Əşyalarının arasında çoxdan bəri açmağa fürsət tapmadığı kiçik bir çamadan vardı. Burda sanki tələbəlik illərinin xatirələrini gizlətməyə çalışırdı. Yaşadığı ağrılı-acılı günlərlə müqayisədə həyatının ən qayğısız, sakit və mənalı illəri idi onlar.

Yəqin, həyatı öz axarına düşdüyündən idi ki, gözəl xatirələrin qorunduğu zamanlara səyahət etmək həvəsinə düşmüşdü. Arxada qalan illərdə nələri yaşamış, hansı fırtınalardan keçmişdi bir özü bilirdi, bir də həmin illərdə ona arxa, kömək olanlar. Çamadanı stolun üstünə qoyub yavaş-yavaş içindəkiləri gözdən keçirməyə başladı. Əlçatmaz tələbəlik illərinin xatirələrini qoruyan bu çamadanda rəfiqələrindən, tələbə yoldaşlarından qalan ən kiçik kağız parçalarından tutmuş, teatr tamaşalarının biletlərinə, hətta həmin dövrlərdə Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olan qardaşlarından aldığı məktublaradək hər şeyi qoruyub saxlamışdı.

Ən kiçik kağız parçasına yazılanların belə tarixçəsini asanlıqla hafizəsində canlandıra bildiyinə heyrətləndi. Halbuki, çəkdiyi əzab-əziyyətlərdən sonra ona elə gəlirdi ki, 40 illik ömrünün ən mənalı, dəyərli illərindən yadında heç nə qalmayıb.

Əlinə götürdüyü məktubun kimdən gəldiyi yazılmamışdı. Yalnız Mətbuat prospekti, BDU-nun 4 N-li yataqxanası, otaq 86, ad, soyad... İçində cəmi bircə cümlə yazılmış dəftər vərəqi vardı; "Ay bacı heç elə şeyləri də əsgərliyə göndərərlər?"

Xətt tanış deyildi. Məktubun üstündə göndərilmə tarixinin əvvəlki rəqəmləri silinsə də "90-cı il" qalmışdı. Bir neçə saniyə diqqətlə nəzərlərini bu bircə cümlənin üzərində gəzdirib nəyi ifadə etdiyini aydınlaşdırmağa çalışdı. Birdən elə bil damarlarında qan dondu. Vərəqi tutan əlləri əsdi, sonra bütün bədəni uçunmağa başladı. Qışqırmaq istəsə də, səsi öz içindəcə boğulub qaldı. Özünə gələndə anladı ki, düşüncəsizlikdən düzəldilməsi mümkün olmayan bir səhvə yol verib. Ən dəhşətlisi isə o idi ki, bunu 20 ildən sonra bilmişdi.
O vaxtlar Bakı təlatümlü dənizi xatırladırdı. Yaşıdları kimi onlar da baş verən hadisələrdən kənarda qala bilmirdilər. Hər ikisi tələbə idi. Hərbi xidmətə yola düşəndən sonra da tez-tez əlaqə saxlayırdılar. Məktubları "Bakıda vəziyyət necədir?" sualı ilə başlar, "baş verən hadisələr haqqında mənə ətraflı məlumat yaz " cümləsi ilə bitirərdi.

1990-cı ilin 20 Yanvar hadisələri barədə əldə etdiyi bütün şəkilləri, qəzet məqalələrini, bir sözlə, yanvar qırğınını əks etdirən nə vardısa hamısını toplayıb sovqat bağlamasında qardaşına göndərmişdi. Bağlamanı alandan sonra onunla telefon əlaqəsi yaratmalı idi.

Həmin gün danışıq məntəqəsinə gecikdiyindən aldığı məktubu tələm- tələsik oxumuş, heç nə başa düşməyərək yanlış gəldiyini düşünmüşdü.
Həftələrlə danışıq məntəqəsinə ayaq döysə də, qardaşı ilə əlaqə yaratmaq mümkün olmamış, ürəyindəki narahatçılığı, gecələr qarışdırdığı yuxularını  bir tərəfə yoza bilməmişdi. Nəhayət, mayın əvvəllərində əyri-üyrü xətlə kiçik dəftər vərəqinə yazılmış bir məktub almışdı. O qədər sevinmişdi ki, çox qısa yazıldığına əhəmiyyət verməmişdi.

Bağlamanı alandan sonra Bakıda baş verənlərdən xəbər tutan azərbaycanlı əsgərlər hərbi hissədə tətil edirlər. Bir həftə davam edən qarşıdurmanı komandanlıq başqa hissələrdən gətirilmiş əsgərlərin köməyi ilə sakitləşdirməyə nail olsa da, qardaşı əlbəyaxa döyüşdə erməni millətindən olan əsgərin vurduğu zərbədən sol gözünü itirir. Hərbi xəstəxanada əməliyyatdan imtina edən həkimi Azərbaycandan olan bir cərrah zorla yola gətirir. Sonra sağalana qədər vaxt qazanmaq üçün Sverdlovsk şəhərindəki əsəb xəstəxanasına yerləşdirilir.

Xəstəxanadan hərbi hissəyə qaytarıldıqdan sonra isə məhkəmədə bəraət alacağına inandığından bacısına məktub yazır:
"Bacı, salam. Çoxdan yazmadığıma görə bağışla. Başqa yerdə olduğuma görə telefon danışığına gələ bilmirdim. Evdəkilərin hamısına de məndən narahat olmasınlar. Qismət olsa, tezliklə görüşərik".

Aldığı məktub barədə kəndə də xəbər yolladı. Onların nigarançılığını azalda bildiyinə xeyli sevindi. Onsuz da valideynləri çox narahat adamlardı.
Axırıncı imtahanı verən gün kəndə getmək üçün avtovağzala yollandı. Bilet alıb avtobusda öz yerini tutdu. Sərnişinlərin arasında bir nəfər rus dilində yaşadıqları kəndə necə gedə biləcəyini soruşurdu. Yeddi saatdan sonra avtobus kənd yoluna çatanda məlum oldu ki, nabələd sərnişin elə onların qonağı imiş. Qardaşının yanından gəldiyini eşidib sevincdən özünü elə itirdi ki, gəlişinin məqsədiylə maraqlanmaq heç ağlına gəlmədi. Valideynlərinin də başı oğullarının yanından gəlmiş qonağı layiqincə qarşılamağa qarışdı. Qoyun kəsildi, manqal quruldu...

Nəhayət, qonaq gəlişinin məqsədini üçüncü gün, dağda, bulaq başındakı süfrə arxasında açıqladı. Bir anda çaxnaşma düşdü. İçkidən dumanlanmış beyinlər ayıldı. Hamı bir-birinə qarışdı. Qonaq qorxusundan özünə bəraət qazandırmağa çalışdı: "Mən oğlunuz haqqında sənədlər aparmalıyam. Heç bir zabit Azərbaycana gəlmək istəmirdi. Orada azərbaycanlılar haqqında başqa cür rəy formalaşıb. Mənə demişdilər ki, hərbi geyimdə getsən, təyyarədən enən kimi azərbaycanlılar başını kəsəcəklər. Amma oğlunuz məni inandırdı ki, danışılanlar doğru deyil. Onun xatirinə gəldim. Heç peşman da deyiləm. Hər şeyi öz gözümlə gördüm. Kömək eləməsək, erməni əclafın əvəzinə onu həbs edəcəklər. Bir həftədən sonra məhkəmədir".

Hamının üstünə elə bil su ələnmişdi. Ata-anası, bacı-qardaşları nə düşünəcəklərini bilmirdilər. Qohumlar onlara təskinlik verməyə çalışırdılar... Hamını sakitləşdirmək mümkün olsa da, atası dincəlmirdi. Sarsıntıdan özünü o qədər ora-bura çırpmışdı ki, özünə xətər yetirəcəyindən qorxub çarpayıya bağlamışdılar.

Ertəsi gün heç kimə arxayın olmayıb atası özü təyyarə ilə Sverdlovsk vilayətinə uçdu. Ağır keçən, üzücü iyirmi gündən sonra hərbi əlil kimi ordudan tərxis olunmuş qardaşı ilə geri qayıtdı.

Bəzən atdığımız addımların bizi hara sürüklədiyindən, nəticələrin nə olacağını fikirləşmədən hərəkət edirik. Həmişə olmasa da hərdən hadisələrin axarı elə məcraya yönəlir ki. həyatımız boyunca ağrısını-acısını ovuda bilmədiyimiz bir fəlakətin səbəbkarı oluruq. Bunu bəzən tez, bəzən də çox gec anlayırıq.
...Bu illər ərzində hər dəfə gözü qardaşının gözünə sataşanda ürəyində bir sızıltı, göynərti duyurdu. Bu, həm onun həyatı boyunca bir gözlə yaşamağa məhkum olunduğuna, həm də o biri gözünün də nurdan düşəcəyi qorxusuna görəydi.

İndi, iyirmi ildən sonra ailəsinin yaşadığı o fəlakətli günləri xatırlayanda özünə yer tapa bilmədi. Bir xalqın qürurunun, mənliyinin, müstəqillik ruhunun məhvinə yönəldilmiş bütün siyasi hərbi aktlar neçə-neçə insanın ömürlərinə son qoymuş, həyatlarına zərbə vurmuşdur.

Qəsidə Hüseynova,
Oğuz







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar