Son vaxtlar oxuduğum nasirlərdən biri Pərviz Yusifdir. Pərvizi «Qum kəndir» («Mütərcim», 2008) kitabı mənə tanıtdı. Həmin kitabı görəndə Pərvizi tanımırdım, düzünü desəm, heç indi də yaxından tanımıram. Yalnız kitabın üz qabığındakı qısa bioqrafik məlumatla tanışam. Necə deyrələr, «İgidin adını eşit, üzünü görmə». Kitabın ön sözünü şair Səlim Babullaoğlu yazıb. On sözdə belə bir cümlə var: «Bir nəfəsə oxuyacaqsınız, buna əminəm». Həqiqətən də, 120 səhifəlik «Qum kəndir» kitabını birnəfəsə oxudum. Sözün düzü, ləzzət aldım. Hər hansı bir nemətdən insan doyduqda ondan bezir, doymadıqda isə onu bir də arzulayır. Görkəmli şair Əli Kərim «Bəzən haqq qazanır insan öləndə» şeirində yazır.
Sən mənim qədrimi biləsən deyə,
Bu cavan yaşımda ölümmü indi?!
Cavan yaşda ölən insanların ölümünü daha ağrılı edən ətrafındakı insanların ondan doymamasıdır. Pərvizin də əsəri oxucunu bezdirmir, oxucu doymur, qeyri-xətt, süjetsiz nəsr nümunəsi olan bu kitab olduqca lakonik və maraqlı yazılmışdır. «Analar köhnə corablarında toxum saxlarlar. Yaz gələndə əkərlər, hamı qışa kimi tərəvəz yeyər. Sonra yenə də toxumu köhnə corablarına yığarlar ki, yaz gələndə əksinlər». Bir neçə cümlə ilə gələcəyinə inanan, övladlarına ruzi qazanmaq istəyən və içimizdəki gələcəyə inamı necə də təbii şəkildə verilib. «Qum kəndir» maraqlı, düşündürücü və qeyri-adi suallarla zəngindir. «Ey siqaret çəkənlər, köhnə alışqanlarınız yadınıza gəlirmi heç?» İstər nəsrdə, istərsə də poeziyada uşaq psixologiyası ilə bağlı monoloq və dialoqlar mənim üçün həmişə çox maraqlı olub. Əkrəm Əylislinin «Bu kənddən bir qatar keçdi» pyesində balaca Nənəqızın oxuduğu mahnı nasirin uşaq psixologiyasına yaxşı bələd olduğunü subut edir. Bu cəhət Pərvizdə də var. «Günlərin bir günü 6 yaşlı Sona atasına ciddi tövrlə dedi:
- Dədə, mən bilirəm adamlar qocalanda qızıl dişi çıxır». Digər bir nümunə: «Milli parkda üç yaşlı qızımla gəzişirdim. Azneft meydanına yaxınlaşanda göy üzündə aram-aram dalğalanan dövlət bayrağını gördüm. Qızım əlini ona uzadıb həyəcanla dedi:
- Ata, ora bax, Vətən...»
Pərvizin kitabındakı bəzi fikirlər, inanıram ki, gələcəkdə onun digər kitablarını bəzəyəcək. «Qum kəndir»də Pərvizin siması onun hadisələrə yanaşma tərzi, fikirlərini əşyaların dili ilə açma bacarığı, yumor və satira metodları oxucu kimi məni çox sevindirdi. Hər gözəlin bir eybi var! - deyiblər. Pərvizin kitabında bəzən eyni mövzulara qayıdış, təkrar fraqmentlərin olmasını qüsur sayır, ancaq gələcəkdə bu halı unutmasını arzulayırıq.
Sonda Pərvizi təbrik edir, ona yaradıcılıq uğurları diləyir və yeni kitablarını gözləyirik.
Fərid