Film bundan əvvəl Riqada mükafat alıb
   
   Rejissor Fariz Əhmədovun “Lahıc ritmləri” sənədli filmi iyunun 13-14-də Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək “İrpen Film” Beynəlxalq Festivalında Azərbaycanı təmsil edəcək. Festivalın təşkilat komitəsinə 48 ölkədən 286 film təqdim edilib. Seçilmiş 50 film arasında “Lahıc ritmləri” də daxildir. Festival 7 nominasiya üzrə keçirilir və hər nominasiyada 7 film iştirak edir. Festivalın özünəməxsus cəhəti ondan ibarətdir ki, qalibləri münsiflər heyəti yox, filmi izləyən tamaşaçılar müəyyənləşdirəcək.
   Xatırladaq ki, “Lahıc ritmləri” filmi 2008-ci ildə “İmper Qrup” prodüser mərkəzində istehsal olunub. Ssenari müəllifi Nərgiz Bağırzadə, quruluşçu operatoru Üzeyir Abbas, prodüseri isə Nizami Abbasdır. Kino lentinə çəkilmiş 8 dəqiqəlik etnoqrafik elementlərlə zəngin filmdə İsmayıllı rayonunun Lahıc kəndindəki insanların bir günlük həyatı təsvir edilib. Bu yaxınlarda isə film Latviyada keçirilən “Tourfilm-Riga-2009” II Beynəlxalq Turizm Filmləri Festivalında “Tunc heykəlcik” mükafatı və diplomla təltif edilib.
   Riqa şəhərinin Turizm İnformasiya və Koordinasiya Mərkəzi tərəfindən təşkil olunan festival ötən həftənin sonunda Latviyanın paytaxtındakı “Riga” kinoteatrında keçirilib. Festivalda 18 ölkədən (Latviya, İspaniya, Danimarka, İsveçrə, Avstriya, Çexiya, Polşa, Azərbaycan, Macarıstan, Fransa, Malta, Rusiya, Moldova, Çernoqoriya, İtaliya, Serbiya, ABŞ və Böyük Britaniya) 47 film iştirak edib. Həmin filmlər eyni zamanda təmsil etdikləri ölkənin turizm potensialını da əks etdiriblər. Nümayiş olunmuş filmlər rejissor-prodüser Antra Tsilinskaya, kinotənqidçi Qalina Frolova və jurnalist Karlisa Streypsanın rəhbərlik etdikləri münsiflər heyəti tərəfindən qiymətləndirilib.

   İntiqam







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar