Yenə «Leon» filminə baxdım.
   Matilda:
   - Həyat həmişə belə olur, yoxsa uşaqlıqda.
   Leon:
   - Həmişə.
   «Leon» filmi başlayan kimi kamera qartal qanadına bağlanıbmış kimi ağaclığın üstü ilə uzaqda görünən şəhərə tərəf irəliləyir. O kimisə axtarır. Budur, şəhərin küçəsi, mərkəzi küçələrin birində yerləşən böyük market və iki nəfərin dialoqu. Bura əlavə olunur: böyük planda təqdim olunan siqaret közərtisi və süd stəkanı...
   Leon - məşhur italyan killeri ilk sifarişini qəbul edir.
   Filmdə əzəmətli ssenari, yüksək səviyyəli rejissor işi heyrətamiz aktyor oyunu ilə tamamlanır: Jan Reno (Leon), Hari Oldmen (Sten) və Natali Portman (Matilda).
   Leon, demək olar ki, hər gün kimisə, kimlərisə qətlə yetirir. Ancaq nə qədər fikirləşirsən, günahın bu killerdə, yaxud ölənlərdə olduğunu dəqiq təyin edə bilmirsən. Hətta film boyu hisslərin Leonun xeyrinə işləməyə başlayır.
   Rejissor əslində hamıya meydan oxuyur, o boyda Narkomaniyaya Qarşı Mübarizə İdarəsini adi bir killerin, əlləri gündə qana batan bir qatilin qarşısında, ruslar demiş «niprav» çıxarır. Təsəvvür edin, birdən-birə tamaşaçıların filmin ssenarisinə doluşmaq imkanı olsa, hamı Leonu müdafiə edəcək və onu şəhər polisinin əlindən almağa cəhd göstərəcək.
   Qəribədir ki, Leonla tam əks cəbhədə dayanan və sonda onu qətlə yetirən Sten də tamaşaçıda sipmatiya yarada bilir. Bunun səbəbini aktyor oyununda axtarmaq gərəkdir.
   «Leon» filmi barədə oxuduğum yazıların birində deyilirdi ki, Lyük Besson bu filmlə Jan Renonun imkanlarını açmağı qarşısına məqsəd qoymuşdu. Ancaq gözlənilmədən digər bir ulduz parıldadı. Bu, Sten rolunun ifaçısı Hari Oldmen idi. Təsadüfi deyil ki, rejissor növbəti proyektində («Beşinci element») onu baş rola dəvət etdi. Sten, filmdə deyildiyi kimi, 6-cı hissə malik olan bir insandır. Əmanət verdiyi narkotikanın oğurlanmasını hiss etməsi və qəzəblənməsi, üzünü görməyə-görməyə Leonu tanıması, hamısı altıncı hissin məhsulu idi.
   Matildadan başqa bütün ailəni Sten və onun əlaltıları qətlə yetiriblər.
   Leon isə əksinə, olduqca sadəlövh, duyğusuz, həyatdan bixəbər, adam öldürməkdən başqa heç nəyi bacarmayan, hətta yazıb-oxumağı belə bilməyən bir bədbəxtdir. Ancaq o, Matildanın həyatını xilas etməyə ehtiyac duyur. Qonşuda Matildanın ailəsini qırıb-çatan hökumət adamları bilsələr ki, mağazadan süd alıb gələn bu qızcığaz da eyni ailədəndir, şübhəsiz ki, onu sağ buraxmayacaqlar. Hətta onu axtarırlar da! Matilda isə mağazadan evə gəlir, hər şeydən xəbərsizdir. O, dəhlizlə gedə-gedə nələr baş verdiyini anlayır və qonşu qapının deşiyindən hadisələri izləyən Leonun mənzilinə yaxınlaşır. Xeyli yalvarışdan sonra onun üzünə işıq düşür: qapı açılır.
   Əslində Leon bu qapını açmaqla öz ölümünə yol açır. Ancaq bu bir killerin deyil, cəsur bir insanın, hətta Matildanı sevən, ona pərəstiş edən yumşaq ürək sahibinin ölümü olur. Elə tamaşaçını mütəəssir edən də budur.
   - Mən bu gün öz dostumu itirdim. O, bu şəhərin ən yaxşı kişisi idi...
   Leonun ölümündən sonra Matilda Toniyə bu sözləri deyir. O Toni ki, dəllallıqla məşğuldur və pullu adamlardan sifarişlər alıb Leona tapşırıqlar verir. Matilda ondan iş istəyir, «mən adam öldürə bilirəm» - deyir. Toni haqlı olaraq qızcığazı qovur və Leonun onda qalan pullarını Matildaya vəsiyyət etdiyini söyləyir.
   - Nə vaxt, nə qədər lazım olsa, gəlib apara bilərsən.
   Nə vaxt və nə qədər! Qədəri ona görə ki, Toni pulların hamısını vermək istəmir. Leona dediyi sözləri Matildaya da təkrar edir:
   - Dünyanın bütün banklarını yara bilərlər, ancaq qoca Toniyə heç kimin gücü çatmaz...
   Sonda Leonu Stenə satan da elə bu «qüdrətli» Toni olur.
   Film göstərir ki, bu dünya Toni kimi insanlar üçün daha rahatdır. 6-cı hiss (Sten) və igidlik (Leon) insanı asanlıqla məhvə apara bilər.
   Balaca Natali öz obrazına çəkilmək istəməyib və ssenaridəki sərt səhnələrin çıxarılmasını tələb edib. Bu səhnələr Leonla daha yaxın münasibət və kimlərisə güllələmək olub. Rejissor bu balaca istedadı əldən verməmək üçün ssenaridə dəyişikliklər etməyə razılaşıb və nəticədə daha təbii, daha uğurlu kadrlar əldə edə bilib.
   Sonluq da çox gözəldir: Matilda Leonun ömrü boyu özü ilə gəzdirdiyi və hər gün qulluq etdiyi gülləri oxuyacağı məktəbin həyətində yerə əkir və rejissor yenə kameranı «qartal qanadına bağlayır». Kamera necə gəlmişdisə, eləcə də ağacların üstü ilə uçub gedir.
   
   İntiqam






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar