13 iyul kinooperator və kinorejissor Rasim İsmayılovun (1936-2004) doğum günüdür. Rasim İsmayılovla bağlı materiallarımızı (gündəliyindən sətirlər, həyatı və yaradıcılığı barədə məqalələr, digər materiallar və s.) bu sayımızdan etibarən ardıcıl olaraq təqdim edirik. İlk olaraq rejissorun gündəliyində «Şir evdən getdi» və «Mən sizi dünyalar qədər sevirdim» filmləri barədə etdiyi qeydləri çap edirik. Xatırladaq ki, R.İsmayılov bir çox məşhur filmlərimizin operatoru və əsasən də uşaq filmləri çəkən rejissorlarımızdan olub.
   
   «Şir evdən getdi»
   
   “Məncə, studiyamızın bütün kinematoqrafçılarından ən çox mən «dördayaqlı artistlərlə» işləmişəm. Mənim qəhrəmanlarım - ayılar, atlar, öküzlər, uzunqulaqlar, itlər, meymunlar, tutuquşular, leyləklər, ilanlar olub. İlk rejissor işim olan «Şir evdən getdi» filmində şirlər və fillərlə işləmişəm.
   Lev Bərbərov öz şirinin xaltasından tutaraq kinostudiyada peyda olanda dəhlizlər o dəqiqə boşalırdı. II Kinq əsl şah idi. Qüvvətli pəncələr, qıvraq, əzələli bədən, iti baxışlar... Bir dəfə mürəkkəb çəkiliş gününün sonunda biz Kinqlə eyni stol arxasında oturduq: aramızdakı məsafə o qədər az idi ki, pəncəsini uzatsa, mənə çatardı. Bizim boşqablarımızdakı bifştekslər Kinqin bifşteksindən iyirmi dəfə balaca idi. Biz zəhmli qonşumuzun diqqətini cəlb etməmək üçün öz payımızı tələsə-tələsə yeyib qurtardıq.
   …Mərkəzi televiziyada ümumittifaq premyerası. Həyəcandan dişlərim bir-birinə dəyir. Kinematoqrafçıların ancaq yuxularında gördükləri auditoriya - yüz əlli milyon tamaşaçı. Evdə dostlarım televizorun qarşısına yığışıblar. Başlanğıc melodiya səslənir. Filmin adı peyda olur: «Şir evdən getdi». Qırılır. Filmin yaradıcılarının adı yazılmış titrlər itir. Nə baş verir? Gecə Moskvaya zəng edirəm. Sən demə, filmi efirə buraxan redaktoru titrlər təşvişə salıb - «Begemot - Məmmədov». Həmin vaxt SSRİ televiziyasına Begemot ayamalı Ənvər Məmmədov başçılıq edirdi. Redaktor güman edir ki, rəhbərlik bu filmin onun haqqında olduğunu fikirləşər. Bir sözlə, ay zəmanə!
   
   «Mən sizi dünyalar qədər sevirdim»
   
   1986-cı ildə Novorossiysk sularında «Admiral Naximov» gəmisi batmışdı. Axşam imiş. Heç nədən şübhələnməyən sərnişinlər əylənirmişlər: gecə çimməyin həvəskarları hovuzun başına toplaşıblarmış, musiqi salonunda diskoteka qızışıbmış. Ağzına qədər dolu kinozalda isə ekranlara yenicə çıxmış optimist başlıqlı «Mən sizi dünyalar qədər sevirdim» filmi gedirmiş. Adətən bizim ziyafətlərdə bütün əsas sağlıqlar sağlamlıqla bağlı olur. Amma Çörçil hesab edirdi ki, əsas olan sağlamlıq yox, bəxtdir. Çünki «Titanik»də hamı sağlam idi. «Admiral Naximov»da da hamı sağlam idi. Elə Həzi Aslanovun özü də həyatdan gedəndə sağlamlığının, istedadının, gücünün zirvəsində idi. «Mən sizi dünyalar qədər sevirdim» - şanlı general bu sözləri həlak olduğu döyüşdən iki saat əvvəl həyat yoldaşına yazmışdı. «Admiral Naximov» gəmisi batan vaxt bu sözləri indi o, film vasitəsilə sanki sərnişinlər üçün təkrarlayırdı. Görəsən, həmin dəhşətli anlarda onlar öz yaxınları haqqında fikirləşirdilərmi? Bu situasiyada mistik nə isə var.
   
   İntiqam Hacılı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar