«Bir addım» qısametrajlı bədii filmi avqustun 30-dan sentyabrın 5-dək Serbiyanin Veliko Gradiste şəhərində keçirilən Silver Lake Beynəlxalq kinofestivalında Azərbaycanı təmsil edəcək. Festivalda 29 ölkənin müxtəlif janrlarda olan 52 filmi mükafatlar uğrunda mübarizə aparacaq. Postsovet ölkələri arasında Azərbaycan yeganə ölkədir ki, Silver Lake kinofestivalında təmsil olunur. Festivalın jürisinə Madrid, Berlin, Kann və “Oskar” kimi ali kino mükafatları almış Colin H.Artur rəhbərlik edəcək.
   Xatırladaq ki, film 2009- cu ildə «İmper Qrup» Prodüser Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi «Bu meydan, bu ekran-2008» musabiqəsinin qalib kinolayihəsi kimi istehsal olunub. Filmin rejissorları Fariz Əhmədov və Nərgiz Bağırzadə, ssenari müəllifi Alina Abdullayeva və Nərgiz Bağırzadə, quruluşçu operatoru Tarıverdi Tarıverdiyev, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Rauf Əliyev, prodüserleri isə Fariz Əhmədov və Rəşad Qasımovdur. Filmin bədii rəhbəri Cəmil Quliyevdir. Baş rollara Gülzar Qurbanova, Pərviz Məmmədrzayev və Nərminə Kərimova çəkiliblər.
   Qeyd edək ki, rejissor Fariz Əhmədov tədbirdə iştirak edir.  

   İntiqam