Deyirlər ki, Fellini unudulub. O, çoxdan tükənib. Guya indi ayrı dövrdür. Fellini isə bir mərhələ kimi ötüb keçib. Amma… Əgər kino varsa, Fellini də var. O, hadisələrin inkişafını qabaqcadan görürdü. «Mən təyyarə kimiyəm, göyə qalxmışam, enməyə isə yerim yoxdu. Mənim azarkeşlərim ölüblər». İndi dəqiq söyləyə bilərik: bu azarkeşləri zorla öldürmüşdülər. O şeyi ki, biz mədəni prosesin inkişafında obyektivlik kimi qəbul edirik, o, əslində incəsənətlə bazar arasında əlbəyaxa döyüşdür, özü də həyata, yaşamağa yox, qətlə hesablanan amansız bir döyüş. 
   
   Bazara incəsənətin özü yox, ondan gələn gəlir maraqlıdır. Daha doğrusu, bazar üçün incəsənət yalnız cibləri doldurmaq vasitəsidir. Bazara geniş səlahiyyətlər ver - bütün incəsənətlər sənin üçün dönüb olsun «quyruqlu və bığlı qadınların attraksionu», sənə, sadəcə, qarmaq atmaq qalır. Fellini hansı sərvətin sahibidir, deməyə ehtiyac yoxdur. O, kinematoqrafiyada zirvəyə gedən yol idisə, ondan sonrakılar zirvədən enən yol idi. O, yeganə sənətkar idi ki, kinonu müəllif və şəxsiyyət kinosuna çevirə bilirdi. Kino yalnız onun özünün fantaziyalarını, onun öz həyatını əks etdirməyə xidmət edirdi. «Rim» (Roma, 1972) onun Rimi idi, «Kazanova» (1976) onun həyata öz münasibətinin təzahürü idi. Sorağına onun öz uşaqlığından gəlmişdi. Fellini əsl rəssam kimi kino yaradırdı - sərbəst, hökmlü, təkbaşına… Yalnız hadisənin dərin qatlarına nüfuz etməklə tamaşaçıların özlərini özlərinə tanıda bilirdi. Neorealistlərlə bir yerdə işə başlamışdı. Hamı elə düşünürdü ki, o da onlardan biridir. Amma onun missiyası başqa idi. Kurort şəhərciyində körpə yaşlarından klounlarla, səyyar sirk ustaları ilə, truba çalanlarla və pəhləvanlarla - bir sözlə, ən ağlagəlməz peşə sahibləriylə təmasda olmuşdu. Elə kino fəaliyyətinin əsasını da gələcəkdə bu peşə sahiblərinin obrazları təşkil edəcəkdi. Anadangəlmə karikaturaçılığa olan həvəsi onu yumoristik ssenarilər yazmağa sövq edirdi. Fellini neorealist nəsrdən ayrılanda - bu «Yol» (1954) filmində baş verdi - sol tənqidçilər hay-küy saldılar, onu ədəbi xalturaçılıqda qınadılar. Sol tənqidçilər insanın insana qarşı məkrdən, riyadan uzaq olan heysiyyətə toxunmayan birbaşa münasibətlərini qəbul etmirlər, o şey ki, normal insanlarda göz yaşları qüssə və kədər yaradır. Onlar sol tənqidçilərdə, əksinə, gülüş doğurur. Yəqin ki, filmlərdə yalnız pis şeylər görmək vərdişləri belə tənqidçilərdə yaxşı şeylərə qarşı allergiya yaradır. «Yol»a göz yaşları axıtmadan baxmaq mümkün deyil. Necə ki, «Kabirianın gecələri» (1957) filmi. Hər iki film humanist kinonun parlaq nümunəsi sayıla bilər. İndi bəlkə də nöqsan hesab olunası detallar (sirk ustasının öz qulunu, köləsini vəhşicəsinə döyməsi - «Yol»da, yeniyetmə Roma fahişəsinin ümidlərini puça çıxaran yalanlar - «Kabirianın gecələri»ndə), mistik obrazlar insanların qəlbinə nur saçır və tamaşaçılar kinoteatrdan gedərkən Kabirianın işıqlı təbəssümünü möcüzəli bir talisman kimi özləri ilə aparırlar. Fellini inancına görə katolik idi, möcüzəyə inanırdı və möcüzəni ekranda yarada bilirdi. O, simvolun gücünə inanırdı: belə ki, onun bir çox filmləri digər rejissorlardan ötrü əlçatmaz sənət nümunəsidir.
   «Şirin həyat»ın finalındakı xəstəhal varlıq, kəbin marşı çalan kilsə xoru və s. sənətkar üçün əbədi ağrı mənbəyidir. Yarımcan, al-qırmızı rəngə bürünmüş hermofrodit, hansı ki, coşmuş kütlə aramsız dua edir («Satirikon» - 1969). Gumrah və canlı, fəqət fizioloji zəifliyinə görə kiməsə kömək etməkdə gücsüz olan kardinal - beləsində həqiqət axtarmaq, sığınacaq tapmağa ümid etmək mənasızdır («Səkkiz yarım» - 1963).
   Bu gün Fellininin bir çox qəhrəmanları olduqca populyardır, qoyduğu mövzular da aktualdır. Belə olan halda, nədəndir bu «mənim azarkeşlərim ölüblər» yəqinliyi?
  
   Ölüblərmi?
  
   Fellininin lentlərinə bugünkü tələbat çox yüksəkdir - kitablar dünyasında Şekspir və Çexova olan tələbat kimi… Fellinidən ötrü darıxmaq ondan hiss olunur ki, onu sıxışdırmaq gücündə olan hər şeyə qatı nifrət var. Əcaib TV-lərə baxırlar, sanki özlərindən qisas almaq üçün enerji toplayırlar, məşq edirlər. Fellinidən sonrakı filmlərə baxırlar. Bu ifadə artıq ayrı söhbətin mövzusudur - «Fellinidən sonrakı filmlər». Bu filmlərin dəqiq sərhədi var - ağıllı, Fellininin dərslərini mənimsəmiş qüdrətli sənətkarların, kino ustalarının əsərləri və bacarıqsız, qabiliyyətsiz kinomanların ucuz bazara hesablanmış dəyərsiz, yalançı, aldadıcı sabun köpüyü təsiri bağışlayan boş və mənasız «əsərləri». Maraqlıdır ki, bacarıqsızlar öz sıralarında müxtəlif kommersiya qarmaqçılarını və eksperiment aludəçilərini (belələri özlərini avanqard adlandırmağı xoşlayır) birləşdirir. Birincilərin də, ikincilərin də nihilizminin doğmalığı ondadır ki, onlara qədər guya heç nə olmayıb, quru yerdə quru adamlar hər şeyi sıfırdan başlayırlar. İncəsənət üzrə ali təhsili olmayan Andrey Zvyagintsev kinonu özündən əvvəlki qüdrətli sənətkarların təcrübəsində öyrəndi və onun «Qayıdış» (2003) filmi dünyada bir kəşf, kino aləmində əsl hadisə, sensasiya oldu. Amma kim ki, «Fellini bitib, tükənib» uydurmasına inanıb, o, öz faciəsinin, dəhşətli səhvinin səbəbini başa düşə bilmir. Başa düşməyəcək də! Dahi öz sənətiylə estetik və əxlaqlı dəyərlər sistemi yaradır və bu sistem heç zaman ölmür, dünya quruculuğunun tərkibinə daxil olur. Bu sistemi mənimsəmədən fəaliyyt göstərmək təxminən ona oxşayır ki, Yer kürəsinin öküz buynuzu üstündə qərar tutduğuna inanasan.
   Məzələnənlər bilmirlər ki, həmin o məzələnməyi Fellini necə ustalıqla bacarırdı, bu həmin «novatorların» heç yuxularına da girməz. Məhz belə kinolar «müəllif kinosu» adlana bilər. Fellini kinonun insanları tərbiyələndirmək qabiliyyətinə inanırdı. O, lira ilə xeyirxah duyğular oyadırdı, sivilizasiya quruculuğuna öz töhvəsini verirdi.
  
   Rəfail