Kamran Qasımov:  ““Bakıfilm” studiyası çalışır ki, həm Azərbaycan dövlətinin, həm ANS-in, ümumən milli kinomuzun tələbinə uyğun işləsin”
   
   İxtisasca rejissor olan və bu yaxınlarda ANS Şirkətlər Qrupunun rəhbəri tərəfindən “Bakıfilm” studiyasına baş direktor təyin olunan Kamran Qasımov studiyada yeni layihələr üzərində iş getdiyini bildirir. Qeyd edək ki, 4 ilə yaxın Kinematoqrafçılar İttifaqında çalışdıqdan sonra bir müddət ANS televiziyasında baş redaktor işləyib. Kamran Qasımovla görüşüb “Bakıfilm” studiyasının layihələri və gənc kinematoqrafçıların bugünkü işləri barədə söhbət etdik.  

   - İxtisasca rejissor olsanız da, imzanıza daha çox ssenariləriniz əsasında çəkilən müxtəlif filmlərdə rast gəlmək mümkündür.
   - Yazıçı Anarın “Vahimə” hekayəsi əsasında “Tilsim” ssenarisini yazdım. 2004-cü ildə bu ssenarini tammetrajlı videofilm formatında ekranlaşdırdım. Film 2008-ci ildə bir neçə dəfə “Xəzər” TV-də nümayiş olundu. Ardınca “Mozalan” studiyasında “Dəyərli kitab” adlı süjet çəkdim. Ssenarilərim əsasında çəkilən filmlərin quruluş verdiyim filmlərdən çox olması ilə razıyam. “Qrinviç meridianından kənarda” adlı ssenarim Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran-2006” müsabiqəsinə “Yeni dalğa” prodüser mərkəzi tərəfindən təqdim edildi. İlk dəfə keçirilən bu müsabiqədə üç qalib ssenari arasında “Qrinviç meridianından kənar”ın da adı var idi. Filmin rejissoru Yusif Quliyev idi. Düzü, filmdə rejissor ssenaristin fikrindən kənara çıxmışdı. Rejissor işi baxımından filmi bəyənmədim. Həmin filmdə ən çox nəzərə çarpan bədii rəhbər tərəfindən edilən diktə idi. Sonra işimi ANS-də davam etdirdim. İlk olaraq “Bakıfilm” studiyasında istehsal olunan “Qızlar” serialının ssenarisini yazdım. Müəyyən səbəblərdən 20 seriyasından 6-sı çəkildi. “Qoç döyüşü” serialının 6-11-ci seriyalarının ssenarilərini də yazmışam. Serial bu yaxınlarda efirə çıxacaq. Tahir Salahovun atası, repressiya qurbanı olmuş Teymur Salahov haqqında “Zülmətli işıq” sənədlı filmini çəkdim. Film ANS televiziyasında çəkilməsinə baxmayaraq, sırf sənədli kino formatında lentə alındı. Bir çox televiziya proyektlərinin (“Qışlama əməliyyatı”,”Yatmış gözəl” və s.) ssenarı müəllıfi və prodüseri olmuşam. Azərbaycan Cümhuriyyətinə həsr olunmuş “23 ay” kino-roman kitabının da müəllifiyəm.
   - “Bakıfilm” studiyasında hazırda hansı proyektlər üzərində işlər gedir, yəni siz bura baş direktor təyin olunduqdan sonra?
   - “Bakıfilm” studiyası 2007-ci ilin iyununda ANS-in tərkibində yaradılıb. Bu iki ildə studiyada “Seçilən”, “Bulağıstan” bədii filmləri, “Qızlar”, “Qoç döyüşü” serialları və bir çox sənədli filmlər istehsal olunub. “Bulağıstan” filmini festivallara təqdim etmək fikrindəyik. Bu yaxınlarda Qarabağ haqqında tammetrajlı bədii filmin istehsalına start verəcəyik. Hələlik bu proyekt barəsində tam məlumat verə bilmərəm. Ümumiyyətlə, “Bakıfilm” studiyası Qarabağ və vətənpərvərlik mövzusuna xüsusi diqqət yetirir və əsas işini bu istiqamətdə qurur.
   - Filmlərin dövlət sifarişi ilə prodüser mərkəzlərinə verilməsindən artıq 4-5 il keçir. Amma hələ də Azərbaycanda prodüser kinosu yoxdur.
   - Mədəniyyət və Turizm Nazirliyinin prodüser mərkəzləri ilə işə başlayarkən Kinematoqrafçılar İttifaqinda işləyirdim. Hələ o zaman prodüser mərkəzləri və prodüser kinosu barədə informasiyaları “Kino+” qəzeti ilk olaraq Azərbaycanda geniş şəkildə gündəmə gətirmişdi. Haqlı olaraq bu qəzet bildirirdi ki, artıq köhnə çərçivələrdən çıxmaq lazımdır. Çünki “Azərbaycanfilm” kinostudiyası istehsalçı təşkilat olaraq əslində fabrik rolunu oynayır. Bilıdiyimiz kimi, filmin əsas mərhələlərindən biri çəkilib hazır olduqdan sonra başlayır. Bu mərhələyə “Azərbaycanfilm” kinostudiyası cavabdeh olmur. Digər tərəfdən isə çox təəssüf ki, hazırda bizdə icraçı prodüserləri prodüser kimi qələmə verirlər. Amma tam demək olmaz ki, filmlərin prodüser mərkəzlərinə verilməsi prosesi özünü doğrultmadı. Sadəcə, bu missiyanı müəyyən mənada yerinə yetirən və yetirməyən prodüser mərkəzləri də var. Bu yaxınlarda filmlərimiz “Oskar” və “Kann” festivallarına təqdim olundu. Təqdimatın özü də böyük irəliləyişdir. Deməli, təqdim etmək üçün məhsul var. Özəl sektorları kino sahəsinə cəlb etmək lazımdır. Bu gün özəl sektorun kinoya marağı yoxdur. Çünki filmlərin əsas gəlir mənbəyi sayılan müasir kinoteatrlarımız yoxdur. Məncə, özəl sektorlar kinoteatrlar inşa etsələr, kinonun nə qədər gəlirli sahə olduğunun şahidi olarlar. Deməli, bu gün dövlət kinonun üstündən əlini götürsə vəziyyət 90-cı illərin əvvəllərindəki kimi olacaq. İstehsalat sıradan çıxacaq, kino adamlarının vəziyyəti ağırlaşacaq. Fakt göstərir ki, kinomuz dirçələnə qədər dövlətin himayəsində olmalıdır. Paralel olaraq özəl sektoru kino sahəsinə cəlb etməliyik. Bu gün niyə yeni çəkilən Azərbaycan filmləri DVD formatında satışa çıxarılmır? Filmlərimiz keyfiyyətindən asılı olmayaraq DVD-də buraxılmalıdır.
   - Artıq gənclər müxtəlif prodakşnlarda işləməklə yanaşı, onların bir çoxu öz prodakşnlarını təsis ediblər. Yəni imkanlar genişlənməkdədir. Belə olduğu halda, bu gün gənc kinematoqrafçılarımızın aktual problemləri nədən ibarətdir?
   - Əslində bir neçə il bundan əvvəl güclü aktual problemlər mövcud idi. İndi də problemlər var. Yaradıcı mühit bir az fərqlidir. Bəzilərinin əlində maraqlı ssenariləri var, amma həyata keçirə bilmirlərlər. Yaxud da çəkdiyi filmləri istədiyi kimi ekranlaşdıra bilmir. İndi gənclərin kinoya gəlməsi üçün heç bir maneə yoxdur. Misalı elə özümdən gətirim. “Tilsim”i çəkəndə ən böyük problemim maliyyə idi. Burdan belə bir nəticə çıxır ki, bu gün gənclərin ən böyük problemi maliyyə ilə bağlıdır. Bunun üçün də prodüser kinosu yaranmalıdır. Kino biznesə, gəlir sahəsinə çevrilməlidir. Bundan sonra festival filmləri istehsalına başlamaq olar. Bütün mərhələləri ardıcılıqla keçməliyik.
   - Söhbət maliyyədən gedirsə, Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran” müsabiqəsi ilə gənclərin kino sahəsində işləməsi üçün şərait yaradılmışdı. Amma 3 il keçirilən müsabiqədə sübut olundu ki, problem təkcə maliyyədə deyil. Sən demə, ən böyük problem mövzu seçimində, ssenaridə, yəni dramaturgiyadadır.
   - Azərbaycan kinosunun ən böyük problemlərinin dramaturgiyada olması ilə razılaşmaq olar. Ola bilər ki, hər kəs öz yazdığı dramaturgiyanı ideal bilsin. Amma bu yolla heç yerə getmək olmaz. İndi bəzi gənclər fəlsəfi mövzulara meyl edirlər. Amma ortaya tamamilə başqa bir şey çıxır. Çünki sağ əllə sol qulağı qaşımaq nə vaxtdan fəlsəfə sayılıb?! Elə sanırlar ki, tamaşaçının ekranda anlamadığı fəlsəfədir, psixologizmdir. Amma xeyr. Bu, sadəcə, dramaturgiyadan yaxa qurtarmaqdır. Film çəkmək xatirinə maliyyəni göyə sovurmaq düzgün deyil. Ssenari zəif oldusa, film heç vaxt alınmayacaq. Məncə, ən istedadlı rejissor belə bunun öhdəsindən gələ bilməz. Amma bu gün Azərbaycanda kino sahəsinə dövlət tərəfindən göstərilən qayğını yüksək qiymətləndirirəm. Çünki prosesin getməsi özü bir dirçəlişdir. İndi əsas məsələ kinonun biznesə çevrilməsidir. Bunun üzərində işləmək lazımdır. Sadə bir mexanizmdir. Artıq dünyada bu sistem mövcuddur. Sadəcə tətbiq etmək lazımdır. Bizi çaşdıran sovet dönəmidir. Bundan qurtulmaq lazımdır. Kinoya biznes layihəsi kimi baxmağin məqamı gəlib çatıb. Gəlir və uğur gətirən ssenarilər qəbul olunmalıdır.

  İntiqam







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar