Hədəfdə kimlərdir?
   
   Uzun illər neqativ halları tənqid edən "Mozalan" studiyası müəyyən fasilədən sonra 2006-cı ildən fəaliyyətini bərpa edib. Hazırda studiyada 3 nömrə istehsalata buraxılıb. Aktual problemləri özündə birləşdirən ekran əsərləri iyunda təhvil veriləcək. 3 nömrədən 2-nin çəkilişləri, demək olar ki, yekunlaşmaq ərəfəsindədir. Bunlardan biri özəl klinikaların fəaliyyətindən bəhs edir. Həkimə müraciət edən bir şəxsin düşdüyü vəziyyət burada əksini tapır. Özəl klinikalarda xəstələrdən çox pul tələb olunması məsələsi bu nömrədə qabardılıb. Digər nömrədə muzdlu jurnalistika mövzusuna toxunulur. Burada xaricdən idarəolunan jurnalistika gündəmə gətirilib. Çəkilişlərinə hələ başlanılmamış 3-cü nömrədə şadlıq evlərindən danışılacaq. Ailə həyatı quran iki gəncdən tələb olunan yüksək məbləğ onları 30 il müddətinə şadlıq evinə pul ödəmək məcburiyyətində qoyur. Hər 3 mini filmin ssenari müəllifi Nurdur.
   "Mozalan"ın bu buraxılışları rejissor Emin Mirabdullayev tərəfindən ekranlaşdırılır. E.Mirabdullayev bu filmlərin müzikl şəklində hazırlanmasını məsləhət bilib. Bunun əsasında hər üç nömrədə musiqilər və rəqs nömrələri yer alacaq.
   Qeyd edək ki, "Mozalan" studiyası fəaliyyətini modern tələblər üzərində qurmaqda davam edir. Köhnə üsulların artıq dəbdən düşdüyünü anlayan studiya indi yeni yollar axtarır.