ən yaxşı təşkilatçı» (ekspedisiya rəhbərinə verilir), «Debüt üçün mükafat», «Ən yaxşı əcnəbi film» - təsis edib. Festivalın mükafat fondu 5.000 ABŞ dollarıdır. «Niamori» festivalı Gürcüstanda çox populyardır. Gürcüstanın dövlət Teleradio Şirkəti, müstəqil telekanallarla («Rustavi-2», «İberiya», «ABK-studiya») yanaşı, hətta gürcü pravoslav kilsəsinin studiyası da festivalın fəal iştirakçılarındandır. Festival başa çatdıqdan sonra təşkilatçılar paytaxtda yerləşən orta məktəblərdə, Kazbeqi və Mestia kimi yüksək dağlıq regionlarda qalıb filmləri nümayiş etdirirdilər. Yeri gəlmişkən, onu da qeyd edək ki, «Niamori» festivalına İsveçrə Əməkdaşlıq və İnkişaf Agentliyinin yardımı ilə «Kastirion» şirkəti sponsorluq edir.
   
   Gürcü «Discovery»si
   
   Ölkədə «Gürcüstanı xatırlayaq» adlı kino-telelayihəyə start verilib. Təxminən bir il müddətində gürcü kinematoqrafçıları tarixçilər, alimlər və ədəbiyyatçılarla birlikdə 36 film ərsəyə gətirməlidir. Bu filmlər gənclərə və Gürcüstanı yalnız əlverişli nəqliyyat dəhlizi qismində görən «dostlara» ünvanlanacaq. «Gürcüstanı xatırlayaq» layihəsinin ideya müəllifi və rəhbəri kinorejissor Merab Kokoçaşvili və politoloq, jurnalist, rejissor, «Bu Gürcüstandır» yaradıcılıq birliyinin rəhbəri Mamuka Araşidze layihənin məqsədə xidmət etdiyini belə izah edirlər: «Təəssüf ki, gürcülərin çox hissəsi, əsasən də müasir gənclik ölkəmizin tarixini, coğrafiyasını, başqa xalqlardan necə və nə ilə fərqləndiyimizi bilmir. Son dövrlərin siyasi və iqtisadi kataklizmləri, maddi ehtiyac, yaşam uğrunda daima aparmalı olduğumuz mübarizə ucbatından çox şeyləri unutmuşuq. Gənc nəsil isə səyahət etmək, öz ölkəsi ilə əyani surətdə tanış olmaq imkanından məhrum olub. Hazırda bütün dünyada gedən qloballaşma prosesi bizə ölkəmizi, mədəniyyətimizi və incəsənətimizi, əsrlərlə toplanmış mənəvi-maddi dəyərlərimizi bütün dünyaya tanıtmaq kimi unikal şans verib. Ancaq bunun üçün ən birinci, özümüz sadalananlardan xəbərdar olmalıyıq, Gürcüstanı əvvəlcə özümüz kəşf etməliyik. Əgər bacarmasaq, qloballaşma gürcülər üçün milli simanın itirilməsi ilə nəticələnəcək».
   «Gürcüstanı xatırlayaq» layihəsi çərçivəsində çəkiləcək filmlərin hər birində gürcü tarixinin vacib dönüş nöqtələri, dünyanın yaranması haqqında gürcü əsatirləri, rəvayətləri, mərasim və ritualları, unikal təbiət hadisələri, landşaftı, gürcü əlifbasına ən yeni baxış, mədəniyyətlərin dialoqu ətraflı araşdırılacaq. Filmləri ən məşhur gürcü rejissorları - Otar İoseliani, Merab Kokoçaşvili, Eldar və Georgi Şengelayalar, Nana Canelidze, Aleksandr Rexviaşvili, Rezo Esadze, Rezo Çxeidze, Nodar Manaqadze, Nana Corcadze və başqaları çəkib və çəkəcəklər. Bu nəhəng layihənin reallaşdırılmasında, gürcü ədəbiyyat və incəsənət nümayəndələri ilə yanaşı, bütün Gürcüstanın Katalikosunun birbaşa dəstəyi ilə yaradılmış «Elm, mədəniyyət və intibahın dirçəldilməsi» Beynəlxalq Xeyriyyə Fondu da fəal iştirak edir. Gürcü «Discovery» adlandırılan layihənin daha bir xarakterik cəhəti isə odur ki, bütün çəkiliş qruplarının tərkibləri gənclərdən ibarət olacaq.
   
   Kino Gürcüstan dövlətində prioritet sahə elan olunub
   
   Kino haqqında qanun 2000-ci il dekabrın 5-də qəbul edilib. Qanunda milli kinematoqrafiya Gürcüstanda və onun sərhədlərindən kənarda nəzərə çarpacaq nüfuz qazanmış milli incəsənətin ayrılmaz hissəsi kimi müəyyənləşdirilib. Qanunda həmçinin qeyd edilib ki, özündə yaradıcı fəaliyyətlə yanaşı, mürəkkəb texnoloji- istehsalat və maliyyə-iqtisadi prosesləri birləşdirən kino, öz inkişafında dövlətin yardımından çox asılıdır. Gürcüstan dövlətinin konstitusiyası və qanunvericiliyi əsasında hazırlanmış qanunda milli kinematoqrafiyaya yardımın yollarının təyini zamanı sivil ölkələrin adı çəkilən sferada təcrübəsi və gürcü kinosunun zəngin ənənələri də nəzərə alınıb. Qanunda kinoya dövlət yardımının əsas prinsipləri qismində aşağıdakılar göstərilir:
   a)Yaradıcı fəaliyyətin müstəqilliyinə və azadlığına təminat verilməsi;
   b)Müəllif hüquqlarının qorunması;
   c)Texniki, elmi, istehsalat, maarifləndirici və informasiya bazasının mükəmməlləşdirilməsi;
   ç)Gürcü filmlərinin istehsalına və yayımına yardım;
   d)Gürcü kinosunun dünya kinosuna inteqrasiyasına yardım;
   e) Dövlətin götürdüyü beynəlxalq öhdəliklərin həyata keçirilməsi;
   
   Kino haqqında qanunda nəzərdə tutulmuş müddəalara uyğun olaraq gürcü kino mədəniyyətinin müdafiəsi, inkişafı, dövlətin köməyinin yönləndirilməsi istiqamətində bütün səlahiyyətlər Gürcü Milli Kinematoqrafiya Mərkəzinə verilib. Milli Kinomərkəzin strukturu, səlahiyyətləri, idarəetmə və maliyyə ilə bağlı fəaliyyət formaları mərkəz tərəfindən hazırlanır və Gürcüstan Mədəniyyət Nazirliyində təsdiq edilir. Nazirlik həm də mərkəzin fəaliyyətini daim nəzarətdə saxlayır. Milli kinonun istehsalında dövlətin ayırdığı maliyyə vəsaiti qanunda tələb edildiyi kimi 75%-dən, prokat zamanı isə 50%-dən yuxarı deyil. Lakin bu faiz gürcü kinosunun özünü maliyyələşdirmə qabiliyyətinin güclənməsi müqabilində paralel olaraq tədricən azaldılacaq.
   
   İntiqam