Tehrandan Azərbaycan kinosuna baxarkən
   
   II yazı
   
   İranlı həmsöhbətlərimin bildirdiyinə görə, İranda hər il 30-dan çox film festivalı keçirilir. Bu festivalların demək olar ki, 90 faizi birbaşa dövlət tərəfindən maliyyələşdirilir. 
   
   Romanın müəllif hüququ və ya İranda festival keçirməyin məsuliyyəti
   
   Sən fərqli bir festival təşkil etmək istəyirsənsə, tənbəllik etmədən həmin layihəni qeydiyyatdan keçirməlisən. Əks halda böyük imkanlar (həm də dövlət dəstəyi) əlindən çıxa bilər. Doğrudur, diqqət yetirsək görərik ki, bizdə də müəyyən işlər Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçirilir. Amma etiraf edək ki, biz hələ də öz hüququmuzdan yetərincə istifadə edib hansısa əsəri, layihəni qeydiyyatdan keçirməyə ərinirik. Və üstündən bir az keçmiş ağlımıza gələn ideya və ya layihənin başqa biri tərəfindən reallaşdığını görəndə ya o insana düşmən kəsilirik, ya da arxada onun haqqında ağzımıza gələni danışırıq. Amma bir dəfə də olsun düşünmürük ki, həmin ideyanı qeydiyyatdan keçirmək lazımdır (əgər layiqli ideyadırsa).
   Azərbaycanda kinoda olmasa da, ədəbiyyat sahəsində çoxları bir-birini plagiatlıqda, oğurluqda suçlayır. Hətta elə roman var ki, vaxtilə onun plagiatlığı haqqında az qala məhkəmə çəkişməsi təşkil olunacaqdı (çətin ki, sənət adamları bir-birini məhkəmədə başa düşə). Siz bir nəfərin roman və ya ssenarisinin Müəllif Hüquqları Agentliyində qeydiyyata alındığını eşitmisinizmi? Çətin.
   İranlı həmsöhbətlərimdən birinin başına gələn hadisə təxminən belə idi: İran şəhərlərinin birində açılışa bir gün qalmış keçiriləcək film festivalının işi dayandırılıb. Buna səbəb isə həmsöhbətimin həmin layihəni əvvəlcədən rəsmi qeydiyyatdan keçirərək təşkilatçılardan öz haqqını tələb etməsi olub. Aidiyyəti qurumlar onun tələbini araşdırdıqdan sonra festivalın işinə xitam verib.    

    100 saniyə və kinematoqraf
   

   Elmi-texniki yeniliklər artdıqca kinematoqraf da öz imkanlarını götür-qoy edir, inkişafa uyğun dəyişməyə başlayır. Əsrin əvvəllərində kinematoqrafın vəziyyəti ilə müasir imkanlar hər mənada müqayisəyə gəlməzdir.
   Doğrudur, bu sahənin humanist biliciləri kinonu böyük sənət hesab ediblər. Digər tərəf isə onun gəlir mənbəyi, kommersiya məqsədli sahə olduğunu dilə gətirir. Kinematoqrafiyanı tam olaraq, ərsəyə gətirən Lümyer qardaşları da düşünməmişdilər ki, bu sənətin arxasında sənət və ya böyük bir gəlir mənbəyi gizlənib. Amma kinematoqraf inkişaf etdi və bu iki tendensiyanın davamçıları, tərəfdarları artdı.
   Nəsə, qayıdaq tərəfdarları artmış kinonun özünə. İranda kinofestivalların sayı nə qədər çoxdursa, onlar hamısı bir-birindən kiçik bir detalı ilə də olsa fərqlənir. «100 saniyəlik filmlər festivalı» haqqında informasiyanı mən ötən ilin ortalarında eşitmişdim. «START» Beynəlxalq Tələbə Filmləri Festivalının hazırlıq işlərində «100 Saniyəlik Filmlər Festivalı»nın dünyanın əksər ölkələrində keçirildiyini öyrəndim.
   
   Bizim 100 saniyəyə ehtiyacımız var
   
   Müasir Azərbaycan kinematoqrafiyasının ən başlıca problemini müxtəlif cür yozurlar. Həmin yozumlardan biri və mənim də ən çox inandığım- rejissor yoxluğudur. Azərbaycanda müəllif filmləri yoxdur. Varsa da, onu tam olaraq qəbul etmək çətindir. Bizlər həmişə filmlərimizin uğurunu ssenari ilə ölçürük. Azərbaycan tamaşaçısı maraqlı hadisədən başqa heç nəyə fikir vermir. Və onu bu hala salan da məhz bizim rejissorlarımız olub. İndi müəllif filmləri mövzu olaraq ortaya atılıb. Amma çətin ki, həmin filmlər ortaya çıxandan sonra hətta sənətdən başı çıxan insanlar belə bu filmləri rahat qəbul etsinlər. O insanlar yerli müəllif filmlərini uzun müddət qəbul etməyəcək. Buna səbəb milli psixologiyamızda hələ də qoruyub saxladığımız daxili «mən»imizdir. Biz dövri-qədimdən hər şeyin yaxşısını kənarda axtarmışıq.
   Azərbaycan kinosunda rejissorlardan çox danışsaq da, boynumuza almaq istəmirik ki, maraqlı yozumu, B kateqoriyalı festivallarda bizi təmsil edə biləcək rejissorumuz yoxdur. O ki qaldı ssenaristlərimizə, hansı ssenarimiz xarici kino şirkətlərinə təqdim olunub və onlar həmin əsərə yüksək qonorar ayırıblar? Olmayıb. Amma bir-ikisi olubsa da, onları ssenaristlər yox, özünü rejissor kimi tanıtmış insanlar təqdim edib. Və onların da əlində yalnız bir ssenari olub.
   Ssenarist kimi tanıdığımız insanların əsərlərinə çəkilən filmlərə baxanda isə (1990-2008) onların işlərinə qiymət verməyə utanırsan. Bunu adlarının çəkilməsini istəməyən kino mütəxəssislərimiz bildirir.
   Nəsə yazının sonunda məntiqi olaraq onu deyə bilərəm ki, azərbaycanlı rejissorlar ilk olaraq 100 saniyəlik 5 film çəkməlidir. Bundan sonra 10 dəqiqəlik filmlər, sonra 36 dəqiqəlik və nəhayət dövlət hesabına tammetrajlı film çəkmək haqqında fikirləşə bilərlər. Çəkmək yox haaa, fikirləşə bilərlər. Yəni əvvəlki mərhələləri keçmək hələ o demək deyil ki, sən dövlət hesabına, xalqın pulu hesabına nəsə çəkə bilərsən. Nəzərə alaq, çəkilən hər 5 filmdən biri beynəlxalq festivalın proqramına daxil edilməlidir. Məhz bu şərtlə Azərbaycan kinosu qonşu ölkələrin «statistikasına» yaxınlaşa bilər.
   Məyər siz, bu məqamda Üzeyir Hacıbəyovun felyetonundakı siçan, fil (FİLM) məsəlini xatırlamadınız?
   Kinomuz siçan mərhələsini keçməlidir ki, fil (FİLM) mərhələsinə gəlib çıxsın.
   
   Fehruz