I yazı
   
   Çətin mərhələlər keçən gürcü kinosu Sovet İttifaqının süqutundan sonra daha da pis vəziyyətə düşdü. Əslində isə gürcü kinosu həmişə çətinliklərlə üzləşib. O, repressiv ideologiyanın məngənəsində də sıxılıb, 1940-cı illərdə kəmiyyətcə az filmlər istehsal etməyə də məcbur olub. Amma gürcü kinematoqrafı - XX əsrin son on ilində keçirdiyi dərin böhran vəziyyəti ilə heç vaxt üzləşməyib.
   
   Böhran bu gün də davam edir… «Varlı ata» adı arxasında gizlənən, amma eyni zamanda ciddi, maliyyə nöqteyi-nəzərdən çox səxavətli, ən əsası isə vəziyyətə və «dəcəl uşaqlara» nəzarət edə biləcək o ağıllı dövlət artıq mövcud deyil. Senzuranı tətbiq edən dövlət və sovet ideologiyası ölüb və bu fakt guya azadlıq eşqilə yanan kinematoqrafçılara qol-qanad verməliydi… Amma əksinə oldu - rejim, maneə, etiraz edən filmlər yoxdusa, təbii ki, buna müvafiq olaraq kino da olmayacaq. Daha dəqiq desək, gürcü rejissorlarına sovet dönəmində stimul verən səbəblər indi yoxdur.
   Ölkəmizin kinematoqrafı haqqında müntəzəm danışılıb və yazılıb: kino tarixində özünəməxsus üslub yaradan gürcü kinosu sətiraltı mənalarla, eyhamlarla və məcazlarla zəngindir. Və gürcü kino üslubu heç bir kinematoqrafik üsluba bənzəmir. Amma gürcü cəmiyyəti kommunist rejiminin gətirdiyi komplekslərdən azad ola bilmədi. Sözsüz ki, rejissorlar da həmçinin. Bura eyni zamanda maliyyə problemləri də əlavə olundu. Müstəqil ölkənin hökuməti kino sahəsinə diqqət göstərəcək halda deyildi. Prodüser məktəbləri və özəl studiya institutları isə hələ formalaşmamışdı. Hərçənd maliyyə resurslarının çatışmazlığı ilə müqayisədə yaradıcılıq böhranı daha bərbad vəziyyətdə idi.
   İllər keçdi və gürcü kinematoqrafına rəqəmli texnologiyalar daxil oldu. Bütün dünyada olduğu kimi gürcülər də kinonu videolentə çəkmək imkanını skeptik qarşıladılar. Amma gənclik, hər halda, video ilə «oynamağa» və tələbə filmləri çəkməyə başladı. Tədricən yaşlı nəsil də bu sərhədi keçdi. Məsələn, bir neçə illik fasilədən sonra Georgiy Şengelaya («Pirosmani», «Veriy məhəlləsinin melodiyası», «Gənc bəstəkarın səyahəti» və s. filmlərin müəllifidir) özünün «Və qatar gedirdi» tammetrajlı filmini videolentə çəkdi. Şengelayanın qısa fasilədən sonra çəkdiyi filmin bir epizodu belə kamil yaradıcılıq təəssüratı yaratmır. «Maliyyə çatışmazlığı üzündən film çəkə bilmirik» fikri bayağı bəraətdir və əsası yoxdur. Üstəlik, İstman Kodakın köməkliyi ilə film çəkən Şengelayanın belə fikir söyləməyə, ümumiyyətlə, haqqı yoxdur. Əgər hətta maliyyə problemi varsa belə, rejissorlar yaxşı bilir ki, Avropada çoxlu sayda azbüdcəli film çəkilir və böyük bir çəkiliş meydançası olan ölkəmizdə kino çəkmək qat-qat ucuz başa gəlir. Ölkədə kino çəkmək təkcə maliyyə baxımından ucuz deyil. Rejissorlara hətta hansı mövzuda çəkməyi düşünmək belə lazım deyil - çünki hər şey üzdədir. Bunu görmək üçün gözləri iri açmağa ehtiyac yoxdur - amma təəssüf ki, gürcü rejissorları, ümumiyyətlə, kinematoqrafda gözün əhəmiyyətini unudublar. Zamanında rus kino tənqidçisi Yuri Boqomolov gürcü kinosunu germetizmdə ittiham etmişdi, gürcü kinotənqidçiləri ona kəskin cavab verdilər və hətta özlərinin əks hücumu ilə rəqibi sözlə məğlub da etdilər (bu indiyə kimi onlar üçün qürur predmetidir). İndiki dövrdə eyni fikri təhkiyə haqqında demək olar. Rejissorların təfəkkürü çox qapalı, hətta demək olar ki, ruh sarsıdıcı olub.
   Şengelayanın filminin personajları qatar sərnişinləridir. Bu nəqliyyat vasitəsi Babulianinin «Sərçələrin uçuşu» filmindən və Basa Potsxişvilinin video klipindən sonra yeni mifik gəmi kimi gürcü ekran məkanında geniş yayılıb. Filmdə gürcü teatr və kinosunun xeyli məşhur aktyoru çəkilib. Onların böyük əksəriyyəti Şota Rustaveli və Mixail Tumanişvili adına teatrların aktyorlarıdır. Akytorlar çox ekssentrikdirlər, amma bu kinematoqrafik yox, teatral ekssentriklikdir. Göründüyü kimi, Şengelaya onlara çəkiliş meydançasının teatr səhnəsi olmadığını anlada bilməyib. Ona görə də aktyorların jestlərdən həddən artıq istifadəsi, şişirdilmiş mimikalar və qışqırıqlar ilk növbədə rejissorun xidmətidir. Özünün son ekran işində Şengelaya qapalı mikrokosm yaradıb və onun ancaq bir tərəfi real dünyaya açıqdır. Bu mikrokosmda o, çoxlu stereotipləri bir araya gətirib və artıq yüz dəfə çeynənimiş materialı dirçəltmək istəyib. Siz burda daha kimlərlə üzləşməyəcəksiz: rus qadın bələdçisi, erməni pinəçisi, sərxoş şair, qadın kimi geyinən kişi… Əsas odur ki, onların hamısını gürcü və ya xarici filmlərdən yaxşı tanıyırıq. Rejissor onları ehtiyac olmadan yığıb, bəzilərini böyük qardaşının yaradıcılığından, bəzilərini isə öz köhnə filmlərindən götürüb.
   
   Aişə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar