Film arxiv materialları əsasında çəkilib
   
   İyunun 5-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tədris Teatrında "Əfsanənin əks üzü" seriyasından "26 Bakı Komissarı" sənədli filminin təqdimatı keçirildi. Rusiyanın "Studiya Kinoprodukt" şirkətinin istehsal etdiyi sənədli filmin aparıcısı bu ölkənin məşhur kino ulduzu Aleksandr Nosik, redaktoru Olqa Ditrixdir. Filmin rejissoru Roman Otrıba və operatoru İvan Rozovdur. Ekran əsərinin elmi ekspertləri Rusiyanın hərb tarixçiləri Dmitri Fost, Vyaçeslav Zvyagintsevlə yanaşı, azərbaycanlı alim, filologiya elmləri namizədi Asif Rüstəmlidir. Sənədli filmdə 26 Bakı Komissarı haqqında geniş ictimaiyyətə bəlli olmayan faktlar iyirminci əsrin əvvəllərində neft bumu yaşayan Bakının fonunda tamaşaçılara təqdim olunub. Ekran əsərində başda S.Şaumyan olmaqla, bolşevik cildinə girmiş erməni daşnaklarının azərbaycanlılara qarşı soyqırım aktı törətməsi faktı öz əksini tapıb. Filmdə elmi ekspert kimi çıxış edən A.Rüstəmli kadrların birində erməni qatillərin Bakıda, Şamaxıda, Qubada silahsız və günahsız insanları qəddarlıqla kütləvi şəkildə qətlə yetirməsini xüsusilə vurğulayıb. Sözügedən film Moskvanın "Zvezda" telekanalında dörd dəfə, onlarla regional telekanallarda, yüzdən çox kabel televiziyası xətti ilə Rusiyada nümayiş etdirilib.
   Filmin çəkilişləri Moskvada, Türkmənistanda, Bakıda - Dənizkənarı Bulvarda, İçərişəhərdə, Şirvanşahlar Saray Kompleksində, keçmiş "26-lar bağı"nda, Bibiheybətdə və Məhəmmədi kəndinin ərazisində yerləşən Yanardağda aparılıb.
   Filmin nümayişindən sonra çıxış edən ADMİU-nun prorektoru Rafiq Sadıqov A.Rüstəmlinin Azərbaycan tarixinin qaranlıq səhifələri ilə bağlı maraqlı araşdırmalar apararaq, bir sıra ciddi faktları ortaya çıxardığını söylədi. Filmin tarixi əhəmiyyətindən danışan prorektor belə ekran əsərlərinin ictimai əhəmiyyətini, təkrar-təkrar nümayişinin vacibliyini vurğulayıb.
   Kulturoloq Fatimat Məmmədova, filologiya elmləri doktoru İslam Ağayev, tarix elmləri namizədi Şöhrət İsmayılov və başqaları filmdə Bakı komissarlarının fəaliyyəti, o cümlədən soyqırıma məruz qalan soydaşlarımızın məhvində əsas rol oynamış Şaumyan haqqında maraqlı faktların əks olunmasını yüksək qiymətləndirdilər. Filmin həm tarixi-ictimai proseslərə diqqət yönəltməsi, həm də geniş tamaşaçı marağı cəlb etməsi baxımından uğurlu alındığını bildirdilər.
   Sonda çıxış edən A.Rüstəmli filmin arxiv materialları əsasında çəkilərək, həqiqətlərin ekran təcəssümü kimi ərsəyə gəldiyini bildirib: "Bu ekran əsəri bəlkə də ermənilərin azərbaycanlılara qarşı soyqırım törətdiklərini təsdiq edən və Rusiya məkanında geniş auditoriyaya çatdıran ilk sənədli filmdir. Şaumyanın Azərbaycan xalqına qarşı qəddarlığı, çox ağır cinayətlər törətməsi filmdə önə çəkilib. Güman edirəm ki, soydaşlarımıza qarşı ötən əsrin əvvəllərində törədilən mart qırğınının dünya ictimaiyyətinə çatdırılmasında bu filmin böyük əhəmiyyəti olacaq". A.Rüstəmli "Əfsanənin əks üzü" seriyasından çəkilən bütün filmlərin, o cümlədən də "26 Bakı Komissarı"nın Rusiyada maraqla izləndiyini qeyd edərək, Azərbaycanda da filmin rəğbətlə qarşılanacağına əminliyini bildirdi.

   İntiqam