Çəkilişdən sonrakı mərhələ
   
   Kinoteatrların sovet dönəminə nisbətən dəbdən düşdüyünün indiyədək «n» sayda səbəbini eşitmişik. Təmirsizdir sözünün isə altında çox mətləblər gizlənib. Məsələn, yayda isti, qışda soyuqdur, səliqəsizdir, tavan damır və s. Elə götürək səbəblərin ən böyüyünü. Hazırda paytaxtımızda tam təmirli və təxminən çağdaş texniki avadanlıqlarla təchiz olunmuş «Azərbaycan» kinoteatrı da var. Doğrudur, digər kinoteatrlarla müqayisədə «Azərbaycan»ın qarşısında səliqə-sahman, hay-küylü afişalar görmək mümkündür. Ancaq hələ demək olmaz ki, bu kinoteatrın da yetərincə tamaşaçısı var. Baxmayaraq ki, texniki imkanları və təmiri ilə yanaşı, həm də normal filmlər nümayiş etdirir. Hər halda, xaricdən gələn qonağını, yaxud təzə tanış olduğun gözəl bir xanımı «Azərbaycan» kinoteatrına aparsan, xəcalət çəkməyəcəksən.
   
   Filmlərimiz reklam olunmur
   
   Bəs niyə tamaşaçı kinoteatra gəlmir? Bəlkə maddi imkanı zəifdir? Amma doğrudanmı «Azərbaycan»ın o qədər də böyük olmayan əsas zalını doldura biləcək qədər imkanlı kino həvəskarı yoxdur? Ancaq mən kinofestivallarda və film premyeralarında «Azərbaycan» kinoteatrının böyük zalında ayaq üstə qalmışam. Bəs qalan günlər bu tamaşaçılar hara yoxa çıxırlar. Deməli, söhbət heç də maddi imkansızlıqdan getmir.
   Deyəsən, tamaşaçı kinoteatr aurasını o qədər unudub ki, kiçik ölçülü və səs imkanı sıfıra bərabər olan teatrla filmin zaldakı effekti arasındakı fərqi unudub. Düşünür ki, zəhmət çəkib harasa getməkdənsə, otur evində, dünyanın istənilən kanalını bir barmaq işarəsi ilə hüzuruna gətir.
   Kinoteatrla əlaqəsini itirən tamaşaçı artıq filmə kinoteatrda baxmağın texniki və mənəvi üstünlüklərinin fərqinə varmır.
   
   Necə başlamalı?
   
   Şadlıq evi və kinoteatr. Təsəvvür edin, telekanallarda reklam olunan şadlıq evlərinin mində biri qədər hansısa film və kinoteatr reklam olunur. Sizcə, nəticəsi necə olar? Hər halda, teatrlarımızın (xüsusən Akademik Dram Teatrı) bu sahədə təcrübəsi var və mütəxəssislər etiraf edir ki, telekanallarda gedən reklamlar geniş auditoriya yığmağa imkan verir. Paytaxtdakı «şadlıq evi» sindromu nəinki mədəniyyətə, həm də iqtisadiyyata öz mənfi təsirini göstərir. İnsanlar dəhşətli israfçılıq azarına tutulub sanki… 20-30 adda yemək, 10-15 adda içki və s. Hər gün şadlıq saraylarına minlərlə dollar axır, mənasız musiqilərdən insanlar artıq beziblər. Bu mənəvi böhran içərisində kinodan danışmaq bir az gülünc görünür. Eləcə də sənətin digər sahələrindən... Sahibkarlar isə bu mənəvi-sosial boşluqdan məharətlə yararlanırlar. Bu basabasda maraqlı bir filmə baxanda adam Allahına şükr edir. Amma yenə də düşünmək, vəziyyətdən çıxış yolunu tapmaq lazımdır. İllah da o zamanda ki, dövlət kinonun dirçəlməsini bir məqsəd kimi qarşıya qoyur.
   Məsələn, ən azı eksperiment üçün hansısa bir filmi geniş reklamdan sonra nümayiş etdirmək olar. Bəri başdan tam məsuliyyətlə tam demək olar ki, təcrübə müsbət nəticə verəcək. Təsəvvür edin, hardasa bir tamaşaçı var (bu hökmən var!) və o, kinoteatrlarda yeni filmlərə baxmaq istəyir. Kino sahəsinin əlaqədar instansiyaları bu tamaşaçının hüququnu qorumalıdır. Axı onun öz dövlətinin çəkdiyi filmə baxmaq haqqı var!
   Filmin yüksək səviyyədə çəkilişi ilə iş bitmir. Qarşıda min bir əzab-əziyyətlə araya-ərsəyə gələn filmin təbliği və nümayişi dayanır. İlk illər filmdən böyük qazanc güdməmək də olar. Təki bu mexanizm işə düşsün, tamaşaçı hələ prokatdan öncə kinoteatrlarda filmi görmək istəyində olsun. Necə deyərlər, bu bir mənəvi ehtiyaca çevrilsin. Necə olur ki, hər hansı müstəqil bir şəxs və ya təşkilat öz primitiv filmini yetərincə reklam edə bilir, ancaq dövlətin vəsaiti ilə çəkilən filmlər bir neçə nümayişdən sonra unudulur.
   Kinostudiyanın təmiri ilə eyni vaxtda kinoteatrların təmirinin də planlaşdırılması bəhs etlyimiz problemin həlli istiqamətində ciddi addım sayıla bilər. Güman edirik ki, şəhərimizdə beş-altı yüksək təmirli və işlək kinoteatr kino bazarının təşkil olunmasında yetərincə rol oynayacaq.
   
   P.S. Növbəti yazılarımızda filmlərin təbliğatı ilə bağlı mütəxəsslərin rəylərini sizə təqdim edəcəyik.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar