«Əsl sənətkar cəmiyyətdə baş verən hadisələrin işıqlı, yaxşı tərəflərini görməyi bacarmalıdır. Rejissor film çəkəndə ssenarinin ideyasını, onun təlqin etdiyi başlıca qayəsini əsas götürməlidir. Bədii cəhətdən dayaz, sönük mövzuları lentə almaq heç də əsl yaradıcılıq deyil. Hər bir ekran əsərində əsas mövzu insan olmalıdır: onun amalı, istəyi, mübarizəsi.
   
   Əsl yaradıcı sənətdə yeni cığır açmalı, özündən sonrakı nəsil üçün bir örnək olmalıdır. Çünki sənətkar hər şeydən əvvəl vətəndaşdır, zəmanəsinin oğludur».
   Bu sözlər Azərbaycanın və SSRİ-nin xalq artisti, kinorejissor, ssenarist, aktyor Əjdər İbrahimova məxsusdur. Lakin bu sözlər eyni ilə onun özünə aiddir: o, əsl vətəndaş və zəmanəsinin oğlu idi. Əgər belə olmasaydı, Ə. İbrahimov «Bir məhəlləli iki oğlan», «Onun böyük ürəyi», «Ulduzlar sönmür», «Ürək əhvalatları», «Məhəbbətim mənim, kədərim mənim», «Qəribə adam» kimi dəyərli filmlər yarada bilməzdi.
   Əjdər müəllim deyirdi ki, onun həyat yolunu, sənət yolunu düzgün seçməsində müdrik insanların böyük rolu olub. Lakin bu yolla irəliləməkdə qarşısına qoyduğu aydın məqsəd, sənətdə öz sözünü demək istəyi, ən başlıcası isə özünə və gördüyü işə inam ona arxa olub, onu həmişə irəli aparıb.
   Əjdər Mütəllim oğlu İbrahimov 1919-cu ildə Aşqabadda anadan olmuş, ilk təhsilini də burada almışdır. Sənətə olan böyük maraq gənc Əjdəri əvvəlcə Aşqabaddakı musiqili dram teatrına gətirir, burada aktyor işləyir, sonra təhsilini Aşqabad Teatr Məktəbində davam etdirir.
   1942-ci ildə çoxları kimi Əjdərin də həyat yolu cəbhə bölgələrindən keçir. Əjdər müəllim o ağır illəri xatırlayarkən deyirdi: «Cəbhə mənim üçün ilk həyat məktəbi oldu. Müharibə mənə çox şey öyrətdi, məni ağlasığmaz hadisələrin iştirakçısına çevirdi. Çətin müharibə yollarında xeyri də gördüm, şəri də, onların mübarizəsini də. Artıq biz cavanlar üçün həyat və ölüm abstrakt kateqoriyalar deyildi. Ona görə də biz sonralar ekrandan nə isə yeni bir söz deyə bildik...»
   Ə.İbrahimov müharibədən sonra - 1952-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirir. Diplom işi üçün çəkdiyi «Sülh uğrunda mübariz» filmi onun kino sənətindəki yolunu təyin edir. N.Hikmətə həsr olunmuş bu kiçik həcmli filmdə cavan rejissor böyük şairin həyat və yaradıcılığını canlı şəkildə ekranda göstərməyə müvəffəq olmuşdur. Diplom müdafiəsindən sonra gənc rejissora Moskvada qalıb işləmək təklif olunur. Lakin o, Aşqabada qayıdıb yerli kinostudiyada «Firuzə», «Xəzər dənizinin şərqində» və s. sənədli filmlərini çəkir, «Sovet Türkmənistanı» kinojurnalının bir çox seriyalarının rejissoru olur.
   1954-cü ildə Ə.İbrahimov Bakıya gəlir. Tezliklə Nazim Hikmətin böyük şəxsiyyəti və tükənməz yaradıcılığı gənc rejissoru yenidən özünə cəlb edir və o, 1957-ci ildə İ.Qurinlə birgə «Bir məhəlləli iki oğlan» bədii filminə quruluş verir. Bakı kinostudiyası ilə M.Qorki adına kinostudiyanın birgə istehsalı olan bu filmdəki hadisələr Yaxın Şərq ölkələrindən birində cərəyan edir. Xalqın həyatını və onun mübarizəsini son dərəcə inandırıcı göstərən bu film N.Hikmətin coşub daşan istedadını və quruluşçu rejissorların belə vacib mövzunu kino dilinə çevirmək bacarığını təsdiq edir.
   Özünün ilk böyük işindən ruhlanan Ə.İbrahimov 1958-ci ildə İmran Qasımovun ssenarisi əsasında müstəqil olaraq «Onun böyük ürəyi» filmini lentə alır. Üç tarixi dövrü - müharibədən əvvəl, İkinci Dünya müharibəsi və dinc quruculuq illərini əhatə edən bu kinopovestdə adamların yüksək mənəviyyatından, yaradıcı əməyindən, hər bir çətinliyə mətanətlə sinə gərmələrindən bəhs edilir, cəmiyyətdə özünə rahat yer, asan gəlir yolu axtaran bəzi əliəyri, yüngül xasiyyətli tiplər tənqid olunur.
   Bundan sonra Ə.İbrahimovun yaradıcılığının Vyetnam dövrü başlanır. 50-60-cı illərin kəsiyində o, bir neçə il bu ölkədə işləmiş, Vyetnam kinematoqrafiyasının yaradılmasında əlindən gələn köməyi əsirgəməmişdir. O, Hanoyda milli kino məktəbi açmış, özü burada dərs demiş, kinorejissor və kinoaktyorlar hazırlayan emalatxanalara rəhbərlik etmişdir. Onun bu ölkədəki gərgin pedaqoji və yaradıcılıq fəaliyyəti Vyetnam Demokratik Respublikasının ali mükafatları ilə qiymətləndirilmişdir. Vətənə qayıtdıqdan sonra o, Vyetnam təəssüratları əsasında üç kitab - «Vyetnamda gördüklərim», «Günəş yandırır» və «Tan qəbiləsindən olan qız» kitablarını nəşr etdirmişdir.
   Vyetnam ezamiyyətindən sonra Ə.İbrahimov 1962-ci ildən «Mosfilm» kinostudiyasında fəaliyyətini davam etdirmiş, doğma Azərbaycanla da əlaqəsini kəsməmişdir. Bu yaradıcılıq əlaqəsinin nəticəsi olaraq, O, «Mosfilm» və «Azərbaycanfilm» kinostudiyalarının müştərək istehsalı olan «İyirmialtılar» (1966) və «Ulduzlar sönmür» (1971) iri həcmli tarixi-inqilabi filmlərinə quruluş vermişdir.
   «İyirmialtılar» epik filmi 1918-ci ildə Bakıda baş verən dramatik hadisələrdən bəhs etsə də, əslində bu mövzu sovet ideologiyasının tələblərinə uyğun olaraq, öz ekran həllini tapmışdır. Ancaq tarixi-inqilabi mövzu filmin bədii dəyərini heç də əskiltmir. Sənət baxımından bu kino əsəri bu gün də öz əhəmiyyətini qoruyub saxlamışdır.
   Onu da qeyd etmək lazımdır ki, bu filmin çəkilişləri çox mürəkkəb şəraitdə aparılmışdır: iri kütləvi səhnələr 45 dərəcə istidə lentə alınmışdır, iş zamanı qrim əriyir, bığ-saqqalı yapışqan saxlamırdı, bəzən də adamın iliyinə işləyən küləklər əsir, qumu göyə sovururdu. Filmin çəkilişi üçün Bakının ətrafında xüsusi olaraq 18 qazma buruğu tikilmişdi: bunların taxta ilə örtülmüş metal gövdələri 10 bal gücündə tufana dözə bilərdi, onların ətrafında süni neft gölü yaradılmışdı. Bunların tikintisinə üç ay vaxt sərf olunmuşdu. Sonra bu qurğuların hamısına od vurulmuş və onlar bir neçə dəqiqənin ərzində yanıb kül olmuşdur. Geri çəkilən ingilislər tərəfindən yandırılan neft mədənlərində yanğın epizodu belə çəkilmişdi.
   Hər səhər Bakıda yol polisi işçiləri motosikletlərdə başlarında iri papaq, bellərində qılınc olan 250 süvariyə yol açırdılar, onların ardınca Bakı milyonçularının gəzdikləri qədim faytonlar gedirdi. Axırda isə müasir avtobuslarda çəkiliş qrupu gəlirdi.
   Aktyor seçimində də böyük iş aparılmışdır. Epizodlardan birində 70-ə yaxın aktyor iştirak etmişdir. Təsadüfi deyil ki, bu ekran əsəri 1968-ci ildə Leninqradda (Sankt-Peterburq) III Ümumittifaq Kinofestivalında ən yaxşı tarixi-inqilabi filmə görə II mükafata layiq görülmüşdür.
   «Ulduzlar sönmür» genişformatlı bədii filminin mərkəzində isə mürəkkəb, çoxcəhətli şəxsiyyət: müəllim, həkim, yazıçı-publisist və dövlət xadimi Nəriman Nərimanov durur. Müəlliflər filmdə novella-xatirə formasından istifadə edərək böyük şəxsiyyətin və onun yaşayıb yaratdığı dövrün tarixini, qəhrəmanın xarakterini və onun digər insani keyfiyyətlərini açıb göstərmişlər.
   Rusiya kinosunun məşhur rejissoru A.Alov bu filmlə bağlı demişdir: «Bir neçə kino novellasından ibarət olan «Ulduzlar sönmür» filmi Nərimanovun xarakterinin və fəaliyyətinin bir çox cəhətini açıb göstərir. Filmdə N.Nərimanov qeyri-adi dərəcədə hərtərəfli istedada malik bir insan: görkəmli dövlət və partiya xadimi, maarifçi, ədib, diplomat, həkim kimi təcəssüm etdirilir. O, ömrünün axırınadək zəhmətkeş kütlələrin mənafeyinə sədaqətlə xidmət etmiş, alovlu qəlbinin bütün hərarətini onlardan əsirgəməmişdir.
   «Ulduzlar sönmür» filmi kinematoqrafiya cəhətindən maraqlıdır və yaxşı baxılır. Film üslubunun vahidliyi, yaradıcı qrupun istedadlı işi ilə diqqəti cəlb edir. Filmin yaradıcılarından birinci növbədə parlaq fərdi dəst-xətti olan, filmdən-filmə inkişaf edən rejissor Ə.İbrahimovun xidmətlərini qeyd etmək lazımdır».
   Geniş yaradıcılıq diapazonuna malik sənətkar hansı mövzuya, hansı janra müraciət edirdisə, onun yaratdığı hər bir əsər, istər xalq dramı, istərsə də məişət filmi olsun, diqqətdən yayınmır, maraqla baxılır, yaddan çıxmır.
   1973-cü ildə «Mosfilm» kinostudiyasında ailə-məişət mövzusunda çəkdiyi və «Təcili yardım» işçilərinə həsr etdiyi «Ürək əhvalatları» filmi rejissorun lirik planda işləmək bacarığını üzə çıxartdı. Ə.İbrahimov bu filmdə daşqəlbli adamlardan fərqli olaraq, açıq ürəkli və həssas insanların zərif duyğularla yaşadıqlarını, başqalarının dərdinə şərik çıxdıqlarını incə ştrixlərlə tamaşaçılara çatdırmışdır.
   Bu mövzunu bir qədər də dərinləşdirərək rejissor növbəti filmində-«Qəribə adam» (1978) televiziya filmində cəmiyyətdə hökm sürən mənəviyyatsızlığın və satqınlığın acı nəticələrindən ürək ağrısı ilə danışır. N.Hikmətin eyniadlı əsərinin motivləri əsasında yaradılmış bu filmdə çox mühüm mənəvi məsələlərə toxunulmuşdur.
   Hələ sağlığında Ə.İbrahimov professional kinorejissor kimi nəinki keçmiş SSRİ-də, həm də xarici ölkələrdə yaxşı tanınırdı. Onun filmləri dünya ekranlarında uğurla nümayiş etdirilirdi. Elə bu səbəbdən də «Mosfilm» kinostudiyası (SSRİ) ilə «Tuğrafilm» (Türkiyə) kinoşirkəti «Məhəbbətim mənim, kədərim mənim» bədii filminin birgə istehsalına qərar verəndə, hər iki tərəf böyük məmnuniyyətlə quruluşu Əjdər İbrahimova həvalə etdi. Rejissor dördüncü dəfə idi ki, N.Hikmətin yaradıcılığına müraciət edirdi. Bu dəfə o, şairin «Məhəbbət əfsanəsi» pyesinə müraciət etmiş və həmin əsərin motivləri əsasında çox maraqlı və baxımlı kino əsəri yaratmışdı.
   Ə.İbrahimov gözəl rejissor olduğu qədər də istedadlı ssenarist idi. O, «Qayınana» kinokomediyasının ssenarisini M.Maleyeva, «İyirmialtılar»ı İ.Hüseynov və M.Maksimovla, «Ulduzlar sönmür»ü İ.Hüseynovla, «Məhəbbətim mənim, kədərim mənim» filminin ssenarisini tək özü, «Qəribə adam»ı M.Maleyeva ilə birgə yazmışdır. Öz filmlərində aktyor kimi də çıxış etmişdir: «Onun böyük ürəyi»ndə Rəsulov, «Ulduzlar sönmür»də Bequlov, «Qəribə adam»da tacir Rəcəb rollarını məharətlə ifa etmişdir
   Görkəmli sənətkar 20 ildən artıq Moskva Dövlət Mədəniyyət İnstitutunda kino rejissorluğu və aktyor sənətindən dərs demişdir.
   Azərbaycan kino sənətinin yorulmaz təbliğatçısı Əjdər İbrahimov 1993-cü il sentyabrın 20-də uzun sürən ağır xəstəlikdən sonra, ömrünün 74-cü ilində Moskva şəhərində vəfat etmiş, doğma Bakıda Fəxri Xiyabanda torpağa tapşırılmışdır.
   
   Aydın Kazımzadə,
   Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar