«Cavad xan» filminin çəkilişlərində az da olsa iştirak etmişəm. Əsasən də «Azərbaycanfilm» kinostudiyasının həyətində aparılmış çəkilişlər zamanı. Mən ölkənin bütün təbəqələrinin maraqla gözlədiyi bu filmin böyük səs-küy yaradacağına inanırdım. İnanırdım deyəndə ki, indi də inanıram.
   
   Qeyd edim ki, filmin çəkilişləri haqqında bütün ilboyu İctimai Televiziya o ki var məlumat verib. Çəkilişlərin müxtəlif məkanlarda aparılmasına baxmayaraq, İTV-nin kameraları orada olub və demək olar ki, filmin bütün çəkiliş prosesini videolentə köçürə biliblər. Bütün bunlar müsbət qiymətləndirilməlidir. Amma bir problem var ki, filmin çəkilişləri başa çatandan sonra İTV-nin efiri artıq bu haqda çox az-az danışmağa başladı. Mənə belə gəlir ki, artıq onlar da yoruldular.
   
   «Reklamdan yorulmuşlar»
   
   Diqqətlə baxsaq görərik ki, «Cavad xan» filmini istehsal edən şirkət ilk növbədə bu ekran əsərinin TV reklamına üstünlük verdi. Sözsüz ki, TV reklam deyəndə filmin xüsusi reklam çarxından yox, onun haqqında gedən informasiyalardan, hazırlanan reportajlardan, sənədli filmdən söhbət gedir. Nəticə etibarilə şirkət nümayəndələri istədiklərini əldə etdilər. Və bütün azərbaycanlılar «Cavad xan» filminin nə vaxt nümayiş olunacağı ilə maraqlanmağa başladı. Amma bu gözləmə o qədər davam etdi ki, hətta səhərdən axşamacan İTV-də bir növ reklam olunan bu filmin fanatları da bezdilər.
   Mən şəxsən kino sahəsinə aidiyyəti olmayan tanışlarımın rəyinə əsaslanıb bu fikirləri bildirirəm.
   Diqətlə fikir versək görərik ki, «Cavad xan» filminin rejissorunu - Rövşən Almuradlını bir il əvvəl hamı yaxşı tanıyırdı. Amma indi onun adı belə cavadxansevərlərin yadından çıxmaq üzrədir. Çünki əvvəlki kimi telekanallarımız, xüsusən də İTV bu film haqqında reportajlar hazırlamır, xəbər yaymır.
   Düşünürəm ki, artıq Rövşən müəllimin özü də bu «reklamlar»dan bezib. Və buna görə möhtəşəm kino bayramı- «Cavad xan» filminin təqdimatına barmaqla sayılacaq günlərin qaldığı bir vaxtda, filmin yaradıcı heyətini ekranlarda görmək olmur.
   
   «Cavad xan» Cavad xan olacaqmı?
   
   Şükürlər olsun ki, «Cavad xan» filmi kino günümüzdə ictimaiyyətə təqdim olunacaq. Bununla da indiyə kimi, müstəqil Azərbaycanın kino tarixində ən böyük reklam kampaniyası aparılan bir filmin - «Cavad xan»ın nəyə qadir olduğunu görəcəyik. İstərdim ki, hamılıqla bu nümayişdə iştirak edək və görək ki, Cavad xanın şücaəti, qəhrəmanlığı bu filmdə lazımi səviyyədə göstərilə bilibmi? Yoxsa özümüzdən mücərrəd kino qəhrəmanı yaradıb, onun haqqında şücaətlə dolu film eksperimenti aparmalıyıq?
   
   Cabir







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar