Azərbaycanda kinonun bünövrəsi XIX əsrin sonlarından qoyulsa da, kinematoqrafiyamız ardıcıl fəaliyyətə 1920-ci illərin əvvəllərində başladı. İlk olaraq Azərbaycan Foto-Kino İdarəsi yaradıldı. Sonralar həmin idarənin tərkibində fəaliyyət göstərmiş müxtəlif tədris studiyaları milli kinomuzun inkişafında böyük rol oynadı. Müxtəlif sənətkarlar bu studiyalarda aktyor sənətindən, ssenari yaradıcılığından, kino texnikasından dərs verirdilər. Bir müddət sonra Bakıda indiki «Azərbaycanfilm» kinostudiyasının sələfi olan «Azərfilm» fəaliyyətə başladı. Şəmsəddin Abbasov, Rəsul Rza, Mehdi Hüseyn, Sabit Rəhman, Adil İsgəndərov və başqa tanınmış şəxslər müxtəlif vaxtlarda kinostudiyaya rəhbərlik etmişlər. Kinostudiyaya rəhbərlik etmiş hər bir şəxs özünəməxsus tərzdə milli kinonun inkişafı üçün işlər görüb. Qeyd edək ki, kinostudiyanın adı da müxtəlif illərdə dəyişmişdir. Günümüzə C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyası adı ilə gəlib çatıb.
   
   Mayın 19-u 1942-44-cü illərdə «Bakı» kinostudiyasına rəhərlik etmiş mərhum şairimiz Rəsul Rzanın doğum günü idi. R.Rza haqında yetərincə məqələlər, kitablar, yaradıcılığına dair monoqrafiyalar yazılıb. Bu baxımdan onun ədəbiyyat sahəsində gördüyü işləri yenidən yada salmağa lüzum görmürük.
   Kino tariximizi tədqiq edən Aydın Kazımov yazır: «R.Rza «Bakı» kinostudiyasını təhvil götürəndə ən primitiv üsullarla işləyən kinofabrikin təkcə bir film çəkiliş pavilyonu, əllə işləyən, həftədə beş gün təmirə dayanan aşkarlama laboratoriyası, bir yük maşını, iki-üç filmçəkmə aparatı, «Nuhdan qalma» dörd-beş proyektoru var idi».
   Rəsul Rzanın rəhbərliyi dövründə və müharibədən sonrakı illərdə Bakı kinostudiyasında «Bəxtiyar», «Sovqat», «Vətən oğlu», «Bir ailə», «Sualtı qayıq «T-9» bədii filmləri və bütün dünyaya səs salan «Arşın mal alan» (1945) kinokomediyası çəkilmişdir. Bundan başqa «Fətəli xan», «Bakının işıqları» və s. tammetrajlı bədii və sənədli filmlər çəkilmişdir.
   II Dünya müharibəsi illərində «Bakı» kinostudiyası plyonka və kameraların çatışmadığı bir vaxtda xalqı səfərbərliyə çağıran sənədli və qısametrajlı bədii filmlərin istehsalına üstünlük verirdi.
   Maraqlıdır ki, müharibədən çıxmış br dövlət (SSRİ) birdən-birə «Arşın mal alan» filminin çəkilişlərinə başlayır. Bundan başqa Fətəli xan haqqında çəkilən tammetrajlı filmi də yüksək qiymətləndirirlər. Doğrudur, filmdə texniki çatışmazlıqlar və o dövrün pafosu həddən ziyadə nəzərə çarpır. Texniki çatışmazlıqar içərisində boğulan o dövrün kinostudiyası R.Rzanın rəhbərliyi altında müəyyən uğurlar əldə etdi. Ən azından «Arşın mal alan» filminin onun rəhbərliyi dövründə çəkilməsi deyilənləri bir daha sübut edir. Yaddan çıxarmayaq ki, «Arşın mal alan» filmi Moskvada məşhur kinomanlar tərəfindən müzakirə edilərkən böyük ajiotaj yaratmışdı.
   Rəsul İbrahim oğlu Rzayev (1910-1981) 1934-37-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafçılar İttifaqında təhsil almış, fasilələrlə 10 il ərzində kino sahəsində müxtəlif vəzifələrdə işləyib. 1937-38-ci illərdə kinostudiyanın ssenari şöbəsinin rəisi, 1942-44-cü illərdə direktoru, 1944-46-cı illərdə Kinematoqrafiya İdarəsinin rəisi, 1946-49-cu illərdə Azərbaycan kinematoqrafiya naziri olmuşdur.
   A.Kazımov yazır: «...Rəsul Rza kinematoqrafiya sahəsində, ilk növbədə, ssenari yoxluğunun aradan qaldırılması və ssenarilərin keyfiyyətlə hazırlanıb istehsala buraxılmasında, müharibədən sonrakı film qıtlığı dövründə kino istehsalının qaydaya salınmasında, kinostudiyanın maddi-texniki bazasının möhkəmləndirilməsində böyük zəhmət çəkmişdir. Ən əsası isə çəkilən filmlərin Azərbaycan həyatı, məişəti və tarixi ilə bağlılığına, sənət baxımından yüksək keyfiyyətli olmasına xüsusi diqqət yetirmiş, bu sahədə bir sıra konkret işlər görmüşdür».
   R.Rzanın film yaradıcılığı da diqqəti cəlb edir. O, ilk əvvəl filmlərdəki musiqilərə söz, sonralar isə bir neçə ssenari («Ordenli Azərbaycan» - R.Təhmasiblə birlikdə, «Qızıl üzük» və s.) yazmışdır. O, ssenari şöbəsinin müdiri vəzifəsində işlədiyi illərdə «Dəcəl dəstə» uşaq bədii, «Bakılılar» və «Kəndlilər» tarixi-inqilabi, müasir mövzuda «Hazır ol!» və «Yeni horizont» bədii filmləri çəkilmişdir. 1946-cı ildə onun sədrliyi ilə neft mövzusunda ədəbi ssenarilərin respublika müsabiqəsi keçirilmişdir. Eyni zamanda diktor mətnlərinin və Azərbaycan kinosu məcmuələrinin hazırlanmasında əlindən gələn köməyi əsirgəməmişdir.
   Onun kinematoqrafiya naziri olduğu illərdə «28 Aprel» kinoteatrı inşa edilmişdir. Şəxsən onun təşəbbüsü ilə bir sıra kinoteatrların adları dəyişdirilmişdir: «Krasnıy Vostok» - «Azərbaycan», «Bakkomuna» - «Bakı», «Xudojestvennıy» - «Nizami», «Proletariy» - «Vətən», «Spartak» - «Araz» adlandırılmışdır.
    R.Rzanın adı həmişə kinematoqrafiya sahəsində çalışan insanlar tərəfindən hörmətlə yad edilir.
   
   Aytək







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar