Düşünürdüm ki, yalnız qabarıq dinamikli, kəskin rəngarəngliyi ilə fərqlənən ekran əsərinə baxmağa dəyər. Lakin Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Nikita Mixalkovun çəkdiyi «Günəşdən usanmışlar» filminə baxandan sonra...
  
   ...Tamaşaçıda təəssüf hissləri yaranır, xüsusilə sovet dövlətinin tarixində baş vermiş məlum proseslərdən ümumi məlumatı olan tamaşaçıda. 1937-ci il məlum repressiya dövrü. Filmdə hadisələr bu dövrdə cərəyan etsə də, fikrimcə, rejissor heç də yalnız o dövrün ümumi mənzərəsini göstərmək üçün deyil, eyni zamanda, «insan əli ilə dəyişən insan taleyini», ölümünü gözləyən insanın psixoloji durumu kimi incə məsələlərin görünməyən tərəflərini göstərməyə çalışıb.
   Filmin ilk kadrlarında görünən bir fraqmentə nəzər salaq.
   Titrlər. Ekran yavaş-yavaş ağarmağa başlayır. Kamera qarlı düzdə panorama ilə irəliləyib uzaqda skamyada əyləşmiş bir balaca ağ paltarlı qız uşağını, bu uşaqdan bir qədər aralıda qara paltarda rəqs edən iki nəfər qadın və kişinin üzərində dayanır. Filmin ilk anlarında diqqətçəkən maraqlı məqamları görmək olar. Belə ki, rejissorun qarlı ağ (əsasən sevinc, şadlıq rəmzi) fonda rəqs edənlərin (böyükləri) qara paltarda, əksinə, adətən, məsumluq, mənəvi təmizlik rəmzi olan (balaca) qızcığazı ağ paltarda, özü də nisbətən hərəkətsiz kimi təqdim etməsi özü-özlüyündə rejissorun simvollarla işlədiyini büruzə verir. Əsas obrazlardan biri olan agent Mityanı təqdimetmə üslubu diqqəti xüsusi olaraq cəlb edir. Filmin reallığında Mitya agentdir, yəni filmin ilk hissələrində bu onun nisbətən görünməyən tərəfidir. Lakin Mityanın gəlişinə nəzər salaq. Saç-saqqalı uzun, əlində əsa olan qoca şəklində maskalanaraq evə daxil olur. Piano arxasına keçir. Hələ ki onu heç kim tanımır, yalnız üzündəki qurama saqqalını - maskasını atandan sonra onu tanıyırlar. İlk baxışda bu zarafat kimi başa düşülsə də, lakin biz tamaşaçılar üçün bir çox maraqlı cəhətləri üzə çıxarır. Birincisi, aktyor oyununun içində aktyor oyunu. Yəni, real həyatdakı aktyor. Oleq Menşikov iki rolu oynayır - bir Mityanı, bir də Mityanın ifa etdiyi qocanı. Bu məsələyə başqa prizmadan baxaq. Agent rolu içində agent rolu. Oleq Menşikov öz ifasında agent Mitya obrazını yaradır. Ortaya çıxmış Mitya obrazı isə öz növbəsində yalançı agent - qoca obrazını yaradır. Bu formasına görə bir növ metakino, yəni kino haqqında kino mövzusuna oxşayır. Lakin məzmunca başqa-başqa mövzulardır. Burda söhbət yalnız aktyor oyunu içində aktyor oyunundan gedir. Əlbəttə, rejissorun bu cür gedişləri yalnız və yalnız yuxarıda söylənilən formanı bizə çatdırmaq üçün deyil, onunla yanaşı, filmin ümumi ab-havasını tənzimləmək üçün də istifadə olunub. Rejissorun Mityanın ekranda görünməsinin elə ilk anındaca agent olması təəssüratını bizə məhz dialoq, daxili monoloq, nitq vasitəsilə deyil, daha orijinal üsulla, aktyor oyunu ilə çatdırması xüsusi maraq doğurur.
   Filmin süjetinə qayıdaq. Mitya dövlət agentidir. O, ehtiyata buraxılmış keçmiş hərbiçi Semyon Petroviç Kotovu yuxarı dairələrə satıb və şəxsən özünün nəzarəti altında Kotovu aparmaq üçün gəlib. Yuxarı dairələrdə «qara kağız»a düşənin axırının ölüm olduğunu yaxşı anlayan Kotov ailəsi ilə keçirdiyi bir günün sonuncu olduğunu bilsə də, onlara heç nə demir. Filmdə də hadisələr elə bu bir günün ərzində baş verir.
   Maraqlıdır ki, rejissor filmin qəhrəmanı Kotovun belə çətin vəziyyətdə də öz gündəlik həyatında olduğu kimi davranmasına üstünlük verir. Məsələn, biz onun çox da uzun-uzadı psixoloji sarsıntı keçirdiyini görmürük. O, heç sıxılmadan sanki adi günlərdən biri kimi səhər yeməyini yeyir, çimərliyə gedir və s.
   Maraqlı epizodlardan biri də çimərlik epizodudur. Misal üçün, insanların çimərlikdə istirahət etdiyi vaxt hərbi geyimli şəxslər hansısa təcrübə keçirmək xatirinə insanların istirahətini pozurlar. Epizodun maraqlı tərəflərini görmək üçün filmin ümumi gedişatını və ya Semyon Petroviç Kotovun həyatına nəzər salmaq lazım gəlir. O, əvvəllər sosialist dövlətinin qurulmasında iştirak etmiş ehtiyatda olan nüfuzlu hərbçidir (rejissor Kotovun hələ də nüfuzlu bir şəxs olduğunu filmin əvvəlində tankların onun sözü ilə geri qaytarılması səhnəsində bizə hiss etdirir).
   Kotovun həyatının kəskin surətdə dəyişməsi nə təsadüfdən, nə də adi zərurətdən deyil, məhz Mityanın onu satması, bir sözlə, insan əli ilə baş verir. «İnsanın insan həyatına müdaxiləsi», insan taleyinin insan əli ilə dəyişməsi, fikrimcə, bu elə filmin əsas mövzusunu təşkil edir. Bu baxımdan çimərlik səhnəsi filmin mövzusunu bir qədər yumoristik şəkildə olsa da, açıq bəyan edildiyi epizod kimi diqqəti cəlb edir.
   Filmdə kürə şəkilli yanar şimşək haqqında hamı tərəfindən qəbul oluna biləcək hər hansı bir fikri söyləmək mümkün deyil. Yəni hər bir tamaşaçı öz subyektiv fikrini söyləməyə məcburdur. Əlbəttə ki, rejissor istisnadır. Biz kürəni filmdə iki dəfə görürük. Birinci dəfə kürə evin ətrafında dövrə vurur, o hərəkət etdikcə şüası pəncərədən şəkillərin üzərinə düşür və sürətlə ağaclara dəyərək yandırır. İkinci dəfə isə filmin sonunda kamera ağır-ağır hərəkət edərək özünə qəsd etmiş Mityanın üzərində dayanır. Kamera yenidən pəncərəyə yaxınlaşır, biz uzaqdan Kremli görürük. Budur, kürə astadan pəncərəyə yaxınlaşır və sürətlə Kremlin qülləsinə çırpılır. Filmi sona qədər izləyən tamaşaçıda Stalin rejiminə, eləcə də Mityanın timsalında bu rejimə qulluq edənlərə qarşı qəzəb, nifrət və ya stressə bənzər hisslər yaranır. Filmin sonunda kürənin Kremlə çırpılması sanki rejimə istiqamətlənmiş tamaşaçı qəzəbi ilə üst-üstə düşür. Başqa sözlə, bu simvolik xarakter daşıyır. Digər tərəfdən məlumdur ki, sovetlər dönəmində Kreml sosializm rejimi mənasında başa düşülmüş və qəbul olunmuşdu. Burda kürənin bizə birinci dəfə görünməsini sadəcə olaraq rejissorun öz fikrini çatdırmaq üçün istifadə etdiyi təbiət elementinə tamaşaçını bir növ hazırlamaq, tanış etmək kimi başa düşmək lazımdır. Bunun nəticəsidir ki, filmin sonunda biz kürəni qeyri-adi yad element kimi qarşılamırıq. Bir sözlə, “bu nədir” sualını yox, “bu hara dəydi” sualını araşdırırıq.
   “Günəşdən usanmışlar”da faciəvilik onda deyil ki, kimsə öldürtdürülür və ya ölür. Faciə ölümünü və sonunun gəldiyini bilən insanın fəlakətidir. Onun davranışları, hər bir hərəkəti şüurlu surətdə “mən nə edirəmsə, sonuncu dəfə edirəm” kimi qəbul edilir. Qəhrəmanın faciəsi məhz budur. Konkret olaraq onun ölümü yox. Ekran əsərində maraqlı kadrlardan biri də aşağıdakıdır. Qara maşın dayanıb, bütün qohumlar Kotovu yola salmaq üçün maşının ətrafına toplanıb. Kotov hərbi geyimdə öz qızı Nadya və həyat yoldaşı Marusya ilə son dəfə vidalaşır. Kamera yavaş-yavaş uzaqlaşır, Mitya bu fonda əlində gitara bütün hadisələrə sanki laqeyd, soyuqqanlı görkəmdə musiqi ifa edə-edə kadra daxil olur. Rejissorun maraqlı tapıntılarından biri də Nadyanın atasını maşınla yola salması kadrıdır.
   Filmdə qəbul etmədiyim (və ya mənə aydın olmayan) iki nüans var ki, onlardan biri düzənlikdə hardansa peyda olan Stalinin iri portreti asılmış hava balonu, digəri isə filmin sonunda Mityanın intihar etməsi kadrlarıdır.
  
   Hüseyn Rəhimov