Rejissorlarımızın bəziləri yeni filmlərindən danışanda sözarası onu «Oskar»a göndərməyi fikirləşdiklərini qeyd edirlər. Bununla da hələ heç kimin görmədiyi həmin filmlər qızğın maraq obyektinə çevrilir. Bəzən biz özümüz də hər hansı əcnəbi rejissordan, filmdən, aktyordan, aktrisadan yazmaq istəyəndə, ilk növbədə onun «Oskar»çı olub-olmadığı ilə maraqlanırıq. Elə təəssürat yaranır ki, amerikalı kinoakademiklərin təsis etdikləri bu mükafat kino sənətinin yeganə kriteriyasıdır. Halbuki, Venesiya, Kann, Berlin, San-Sebestyan festivalları ağırlığına görə «Oskar»dan nəinki geri qalmır, əksinə onların verdiyi qiymət «Oskar»dan daha üstündür. Bəs «Oskar»ı bu qədər qiymətli və populyar edən nədir? Məşədi İbadın dostu Həsən bəy demişkən: «Bəlkə para?»
   
   Tamamilə doğrudur. Pul. Maliyyə. Çoxbüdcəli film çəkmək imkanı, məşhur prodüserlərin Hollivudun nəhəng studiyalarının maraq dairəsinə düşə bilmək şansı... Bu gün bütün dünyada azbüdcəli film tendensiyası mövcuddur və dəbdədir. İstənilən film əgər az büdcə ilə, minimum maliyyə sərfiylə başa gəlirsə, bu, onun plyusudur. Azbüdcəli filmlərə həsr olunmuş xüsusi festivallar keçirilir, nəhəng beynəlxalq festivallarda azbüdcəli filmlər üçün xüsusi bölmələr ayrılır və həmin bölmələr festivalın prestiji hesab edilir, onun imicini yüksəltməyə işləyir. Əslində isə məşhur, qeyri-məşhur bütün rejissorların ən böyük, gizli arzuları yetərli vəsaitin olmasıdır. Büdcənin böyük olması heç bir texniki məhdudiyyətlə qarşılaşmamaq, çərçivələrə düşməmək, yaradıcı sıxıntı çəkməmək deməkdir. Dünya kino aləminin geniş maliyyə imkanları mərkəzi Hollivuddur. «Oskar»a layiq görülmək, nə vaxtsa Hollivuda dəvət almaq deməkdir.
   Kino biznesdirsə, «Oskar» mükafatı biznesmenlərin təsis etdiyi mükafat, verdiyi dəyərdir. «Oskar»a, sadəcə nominant olmaq və ya heç vaxt bu mükafatı qazanmamağın özü də müvəffəqiyyət, uğur sayılır. Martin Skorseze kimi.
   Bu mükafatın bir maraqlı cəhəti də var. Hər hansı diqqətli tamaşaçı burda qalib gələn filmləri müşahidə etməklə ABŞ-ın siyasətini, hansı siyasi, iqtisadi problemlərin yaşandığını öyrənə bilər. «Oskar» indiyə qədər mövcud olmuş sənət mükafatları içərisində ən siyasiləşmiş, ideolojisidir. Balkan müharibəsinin ən qızğın dövründə akademiklər «Ən yaxşı əcnəbi film» nominasiyasında Xorvatiyadan gəlmiş «Heç kimin torpağı» filmini qalib elan etmişdilər. ABŞ-da rasisizmin kəskin xarakter aldığı, qaradərili vətəndaşların kütləvi qiyam qaldırdığı, şəhərləri yandırdığı vaxt «Məşq günü» filminin qaradərili qəhrəmanı, filmdə mənfi polis obrazını yaratmış qaradərili aktyor Denzel Vaşinqton «Ən yaxşı kişi aktyor» adını qazanmışdı. Film və aktyorun ifası o qədər sıradan, adi idi ki, hətta aktyorun özü də çox təəccüblənmişdi. Lakin son illərin ən dahi filmlərindən biri hesab edilən rejissor Martin Skorsezenin «Nyu-Yorkun bandaları» filmi hamının gözlədiyinin əksinə olaraq uduzdu. Çünki film 11 sentyabr hadisələrilə eyni vaxta düşmüşdü. ABŞ İraqla müharibəyə başlamışdı, dünyaya «Alicənab, ədalətli, demokratik Amerika» ideyası yeridilirdi. Hazırda «Oskar» mükafatının təqdimolunma mərasimi terror aktına qarşı ən ciddi mühafizə olunan obyektlərdən biridir. Bəlkə heç ABŞ-ın prezidenti belə ciddi qorunmur.
   Siyasətdən qaçan, əsl sənət nümunələri yaradan rejissorlar yenə də Avropa kinofestivallarını seçirlər. Koreyalı Kim Ki Dukun əksər filmlərinin ilk premyerası ya Kannda, ya Berlində keçirilir. Həmçinin Vim Vender, Cim Carmuş, Fransua Ozon, Əmir Kusturitsa da! Odur ki, nə prodüser, nə studiya ilə başları ağrımır. Çəkiliş meydançasında ağa özləridi.
   O ki qaldı bizlərə, bəli, bizim üçün «Oskar» ən yüksək səviyyədir. «Oskar»a gedib çıxması üçün film ən azı bir həftə hər gün yerli kinoteatrlarda göstərilməlidir. Yerli bazarda konkret miqdarda gəlir gətirməlidir, dörd həftə müddətində yerli və beynəlxalq kinoprokatda yayılmalıdır. Üstəgəl, Azərbaycan kinoakademiyanın üzvü olmalıdır, hər il üzvlükhaqqı ödəməlidir. Bu şərt o qədər də vacib deyil. Amerikalı akademiklər sizi şəxsən də mərasimə dəvət edə bilərlər. Amma bunun üçün siz, sizin filminiz (oxu-ölkəniz) onlar üçün mühüm strateji əhəmiyyət daşımalıdır.

   İntiqam







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar