Nuri Bilgə Ceylan festivalda bu dəfə jüri kimi iştirak edəcək
   
   Mayın 14-də dünyanın ən məşhur film festivalı olan 62-ci Kann kinofestivalı öz işinə başladı. Mərasimin təşkilatçılarının açıqlamalarına görə, dünya maliyyə böhranı səbəbindən bu il festivala yetərincə kino ulduzu qatıla bilməyib. Festival “Disney"s Pixar” studiyasının istehsalı olan “Up” animasiya filminin nümayişi ilə başlayıb. Cizgi filmi tamaşaçılar və festivalın qonaqları tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, Kann festivalı 12 gün ərzində kino nümayişi, mətbuat konfransları, ustad dərsləri, film bazarlaması və əyləncələrlə davam edəcək. Festivalın prezidenti Jil Jak Obun mətbuata açıqlamasından məlum olub ki, dünya maliyyə böhranı ilə əlaqədar festivalın büdcəsi bir qədər azaldılıb. Xatırladaq ki, 1948-50-ci illərdə sözügedən festival məhz maliyyə problemi səbəbindən keçirilməmişdi. Festivalın əsas hadisələrindən biri Kventin Tarantinonun çəkdiyi və Bred Pittin də iştirak etdiyi “Inglourious Basterds” (“Şərəfsiz yaramazlar”) filminin nümayişi olacaq. Maraqlıdır ki, festivalın münsiflər heyətində türk rejissoru Nuri Bilgə Ceylan da iştirak edir. Xatırladaq ki, ötən il keçirilən Kann festivalında Nuri Bilgə Ceylan «Üç meymun» filmi ilə «ən yaxşı rejissor» adını qazanmışdı. Bundan başqa rejissor Şamil Əliyevin «Azərbaycan xalçaları» sənədli filmi festivalın «film bazarlama» bölməsinə qəbul olunub.
   
   Nərmin A.