Səs, söz və rəngdən sonra hərəkət yarandı. Əslində sonuncu çoxdan, lap çoxdan varıydı. Sadəcə, onun bəyaz parça üzərinə köçürülməsi üçün uzun zaman və kəşflər gərək idi. Saniyədə iyirmi dörd kadrın qovhaqovuyla nəticələnən, real həyatın bir parçasını sanki canlı şəkildə özümüzə qaytaran möcüzəli sənət məhz hərəkət hesabına hərəkətə gəldi.
  
   Ötən minilliyin on doqquzuncu yüz ilinin sonuna beş il qalmış fransız Lümer qardaşları özləri də bilmədən dünya incəsənəti tarixində yeni bir cığır açdılar. Onların çəkdiyi qısa süjetlər hamını heyrətə saldı. Çox da, o çağacan foto varıydı. Amma bayaqdan kadrda donub qalmış insanın yeriməsini heç kim görməmişdi axı. Beləcə, kino yarandı. Daha doğrusu, müasir kinematoqrafın babası sayılan sinematoqraf.
   Tarixə baş vurub, bir qədər uzaqdan başlamaqda məqsədim var. Sözümün canı odur ki, Azərbaycanda kinonun yaşı dünyadan azca geri qalır. Fərq heç tam üç il deyil. Nədən ki, 1898-ci ildə Bakıda filmlərin nümayişi faktı var. İyirmi beş il burda çalışmış Aleksandr Mixayloviç Mişonun lentə aldığı, yerli həyatdan götürülmüş «Bibiheybətdə neft fontanı yanğını», «Əlahəzrət Buxara əmirinin «Velikiy knyaz Aleksey» paraxodunda yolasalma mərasimi», «Qafqaz rəqsi» və «İlişdin» bədii kinosüjetləri ölkəmizdə kinonun təvəllüd tarixini yazıb. Həmin il yanvarın 8-də şəhərimizdə xarici filmlərin, iyunun 21-də isə yenə də Mişonun çəkdiyi dörd süjetin sirk tamaşası vaxtı göstərilməsi bəlli olsa da, kinomuzun yaşı ilk müstəqil nümayişə və milli nümunələrə söykəndiyindən, avqustun 2-sindən hesablanır. Hərçənd təqribən on il əvvələdək vəziyyət başqaydı. «Neft və milyonlar səltənəti» ən qocaman filmimiziydi. 1916-cı il mayın 14-dən o yana tarix tanımırdıq. Bir qədər əvvəl söylədiyimiz faktlar məlum olduğu halda, müəyyən səbəblərdən əhəmiyyətsiz sayılmışdı.
   Yaşı yüz onu adlamış kinomuzun iyirmi ili gözlərimin qabağında keçib. Kiminsə gözündə bu, az müddətdi. Bununla belə, mən də xeyli hadisələrin şahidiyəm, indi haqq dünyasına qovuşmuş neçə-neçə sənətkarlarla ünsiyyətdə olmuşam.
   Sovetin axıraxırında yeni iqtisadi münasibətlər şəraitində film çəkilişləri gözümün önündədi. Sponsor anlayışı dilimizdə təzə-təzə özünə yer eləyirdi. Uzun illər dövlət himayəsində yaşayıb-çalışan kinoçular yeni qaydalara alışa bilmirdilər. Əksəriyyət ürəyindən keçəni çəkmək üçün meydan açıldığına sevinsə belə, maliyyə tapmaq müşkülüylə üz-üzə qaldığından özlərini anlaşılmaz, çaşqın vəziyyətdə hiss edirdilər. 1990-cı illərin birinci yarısında studiyalara parçalanmış «Azərbaycanfilm» kinostudiyası miskin görkəmə düşmüşdü. Onun şöhrətli çağlarından nişanə qalmamışdı. Daş-divar, texnika həminkiydi, mühitsə tamam başqa. Bir vaxt dəhlizlərində insanlar qaynaşan, səs-küyündən qulaq tutulan nəhəng kinofabrika indi suyu sovrulmuş dəyirmana dönmüşdü. Onsuz yayın cırhacırında da sərin olan kinostudiyanın binasında nəfəs-hənir yoxluğundan, çəkiliş qıtlığından soyuqluq hökm sürürdü. Arabir hansısa otağın qapısında film adı görəndə sevinirdin. Demək, kimsə nəsə çəkəcək.
   Çətin dövrüydü. Bayaq ötənlərdən nişanə qalmamışdı deyəndə, hər şeyi nəzərdə tutmadım. Həqiqətən maddi ölçülər sarıdan vəziyyət tamam fərqliydisə də, sənətkar resursuna gələndə, şükür, ümid üzülməmişdi. Hələ Əjdər İbrahimov, Tofiq Tağızadə, Şamil Mahmudbəyov, Muxtar Dadaşov, Rasim Ocaqov, Həsən Məmmədov, Həsən Turabov, Şahmar Ələkbərov, Ceyhun Mirzəyev, Həsən Əbluc, Niyazi Bədəlov, Ədhəm Qulubəyov, Əhmədağa Muğanlı, Asif Əliyev və başqaları kimi istedad sahibləri, yüksək peşəkarlar vardı. Bəli, film yox, filmsizlik dərdi çəksələr də, varıydılar. Çox təəssüf, indi onların heç biri aramızda yoxdu. Azərbaycan kinosunun say-seçmə filmlərində əməyi keçən, onun simasını müəyyənləşdirən bu insanlar sənət vurğunuydular. İşsiz-gücsüz, maaşsız qaldığı günlərdə ayaqlarını bir addım kənara qoymaq istəməyən fədailəriydilər.
   Xoşbəxtəm ki, adlarını çəkdiym sənətkarların hamısını görmüşəm, söhbətlər eləmişəm. Yadımdadı, Şahmar «Qəzəlxan» filmini ərsəyə gətirməkçün hansı cidd-cəhdlə meydana atılmışdı. Ssenarini kiminsə yazacağına gümanlı olan, axırda ondan yarımayan aktyor özü bu işə girişmişdi. Birinci dəfə üçün heç də pis alınmamışdı. Daha sonra tez çəkilişə başlamışdı. Şahmar sanki vaxtının azlığını duyurdu. Ona görə ağırlaşan səhhətinin fərqində deyildi, tələsirdi. Yamanca tələsirdi zorən rejissor. O, aktyorluqdan sağlamlığıyla bağlı problem üzündən məcburən ayrıldığından rejissorluğuna belə ad qoymuşdu. Qəribədi, bu gün ədəbsizlik, hətta əxlaqsızlıqla bağlı baş verənlər bizi haldan çıxarmadığı halda, iyirmi il əvvəl Şahmarın rejissor kimi ilk müstəqil işində - «Sahilsiz gecə»də çatdırdığı mətləblər insanları coşdurmuşdu. Filmi millətimizə ləkə sayanlar tapılmışdı o vədə. Daha sonra yüzlərlə, minlərlə insanın hansı mənəviyyatsızlıq girdabına yuvarlanacağını ağıllarına gətirmədən.
   Şahmar da ağlına gətirmirdi. Əliağa Vahidin ölməz xatirəsini əbədiləşdirmək yolunda əziyyətlərə qatlaşan sənətkar «Qəzəlxan»ın eyni zamanda onun özünə rəhmət oxutduracağını, adına ölməzlik gətirəcəyini bəlkə bir yol beynində dolandırmamışdı. Film ekrana çıxan ərəfədə onunla söhbətim, daxili baxışdan sonra təəssüratım barədə qəzetdə yazım və buna diqqət nişanəsi kimi zəng vurub minnətdarlıq söyləməsi xəyalımdan getmir. Hələ bir neçə dəfə evlərində görüşümüzü, ömür-gün yoldaşı Kəmalə xanımın, qızları Ləmanın, İzulətin onun necə qayğısını çəkdiklərini demirəm. Şahmar mehriban, koloritli bir insan, sənətçiydi...
   Növbəti film «Yük» adlanacaqdı. Adlandı da. Amma onu Şahmar çəkmədi, çəkəmmədi. O, özgəsinin ömür «yük»ünü çəkmək istərkən öz yükünə gücü çatmadı. İşi Rövşən Almuradlı başa çatdırdı. Və Bakı milyonçularının, xüsusən Musa Nağıyev və Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən maraqlı film ekrana çıxdı.
   «Mosfilm» boyda kinostudiyada öz yeri, çəkisiylə seçilən Əjdər İbrahimovu xatırlamaq olduqca xoşdu. O, köhnə kişilərdəniydi. Maraqlı həyat, sənət yolu keçmişdi. Əjdər müəllimi sonuncu dəfə o zamankı Müalicə Komissiyasında, yataqda gördüm. Axır dəqiqələrdə də kitabla baş-başa qalan rejissor əlindəki «Qabusnamə»yə işarəylə «çox maraqlı kitabdı» dedi. Ordan-burdan danışıb, yaşıma yaraşmayan müdrikliklə təsəlli versəm də, sən demə, sonluğun çatdığını duymuşdu. Ayrılanda xəfifcə gülümsəyib, «məndən narahat olmayın» deməyi unutmadı. Necə ki, indi biz onu unutmamışıq…
   Yaşına görə qıvraq, şux, zarafatından qalmayan Tofiq Tağızadə özgə aləmiydi. Müharibənin od-alovundan keçmiş, bir barmağını döyüşdə itirmiş Tofiq müəllim «mən kinonu beş barmağım kimi bilirəm» deyəndə gözdən yayınmayan dörd barmaq gülüş ovqatı yaradırdı. Amma qocaman rejissorun mükəmməl təhsil alması, sənətin sirlərinə yiyələnməsi danılmaz faktıydı. Və orası da doğruydu ki, axır illərdə çəkdiyi « O dünyadan salam» filminə əməllicə irad tutmaq mümkünüydü. Eləməyib tənbəllik öz iradlarımı ona söyləmişdim. Cavanlığıydı də, ağına-bozuna baxmayıb, demişdim. Təbii, o da haqlılığını sübuta yetirməyə çalışmışdı…
   Bizim nəslin sevimli uşaq qəhrəmanı İsmayıl obrazını yaradan Ceyhun Mirzəyevi də anmamaq mümkünsüzdü. Heyf, tam mənada açılmayan, bütün potensialını ortaya qoymaq imkanından məhrum Ceyhun istedadda bir insan xaricdə olsaydı, yəqin daha böyük uğurlar və təminatlı yaşayış qazanardı. Dövrün, rejimin çərçivələri şəraitində bizim sevimli sənətkarımız, nə yazıq ki, insanlardan incik, onlardan ehtiyatlanan görkəmdə qarşımıza çıxırdı.…
   Bəs Həsən Məmmədov, Həsən Turabov, Həsən Əbluc... Açığı, onların hər üçünü şəxsən tanıdığıma görə özümü çox xoşbəxt hesab edirəm. Adaşlar ayrı-ayrılıqda bir-birinə bənzəməyən xarakterə, yaradıcılıq potensialına malik olsalar da, sanki onları birləşdirən ümumi, ortaq nəsə vardı. Məncə, həmin ortaq nöqtə hər üçünün sadə, səmimi, qayğıkeş insan olmaqlarıydı. Əblucun, Həsən Məmmədovun sevə-sevə mənə «necəsən, ay Elsevər» müraciətlərini, Turabovun «nə var-nə yox, niyə gəlmirsən, söhbələşək» kəlmələrini yəqin heç zaman unuda bilməyəcəm. Xüsusən son illərdə Həsən Turabovla saysız-hesabsız söhbətlərim tama-kamal, bir kitablıq xatirədi. İlk baxışdan qapalı, ağır təbiətli adam təsiri bağışlayan Turabov onu yaxından tanıyanların bildiyi kimi, necə səmimi, ürək qızdırmalı həmdəmiydi.
   Barat Şəkinskaya, Leyla Bədirbəyli, Lütfi Məmmədbəyov Şamil Mahmudbəyov, Elçin Məmmədov, Sofa Bəsirzadə, Muxtar Avşarov, Məlik Dadaşov, Asif Əiyev kimi sənətkarlarla bağlı xatirələrim də onlardan yadigar qalan ən qiymətli mirasdı mənimçün. Axı Barat Şəkinskayanın xanım-xatın söhbətlərini, həyatsevər Elçinin zarafatlarını, məzələrini, Leyla xanımın yaşlı vaxtında da saxladığı naz-qəmzəsini, bəy nəsilli Şamil müəllimin sadə, xeyirxah çöhrəsini, Lütfi müəllimin ötkəmini, Asif Əliyevin təmkinini, nurlu simasını necə unudasan. Bunların heç biri unudulan deyil. Əsla...
   Bu illərdə bədii cəhətdən zəif, yaxud səviyyəli sayıla biləcək «Pəncərə», «Təhminə» «Qara Volqa», «Yuxu», «Yarasa», «Özgə vaxt», «Ailə», «Otel otağı», «Sarı gəlin», «Yalan», «Ovsunçu», «Küçələrə su səpmişəm», «Girov», «Yoxlama», «Biz qayıdacağıq», «Cavid ömrü», «Hökmdarın taleyi» və başqa filmlər çəkilib. Son iyirmi ildə bir neçə dəfə kamera arxasında və qarşısında dayanan rejissor, operator və aktyorlarımız da olub, «Ağ atlı oğlan» bədii filmindən keçən on dörd ildən bəri Ənvər Əbluc kimi növbə gözləyən də.
   «Cavad xan». Rövşən Almuradlının və Azərbaycan kinosunun hələlik sonuncu filmi belə adlanır və bu gün öz baxış növbəsində tamaşaçı ilə görüşdü. Ekranda hərəkət edən qatarın sanki insanların üstünə çıxacağını düşünənlərin zamanından çox ötməsinə baxmayaraq, kino iyirmi birinci əsr adamını öz ecazında, tilsimində saxlayır. Bu düşüncə kaş daimi ola.
   
   Seymur Elsevər