Oktyabrın 1-də Azərbaycan Yazıçılar Birliyində “Əjdər ol və dostları” adlı diskin təqdimatı keçirildi. Diskdə Əjdər Olun “Gələcəkdə yaşayıram”, “Vətən”, “Elə xoşum gəlir”, Fərhad Metenin “Bir şəhərin anatomiyası”, “İstədiyin kimi”, Rəbiqə Nazimqızının “Mənə heç nə demə”, “Aynur üçün”, Elxan Zalın “Ayrı sevgilər”, “Mən balıq tuturam”, Feyziyyənin “Hər şey vədəsində bitməliydi”, “Sən heç duyğuların əsir getdiyini görmüsənmi”, II Qismətin “Bakı elegiyası”, “Olmamalıydı”, Əli Əlioğlunun “Ümidsiz hay-küy”, “İnsan boyda”, “Mövlud Süleymanlıya”, Səlim Babullaoğlunun “Polkovnikə heç kim yazmır”, “Ordu günündə doğulan şairə” adlı şeirləri toplanıb. Diskdəki mahnıları gənc gitaraçı Leyla Quliyeva ifa edir. Disk “Nur” prodakşnda yazılandan düz bir həftə sonra şair Fərhad Mete vəfat etdiyinə görə, dostları diski Fərhad Metenin xatirəsinə ithaf ediblər... Tədbir “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Səlim Babullaoğlunun açılış nitqi ilə başlandı. Sonra mərhum şair Fərhad Metenin “İstədiyin kimi” adlı şeiri dinlənildi. AYB-nin katibi Arif Əmrahoğlu çıxış edərək gənclərin bu cür layihələrini ürəkdən alqışladığını bildirdi və onlara bu işlərdə uğurlar arzuladı. Daha sonra “Ədəbiyyat” qəzetinin şöbə müdiri, yazıçı-kulturoloq, AYB-nin gənclər şurasının sədri, yazıçı Elçin Hüseynbəyli bildirdi ki, ədəbiyyat bu cür olmalıdır: «Səkkiz şair, səkkiz dost bir yerdə disk çıxarıblar. Ədəbiyyat naminə iş görüblər. Ədəbiyyat intiriqa, mübahisə meydanı yox, dostluq meydanı olmalıdır».
   Tarixi romanlar müəllifi kimi tanınan Yunus Oğuz bu tipli disklərin cəmiyyətə verəcəyi xeyirdən danışdı. “Mahmud Kaşğarlı fondu”nun icraçı direktoru Elxan Zal da təbriklərə qoşularaq tədbirə iştirak edənləri, həmkarlarını təbrik etdi. Layihənin əsas icraçısı Əjdər Ol geniş çıxış edərək bu səpkili işlərin davamlı olacağına inandığını bildirdi. Sonda gənc şairlərdən Anar Amin, Əli Əlioğlu, İkinci Qismət, Fərid Hüseyn, Feyziyyə, Rəbiqə Nazimqızı disk haqqında öz fikirlərini bölüşdülər. Tədbirdə Fərhad Metenin həyat yoldaşı Hicran xanım və qızı Səbinə də iştirak edirdilər. Təqdimat mərasimi Fərhad Metenin “Bir şəhərin anatomiyası” adlı şeiri ilə başa çatdı.
   
   Fərid Hüseyn