Tahir Əliyev: ”Kinoya bəzək vurmaq olmaz”
Müsahibimiz keçən ay “Təxəllüsü Mixaylo” sənədli filmi ilə iki festivalda iştirak edən rejissor Tahir Əliyevdir. O, bizimlə festival təəssüratlarını bölüşdü.
- “Təxəllüsü Mixaylo” filminin sorağı mayın əvvəllərində Ukraynada keçirilən festivaldan gəldi.
- V Beynəlxalq Avroaziya Kinofestivalı Krım bölgəsinin Sevostopol şəhərində keçirilirdi. Keçən il bu festivalda “Səhra gülü” sənədli filmi ilə iştirak etmişəm. Bu il isə bildiyiniz kimi, “Təxəllüsü Mixaylo” filmi ilə iştirak edirdim. Sevindirici haldır ki, film birinci dərəcəli diploma layiq görüldü.
- Amma Rusiyadakı festivalda özünüz də iştirak edirdiniz...
- Mayın 22-31-də Rusiyanın Lipetski şəhərində 18-ci Beynəlxalq “Qızıl Cəngavər” Beynəlxalq Kinofestivalı keçirildi. Bu, Rusiyada keçirilən böyük festivallardan biridir. İştirak edən ölkələrin və filmlərin sayı da bunu göstərirdi. 36 ölkədən 260 film iştirak edrdi. Bunların arasında tammetrajlı, qısametrajlı bədii filmlər, debüt, sənədli, animasiya və tələbə filmləri də var idi. Festival 10 gün çəkdi. Festivalın prezidenti məşhur aktyor N.Burlyayevdir. Nikita Mixalkov fəxri qonaqlar arasında idi. 18-ci Beynəlxalq “Qızıl Cəngavər” Beynəlxalq Kinofestivalında Serbiya və Rusiya filmləri çoxluq təşkil edirdi. “Təxəllüsü Mixaylo” filmi tammetrajlı sənədli filmlər nominasiyasında iştirak edirdi. Bu nominasiyada 26 film yer almışdı.
- Festivalın miqyası hansı səviyyədə idi?
-“Qızıl Cəngavər” Beynəlxalq Kinofestivalına bəzi rejissorlar qəribə yanaşırlar. Amma bu festival Rusiyada böyük kino bayramlarından biridir. 10 gün müddətində 260 müxtəlif janrlı filmin iştirak etdiyi festivalın səviyyəsini təsvir etmək çətin deyil. Deyə bilərəm ki, nümayiş olunan məhsullar heç də digər məşhur festivallarda iştirak edən filmlərin səviyyəsindən geri qalmırdı. Maraqlı və keyfiyyətli filmlər çox idi. Filmlər festivalın tələb etdiyi mövzuya uyğun gəlməli idi. “Təxəllüsü Mixaylo” filminin mövzusu da bu tələbi ödəyirdi və film festivalın “Müharibə mövzusunun istedadlı həlli” nominasiyasında mükafat aldı. Film tamaşaçılar və jüri tərəfindən maraqla qarşılandı. “Təxəllüsü Mixaylo” filminin qəhrəmanı Mehdi Hüseynzadənin düşdüyü situasiya diqqəti cəlb etdi. Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadənin müharibə illərində həyatı çox gərgin olmuşdu. İnsan həyatının nə qədər dəyişkən olduğunu bu filmdə verə bilmişik. Film Serbiya rejissorları tərəfindən daha yaxşı qarşılandı. Bunun da səbəbi M.Hüseynzadənin keçmiş Yuqoslaviyada partizan həyatı yaşaması ilə bağlı idi. Film onlar tərəfindən digər festivallara da dəvət olundu. Bildiyimiz kimi, “Təxəllüsü Mixaylo” filmi 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” sənədli filmlər studiyasında istehsal olunub.
- “Qızıl Cəngavər” Beynəlxalq Kinofestivalında nominasiyalar hansı formada tətbiq edilir?
- Sevostopol Kinofestivalında xüsusi nominasiyalar var. Bu, sırf vətənpərvər və hərb mövzularından bəhs edən filmlərin festivalıdır. Əsasən də II Dünya müharibəsindən bəhs edən filmlərin müsabiqəsidir. Amma “Qızıl Cəngavər” Beynəlxalq Kinofestivalı spesifik festival deyil. Burada bütün növ janrda çəkilən filmlərin iştirak etmək hüququ var. Müharibə mövzusunda çəkilmiş filmlərə də mükafatlar verilir. Ukraynadan olan rus rejissoru Bortkonun “Taras Bulba” filmi qran-priyə layiq görüldü. “Cəsur ürək” və “Qladiator” filmlərindən yararlanmasına baxmayaraq, çox səviyyəli film idi. “Ən yaxşı bədii film” nominasiyasında Natalya Bondarçukun “Qoqol” filmi mükafat aldı.
- Festivalda iştirak edən digər filmlərin mövzuları nə ilə fərqlənirdi?
- Mənim üçün festivalda iştirak və ordakı qurduğum əlaqələr, müzakirələr daha önəmli idi. Ədalət naminə qeyd edim ki, bədii filmlərin keyfiyyətləri bizim filmlərdən çox üstün idi. Amma sənədli filmlərdə vəziyyət başqadır. Festivalda nümayiş olunan sənədli filmlər yalnız mövzu baxımından bizi udur. Amma rejissor işləri bizim rejissorların işlərindən elə də üstün deyil. Bizim zəifliyimiz mövzu seçimindədir. Daha doğrusu, rejissorlarımıza təklif olunan mövzular uğurlu deyil. Rusiya və digər ölkələrdə çəkilən sənədli filmlərin mövzuları rejissor işlərini sığortalayır. Mövzu portret olsa da belə, qəhrəmanın həyatı ümumbəşəri səviyyəyə qaldırılır. Bizdə həmişə birinci mövzu, sonra ssenari məsələsi problem olub. Sonda simvolik də olsa onu demək istəyirəm ki, kino kişiyə, televiziya qadına bənzəyir. Kino kişiyə bənzədiyindən ona bəzək vurmaq olmaz. Kino bəzəyi götürmür. Təəssüflər olsun ki, bu gün Azərbaycan filmlərinin əksəriyyətində televiziya bəzəyi, televiziya keçidləri, televiziyanın montaj estetikasından istifadə olunur. Bunlar televiziyada keçərlidir. Televiziya qadına bənzədiyindən nə qədər bəzək vursan götürəcək. Rusiya filmlərinə baxdıqda klassik qaydada, ancaq yeni üslubda işlənilən kino görürsən, yəni hiss edirsən ki, kinoya baxırsan.
Intiqam