Yazının başlığından istifadə edib «şok açıqlama» vermək, çaşqınlıq yaratmaq, yalançı hay-küy salmaq fikrim yoxdu. Sadəcə, başlıq baş verən hadisənin birbaşa özünə aiddir.
   Azərbaycan kinosu uzun müddət, yəni 1990-cı ildən 2002-ci ilə kimi havada asılıb qaldı. Kimisi dedi, yerdədisə ölüb, kimisi dedi, göydədirsə qeybə çəkilib. Bir sözlə, həmin illərdə kinomuz görmədiklərini gördü. Bu məqamda yaşlı insanların 2-ci Dünya Müharibəsi haqqında işlətdiyi cümləni kinomuza da aid etmək olar- getsin o günlər bir də gəlməsin.
   İndi kinematoqrafiyamızın inkişaf dönəmində bu sənətə hörmətsizliyə bilmirəm nə ad vermək olar.
      
   Tamaşaçımız kimlərdir?
   
   40 yaşdan yuxarı əksər insanlar hər gün televizorun qarşısında oturanda daha çox milli filmlərimizi izləmək istəyir. Bu nəticəni kino təşkilatlarının apardığı sorğular elan edib. Sorğulara şəxsən mən inanıram. Elə öz qohum-əqrəbamla söhbət zamanı onlar bildirir ki, əvvəlki filmlərimiz daha baxımlıdır. Və həmin filmləri televizorda nümayiş etdirəndə imkan düşən kimi izləyirlər. Hərdən mən də onların cümlələrinin arasına belə bir fikir söyləyirəm ki, indi də filmlərimiz çəkilir və onların keyfiyyəti əvvəlkilərdən daha yaxşıdır. Amma həmin filmlərin tamaşaçıya çatdırılma məsələsi problem olduğu üçün mən müzakirədə onlara uduzuram (kinoteatrlar yox, TV kanallar filmin nümayişi üçün vəsait ödəmirlər və s.). Qısaca bizim tamaşaçılar yeni çəkilmiş filmləri izləməkdən məhrumdur. Telekanallar vasitəsilə izləsə belə, bu çox az hallarda baş verir. Düşünürəm ki, son illərin istehsalı olan filmlərin nümayişi vaxtı telekanallar bir az diqqətli olmalıdır. İlk növbədə milli filmlərimizə, ikincisi tamaşaçılara hörməti, üçüncüsü isə kinomuza marağın artırılmasını nəzərə almaq lazımdır. Axı Azərbaycanda film istehsalı indi-indi sürətlənir. Belə bir vaxtda hər bir kəs, xüsusən də TV kanallar dirçəlməkdə olan kinomuza dayaq olmalıdır. Amma...
   
   Tənhaların faciəsi
   
   Beləliklə, gəlib çatdıq yazının məğzinə. “Xəzər” TV yeni fəaliyyətə başlamasına baxmayaraq, tez bir zamanda özünün tamaşaçı zümrəsini tapdı. Bu kanalın informasiya buraxılışı, milli dəyərlərimiz baxımından hazırladığı verilişlər, müsbət ənənələrimizi həmişə diqqətdə saxlaması yüksək qiymətləndirilməlidir. Amma çox təəssüf ki, iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Azərbaycan kinosuna, mədəniyyətinə qarşı kobud addım atması anlaşılan deyildi (həm də anlaşılan idi).
   Həmin gün axşam saatlarında Xəzər TV-də (20.00-22.00) «Azərbaycanfilm» kinostudiyasının 2006-cı ildə istehsal etdiyi «Yalan» filmi nümayiş etdirilirdi. Filmin demək olar ki, tən ortasında televiziya qaydalarına uyğun olaraq, reklamlar nümayiş olundu. Amma reklamlardan sonra filmin ardına baxmaq istəsəm də arzum gözümdə qaldı. Bəlkə də adının güdazına gedərək telekanal nümayəndələri tərəfindən «Yalan» filmi yalana çevrildi. Buna səbəb isə şair, iş adamı Gülağa Tənhanın uşaqlar üçün gördüyü işləri reklam edən proqram oldu.
   Beləcə, efirdə «Yalan»ın davamı əvəzinə tamaşaçı hansısa iş adamının xeyriyyə işlərini əks etdirən tərif əmsallı verilişə kökləndi. Sözsüz ki, bu işdə heç də Gülağa Tənhanı qınamaq olmaz. Çünki efirə birbaşa telekanal rəhbərliyi cavabdehdir.
   Nəticədə isə milli kinematoqrafiyamızın son işlərindən olan «Yalan» filminin nümayişi dayandırıldı. Təbii ki, bu addım milli kinomuza, onun ərsəyə gəlməsində əməyi olan insanların işinə hörmətsizlik kimi qəbul olunmalıdır.
   
   Fehruz







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar