Uzun müddətdən sonra Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanının motivləri əsasında lentə alınmış, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Bizim Kino” prodüser mərkəzində istehsal olunmuş “Cavad xan” filminin təqdimatı keçirildi. 2007-ci ildən istehsalına başlanılan film üzərində 2008-ci ilin sonlarından tamamlama işləri gedirdi. “Cavad xan” bədii filminin quruluşçu operatoru Məhəmməd Məcidi, bəstəkarı Sərdar Fərəcov, quruluşçu rəssamları Rafis İsmayılov, Rafiq Nəsirov, prodüseri Heydər Dadaşovdur. Filmdə əsas rollarda xalq artistləri Amaliya Pənahova, Ramiz Novruz, Rafiq Əzimov, aktyorlardan Salam İsmayılov, Nuriyyə Hüseynova, Rövşən Kərimdux, Qabil Quliyev və başqaları çəkilmişlər.
  
   Nəhayət, iyulun 31-də filmin nümayişi Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2 avqust Milli Kino Günü çərçivəsində Azərbaycan kinosunun 111 illiyi geniş şəkildə qeyd edilərkən baş tutdu. Sarayın foyesində “Cavad xan” filminin çəkilişlərini əks etdirən fotoşəkillər və ekran əsərində istifadə edilmiş 12 dəst qədim geyim nümayiş etdirildi. Milli Kino Gününə həsr edilmiş tədbir Mədəniyyət və Turizm Nazirliyinin son bir ildə Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı, təbliği istiqamətində gördüyü işləri əks etdirən videomaterialın nümayişi ilə başladı.
   Səhnəyə isə ilk olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dəvət olundu. Tədbirdə çıxış edən nazir bütün kino işçilərini peşə bayramları münasibətilə təbrik edərək, son illər Azərbaycanda mədəniyyətin inkişafı istiqamətində atılmış addımlardan danışdı.
   O vurğuladı ki, Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan vermişdir: “Burada “Azərbaycanfilm” kinostudiyasının binasının müasir tələblərə cavab verən formada yenidən qurulması, ən yeni texniki avadanlıqlarla təchiz edilməsi, kadr siyasətinin həyata keçirilməsi və digər mühüm məsələlər öz əksini tapmışdır. Bu sərəncamdan irəli gələn məsələlər yaxın gələcəkdə öz müsbət həllini tapacaq”.
   Azərbaycan Dövlət Film Fondunun yaradıldığını diqqətə çatdıran Əbülfəs Qarayev bildirdi ki, hazırda bu fondda 10 mindən artıq milli və xarici film saxlanılır. Həmin filmlərin yüksək səviyyədə qorunmasını təmin etmək məqsədilə Dövlət Film Fondu üçün dünya standartlarına cavab verən 5 mərtəbəli bina inşa edilərək istifadəyə verilmişdir.
   Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı naminə gördüyü böyük işlərdən danışan nazir vurğuladı ki, yerli və xarici filmlərin yüksək səviyyədə nümayiş etdirilməsi üçün kinoteatrların dünya standartlarına uyğun yenidən qurulması istiqamətində iş aparılır.
   Ə.Qarayev həmçinin gənc rejissorların son illərdə çəkdikləri filmlərin beynəlxalq festivallarda qazandığı uğurlardan və bu filmlərin dünya ekranlarına çıxarılması istiqamətində atılan addımlardan söz açdı.
   Bundan sonra səhnəyə filmin yaradıcı heyəti: ssenari müəllifi, xalq şairi Sabir Rüstəmxanlı, quruluşçu reyissoru Rövşən Almuradlı, Cavad xan rolunun ifaçıçı xalq artisti Nurəddin Mehdixanlı, xalq artisti Ramiz Novruz (general Sisianov), xalq artisti Amalya Pənahova (gürcü knyaginyası Danya) və digər aktyorlar çıxdılar.
   “Cavad xan” bədii filminin ssenari müəllifi Sabir Rüstəmxanlı bu filmdə xalqımıza məxsus qəhrəmanlıq, vətənpərvərlik hisslərinin əks olunduğunu vurğuladı: “Bu ekran əsəri XIX əsrin əvvəllərində Sisianovun başçılıq etdiyi rus qoşunlarına qarşı oğulları ilə birlikdə Vətən uğrunda mübarizə aparan və mərdliklə həlak olan cəsur sərkərdə Cavad xan haqqındadır”.
   Tədbirdə çıxış edən filmin quruluşçu rejissoru Rövşən Almuradlı, Cavad xan rolunun ifaçısı, xalq artisti Nurəddin Mehdixanlı və başqaları bu ekran əsərinin çəkilişində əməyi olan bütün insanlara, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
   Sonra film nümayiş olundu. Ekran əsəri Gəncə xanının sarayında Cavad xanın Qafqazdakı rus ordusunun komandanı general Sisianovun elçisinin qəbulu səhnəsi ilə başlayır. General rus ordusunun təkliflərini qəbul edib, istibdada boyun əyməyən Gəncə xanına təhqiramiz hədiyyələr və hədə dolu məktub göndərir. Cavad xan eyhama eyhamla cavab verərək (general xana arvad paltarı tikdirmək üçün parça göndərmişdi) generalın təklifini rədd edir. Sisianovun məktubuna “səni Peterburqdan bura əcəl gətirib" deyə məktubla və ağ kəfənlə cavab verən xan qürurunu sındırmır və işğalçı ruslara boyun əyməyəcəyini bildirir. Bundan sonra Cavad xanın və Gəncə camaatının mübarizəsi və əyilməzliyi filmdə Sabir Rüstəmxanlının yazdığı ssenari və Rövşən Almuradlının quruluşu ilə davam edir.
  
   İntiqam