Məlik Dadaşov xeyirxah nəhəng də ola bilər, bədxah qorxu kabusu da... Yaqo, Maqbet, Prospero, Şeyx Nəsrullah, Qəmlo, Molla Sadıq, Aram Xaçaturyan....
   
   Məlik Dadaşovu səhnədə görən hər kəs təsdiq edər ki, onun xarici görkəmi, sifətinin ahəngdar cizgiləri, mənalı baxışları, əzəmətli yerişi səhnə üçün yaranmışdı. Əlbəttə, bunlar aktyor üçün vacib olan şərtlərdəndir. Lakin əsas məsələ Məlik Dadaşovun sənətkarlıq gücündə, istedadındadır. Bir aktyor kimi çoxcəhətli yaradıcılıq imkanlarına malik Məlik Dadaşov həm komediyalarda, həm dramatik və faciə xarakterli obrazlarda, həm də lirik-psixoloji rollarda böyük uğur qazanmışdı. Zəngin plastikası, aydın tələffüzü, rəqs etmək məharəti, yüksək musiqi duyumu onun aktyor cazibədarlığını qüvvətləndirirdi.
   27 iyun 1924-cü il isə Məlik Dadaşovun doğum tarixidir. Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Neft sənayeçisi olan atası Nobellə birlikdə işləyib. Aktyor təhsilini 174 saylı orta və A. Zeynallı adına musqi məktəbində alıb. Buranı bitirdikdən sonra başqa gənclər kimi, Məlik də müharibəyə yollanır. Kontuziya alır və 1943-cü ildə müalicəsini başa çatdırıb, yenidən hərbi hissələrdə musiqiçi kimi xidmət göstərir. 1945-ci ildə ordudan tərxis olunduqdan sonra Məhərrəm Haşımovun təşəbbüsü ilə Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayır. Bir müddətdən sonra Zaqatala Dövlət Teatrı açılır. Aktyorluq fəaliyyətinə yenicə qədəm qoymuş Məlik bu teatra göndərilir. 1946-cı ilin mayında isə Şəmkir teatrına göndərilir. Burada bir il işlədikdən sonra 1947-ci ildə Teatr İnstitutuna - Adil İskəndərovun kursuna daxil olur. Həmçinin filarmoniyanın mahnı və rəqs ansamblına rəqqas kimi işə götürülür. 1950-ci ilin oktyabrında Milli Dram Teatrında fəaliyyətə başlayır.
   
   «Axırıncı aşırım»dan «Fəryad»a
   
   Məlik Dadaşov səhnədə pafosla, yüksək romantizmlə yaşayan aktyorların arasında sakit və təbii oyunu ilə fərqlənirdi. O, ifa zamanı səsini boğmadan, qışqırmadan, süni gülüş və tragizm yaratmağa can atmadan öz oyununa təbiilik və həyatilik qatırdı. Bu, Azərbaycan teatr sənəti tarixində aktyor oyunu baxımından yenicə yaranmış realizm idi. Məlik Dadaşov bu cərəyanın nümayəndələri arasında özünəməxsus yer tuturdu. 60-cı illər Məlik Dadaşovun teatr yaradıcılığının ən yüksək zirvəsidir. Bu illərdə o, teatrda Şeyx Nəsrullah kimi yadda qalan obraz yaratdı və özünün sənətkarlıq məharətini təsdiqlədi.
   Azərbaycan dramaturgiyasında xaraktercə mürəkkəb və ziddiyyətli, ancaq dolğun bir obraz olan Şeyx Nəsrullah Məlik Dadaşov sənətinin zirvəsində dayanmaqla onun səhnə fəaliyyətində ən uğurlu ifa oldu. Məlik Dadaşov Şeksprin «Fırtına» pyesində oynadığı Prospero obrazı ilə daha da sevildi. Prosperodan sonra daha bir Şekspir qəhrəmanını səhnədə canlandırdı. Bu, cinayətkar, amma zərif və həssas təbiətə malik Maqbet idi. Tamaşaya yazılımış rəylərdən belə qənaətə gəlmək olardı ki, tam işlənməmiş psixoloji vəziyyətlər aktyorun ifasında bütövlükdə təcəssüm tapmamışdı. Fəqət bu obrazın onun səhnə yaradıcılığında olması faktı Məlik Dadaşovun müəyyən ampluasının davamı idi.
   Bütün bu keyfiyyətlər aktyorun kino yaradıcılığı üçün də səciyyəvi oldu. Kinoda da roldan-rola dəyişir və başqalaşırdı. 35-ə yaxın bədii filmdə çəkilən Məlik Dadaşov «Axırıncı aşırım»da Qəmlo, «Dəli Kür»də Molla Sadıq, «Koroğlu»da Bolu bəy, «O dünyadan salam»da Şeyx Nəsrullah, «Birisi gün gecə yarısı»nda Nəriman Nərimanov, «Babək»də İbn Bəis, «Nəsimi»də Şirvanşah İbrahim, «Fəryad»da Aram Xaçaturyan obrazlarını yaratdı.
   «Axırıncı aşırım» filmi Məlik Dadaşovun kinoda möhtəşəm triumfu idi. Uzun illər Azərbaycan tamaşaçısına «cəmiyyətimizə yad», «qolçomaq», «Abbasqulu bəyin qatili» kimi təqdim olunmasına baxmayaraq, Qəmlo Məlik Dadaşovun ifasında birmənalı qarşılanmadı. Onun məharətli ifa tərzi, filmin «əvvəlki və indiki yozumlarına» birdəfəlik son qoydu. Qəmloda Məlik Dadaşov qəhrəmanının xarakterini təkcə oyun effekti ilə deyil, səs tembri və üz ifadələri ilə də açmağı bacarır. Qəmlonun sözsüz səhnələrində, pauzalarında az qala gözləri dil açıb danışır.
   Molla Sadıq rolu isə inqilabdan əvvəlki Azərbaycanın bəzi din xadimlərinin tipik nümayəndəsidir. Filmdə («Dəli Kür») onun iştirakı ilə bağlı epizodlar çox güclü təsir bağışlayır. Tamaşaçı Məlik Dadaşovun ifasındakı Molla Sadığı görən kimi tanıyır.
   Onun kinodakı son rolu mərhum rejissor Ceyhun Mirzəyevin çəkdiyi «Fəryad» filmindəki erməni obrazı oldu.
   Bəziləri isə ona sadəcə heyran qalmışdı. Heyran qalmışdılar ki, həyatda tamamilə fərqli olan bir insan filmdə bu qədərmi dəyişə bilər?! Bütün bunlar onun aktyor kimi böyüklüyünün sübutu idi. Deyəsən, mənfi obrazlar yaratmaq Məlik Dadaşovun kino taleyinə yazılmışdı. Çox illər öncə isə o, azərbaycanlıya əzab verən ermənidən fərqli olaraq, ermənilərə qan udduran obraz yaratmışdı - Qəmlo...
   
   İntiqam Hacılı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar