“Azərbaycan kino ensiklopediyası”nın I cildi üzərində redaktə işi başa çatmaqdadır. Azərbaycan Dövlət Film Fondundan bildirmişlər ki, qurumda hazırlanan iki cildlik ensiklopediyanın I cildi üzərində sonuncu redaktə işləri gedir və kitab avqustun sonunadək çap olunacaqdır.
Azərbaycan kino tarixində böyük hadisə olacaq bu kitab milli kinoda çalışanlar - rejissorlar, operatorlar, film direktorları və ümumilikdə kinoda zəhməti olan bütün insanlar haqqında məlumatları əks etdirir.
Bundan əlavə, ensiklopediyada Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsi, Azərbaycan Dövlət Film Fondu və digər aidiyyəti təşkilatlar haqqında ətraflı məlumatlar verilmiş, onların yaranma tarixi, bu günə kimi keçdikləri şərəfli yol əks olunmuşdur. Ensiklopediyada dünya kinosunun İtaliya, Fransa, ABŞ və digər ölkələrdən olan personajları haqqında məlumatlar da yer almışdır.
“Azərbaycan kino ensiklopediyası”nın II cildinin isə bu ilin sonunadək çap edilməsi nəzərdə tutulub.
İntiqam