Adil Rza oğlu İsgəndərov Gəncədə doğulub. Mayın 5-də, 1910-cü ildə... 1928-ci ildə Bakı Teatr Məktəbinin rejissor-aktyor şöbəsinə daxil olub. Tələbə ikən milli teatrın tamaşalarında epizodik rollarda çıxış edirdi. 1931-ci ildə o, Teatr Məktəbini bitirib və dostu Cəfər Cabbarlının tövsiyəsi ilə Moskvada Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsinə daxil olub. 1936-cı ildə Adil İsgəndərov təhsilini bitirdikdən sonra Akademik Milli Dram Teatrına təyinat alıb. 1938-ci ildə akademik teatra baş rejissor, daha sonra bədii rəhbər təyin olunub. 1954-cü ilə kimi bu vəzifədə işləyib. 1960-cı ildə isə uzun çəkən intriqaların nəticəsində nəinki işindən, hətta teatrdan uzaqlaşdırıldı. Amma bütün bu illər ərzində o, «Adil İsgəndərov teatrı»nı yaratdı. Onun monumental realist teatr məktəbi bütün sferalarda ayrı bir nəsil yetişdirdi. Aktyorları (Ələsgər Ələkbərov, Hökumə Qurbanova, Leyla Bədirbəyli, Rza Əfqanlı, Məlik Dadaşov, Əjdər Sultanov, Həsənağa Salayev...), dramaturqları (Səməd Vurğun, Mehdi Hüseyn, Sabit Rəhman, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı), rejissorları (Şəmsi Bədəlbəyli, Məcid Zeynalov, Səftər Turabov, Əliheydər Ələkbərov və Əşrəf Quliyev), rəssamları (Nüsrət Fətullayev, İsmayıl Axundov, Bədurə Əfqanlı, Əsgər Abbasov) və bəstəkarları (Qara Qarayev, Səid Rüstəmov, Fikrət Əmirov, Cahangir Cahangirov) teatr həyatı ilə sıx bağladı. 30-dan çox tamaşaya quruluş verdi və bununla da monumental realist teatr məktəbini formalaşdırdı. 1938-ci ildə hazırladığı «Vaqif» tamaşası Azərbaycan səhnəsində min dəfədən çox oynanılıb. O, milli teatrı akademik səviyyəyə çatdırdı. Akademik adını da rəsmən özü təsdiq etdi ( 18 dekabr 1959) və teatr fəaliyyətində ciddi nizam-intizam yaratdı. (Məsələn, suflyoru ləğv etdi). Ən başlıcası Adil İsgəndərov Milli Dram Teatrında güclü kollektiv formalaşdırdı.
   «Fərhad və Şirin», «Aydın», «1905-ci il», «Xoşbəxtlər», «Nişanlı qız», «Mehdi Hüseyn», «Nizami», «Cavanşir», «Vəfa», «Şərqin səhəri», «Bahar suları», «Otello» və s. tamaşaları Akademik Milli Dram Teatrının parlaq səhifələridir.
   Teatrdan uzaqlaşmağı Azərbaycan teatr sənətinə ağır zərbə oldusa da, kino bu zərbədən yararlandı. Teatrdan uzaqlaşdıqdan sonra «Azərbaycanfilm» kinostudiyasında sıravi rejissor işləməyə başladı.
   1966-cı ildə kinostudiyanın direktoru oldu.
   Eyni zamanda, bir çox filmlərimizdə müxtəlif səpkili rolları ilə yadda qaldı. Əlbəttə, kinoda ən şah obrazı Kərbəlayi İsmayıl («Axırınıcı aşırım») idi. Bu filmdə Adil İsgəndərovun aktyorluq istedadı bütün filmin bədii parametrini müəyyənləşdirir, onun istiqamət xəttini təyin edir. 1963-cü ildə onun rejissorluğu ilə «Əhməd haradadır?» filmi çəkildi. Səthi konflikti olan süjeti çox məharətlə seçilmiş aktyor heyəti əla bir filmə çevirdi. Ən xırda epizodlara qədər hər bir şey ölçülüb-biçilmişdi.
   Adil İsgəndərov kinostudiyada direktor olduğu dövrdə «Yeddi oğul istərəm», «Nəsimi» kimi filmlər çəkildi. Rejissor özünün çəkildiyi filmlərdə ən müxtəlif səpkili obrazları çox böyük məharətlə yaradıb.
   1958-ci ildə Bakı Kinostudiyasında «Uzaq sahillərdə» filmi çəkilir. Adil İsgəndərov bu filmdə Rossolini obrazını yaradıb. Onun ifasında bu təkəbbürlü alman zabiti soyuqqanlı və hiyləgər birisi idi. «Romeo mənim qonşumdur» (1963, rej. Şamil Mahmudbəyov) filmində isə Adil İsgəndərov qonşulardan birini - professor Quliyevi oynayır. Rolun sadə həll variantına üstünlük verdiyindən bu obraz o qədər də gözəçarpan olmadı. Məişət janrında olan bu kinokomediya Rauf Hacıyevin eyniadlı operettasının motivləri əsasında çəkilmişdi.
   1968-ci ildə Muxtar Dadaşovun çəkdiyi «Qanun naminə» filmində Adil İsgəndərov Kamilov obrazını yaratdı. Onun yaratdığı Hatəmxan ağa obrazı («Dərviş Parisi partladır» 1976, rej. Şamil Mahmudbəyov) zahirən Kərbəlayiyə bənzəsə də, iddiaları onun qədər deyil. Hatəmxan ağanın yeniliyə münasibətində bir arxayınçılıq var.( Bu arxayınçılıq sonradan təşvişə çevriləcək: Kərbəlayi İsmayıl Şura hökumətinin narahatçılığına tuş gələcək). Hatəmxan ağa isə üzündəki ağayana toxluq ifadəsi ilə hələ ki, hər şeyə normal yanaşır. Tərəqqiyə meyillidir. Şahbazı Parisə buraxır.
   Kərbəlayi İsmayıl («Axırıncı aşırım») obrazında Adil İsgəndərov rola psixologizm əlavə edir. Onun gərgin tərəddüdləri daha köklü və dərindir - quruluş yerli-dibli dəyişir. O, öz qayda və dəyərlərinin köhnə kimi qırağa atılması ilə barışa bilmir. Qəlyanını doldura-doldura həm də fikirlərini «eşir». Kərbəlayi kökündən qopmaq istəməyən «kötük»dü və axırıncı aşırım Abbasqulu bəyin, Xəlilin öldüyü aşırım deyil, bu aşırım elə Kərbəlayinin özüdür.
   Konflikt film boyu Kərbəlayinin xarakteri ilə müşayiət olunur. «Axırıncı aşırım» filmində Kərbəlayini Yusif Vəliyev səsləndirib. Bu səs Kərbəlayi obrazını dəqiq tamamlayır. Kərbalayi-Abbasqulu bəy-Qəmlo münasibətlərinin müstəvisində qərar tutan konflikt bu xarakterlərin toqquşmasında da öz həllini tapır. Abbasqulu bəylə Kərbəlayinin arasında əsl bəylərə məxsus bir inam var. Onların dəyərləri hələ də qüvvədədi: Abbasqulu bəy Kərbəlayiyə arxayındı ki, silah götürməyib. Şura hökuməti də məhz Abbasqulu bəyi Kərbəlayinin yanına göndərib. Çünki o, həm də Yadullanın müsibətində Kərbəlayiyə dayaq olub. Adil İsgəndərovun Kərbəlayi İsmayılı axırıncı aşırımdan o tayda qaldı. Sonrakılarsa sosializm realizminin cavan və çılğın qəhrəmanları olacaq.
   Kərbəlayi həm də Azərbaycan kinosunun şah obrazlarından biridi.
   Adil İsgəndərovun kino sənətimizdə xidmətləri bununla bitmir. O, kinomuzun milli kadrlarla təminatında (rejissor, operator, ssenarist) böyük işlər gördü. Öz aktyorlarımızın filmlərə çəkilmələri üçün ciddi inzibati və yaradıcı işlər görməklə yanaşı, əsaslı reformalar apardı.
   Adil İsgəndərovun ölümündən 27 il ötür. Amma bu ölüm axırıncı aşırım deyil.
   
   Aytək







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar