“Azərbaycan rəngkarlığının kraliçası”
  
   Rejissor Nicat Feyzullayev çoxdan bəri üzərində işlədiyi filmin çəkilişlərini artıq bitirmək üzrədir. Ehtimal ki, “Azərbaycan rəngkarlığının kraliçası” adını daşıyacaq film, Azərbaycanın ilk professional rəssam qadını Vəcihə Səmədovaya həsr olunub. Vəcihə xanım Azərbaycanın tanınmış rəssamlarındandır. O, cəmi 41 il yaşayıb. Tokay Məmmədov, Həyat Abdullayeva və başqaları onun heykəlini yaradıblar. Paytaxtın ən böyük sərgi salonlarından biri onun adını daşıyır. Vəcihə xanımla bir dövrdə yaşamış sənət dostları Tahir Salahov, Ömər Eldarov, Oqtay Sadıqzadə kimi tanınmış şəxslərin xatirələri də lentə alınıb.
   Rejissorun dediyinə görə, filmin əksər hissəsi çəkilib. Nicat Feyzullayev onu da dedi ki, Tokay Məmmədovun yaratdığı büstü də çəkməlidirlər. Amma büstün çəkilişdən öncə təmirə ehtiyacı var. Bu məsələdə onlara Mədəniyyət və Turizm Nazirliyi öz köməkğliyini göstərir. Büstü bərpa etdikdən sonra çəkilişləri tamamilə başa çatdırılacaq.
   Nəzərinizə çatdıraq ki, V.Səmədova rejissorun anasıdır.
  
   “Ey həyat, sən nə qəribəsən!”
  
    “Ey həyat, sən nə qəribəsən!” filminin rejissor və prodüseri Cavid İmamverdiyev bizə film haqqında ən yeni xəbərləri açıqladı: “Əfsanəvi “Qaya” qrupuna həsr etdiyimiz bu yarım saatlıq filmdə “Qaya” ansamblının ilk solistlərindən olan insanlar iştirak edir. Film ansamblın yaranma tarixindən bəhs edir. Onu da qeyd edək ki, məşhur “Qaya” ansamblı 60- cı illərdə yaranıb. Kollektivin üzvləri Asəf Zeynallı adına Musiqi məktəbində oxuyur, sonralar caz ansamblının tərkibində iştirak edir, daha sonra isə Dağıstana gedərək, orada öz qruplarını yaradır, nəhayət, bizim tanıdığımız məşhur “Qaya” qrupuna çevrilirlər. Dünyanın 3 ölkəsində çəkilişləri aparılan filmin artıq montaj, səsləndirmə işləri də bitib, oktyabr ayında isə tamamilə hazır olacaq”.
  
   “Akademik Mustafa bəy Topçubaşov”
  
   Rejissor Yalçın Əfəndiyevin lentə aldığı akademik Mustafa bəy Topçubaşov barədə filmin ssenari müəllifi Nadya İsmayılova, operatoru isə Adil Abbasovdur. Filmin icraçı prodüseri Xanlar Cəfərov bizə filmin qəhrəmanı barədə söz açdı: “Mustafa bəy yeganə cərrah idi ki, cərrahiyyə əməliyyatlarını musiqi sədaları altında həyata keçirərdi. Musiqi onun üçün ruhunu sakitləşdirən mənəvi qida mənbəyi idi”. Qeyd edək ki, 52 dəqiqə sürən filmin üzərində aparılacaq çox az iş qalıb. 
   
   “Onun böyük ürəyi” hələ çox ürək döyündürəcək
  

   Ən yeni sənədli filmlərimizdən biri də “Onun böyük ürəyi” adlanır. Azərbaycanın görkəmli dramaturqu, məşhur dövlət xadimi İmran Qasımova aid filmin ssenari müəllifi İntiqam Rüstəmov, rejissoru Ziya Şıxlinski, operatoru isə Adil Abbasovdur. Filmin icraçı prodüseri Xanlar Cəfərovun verdiyi məlumata görə, 30 dəqiqəlik filmdə İ. Qasımovun həyat və yaradıcılığı geniş əksini tapıb: “Məşhur yazıçı-dramaturq İmran Qasımov həm də SSRİ Ali Sovetinin deputatı olub. O, düz 3 dəfə Şəmkirdən Ali Sovetin deputatı seçilib. Yeri gəlmişkən, elə bu məsələ ilə bağlı 18 sentyabrda çəkiliş qrupumuz Şəmkirə yola düşəcək. Onun Moskvada, Kremldə də iş kabinələri olub. Ona görə də çəkilişlərin bir hissəsi elə həmin ərazilərdə aparılıb.
   İmran Qasımov yazıçı Sergey Mixalkovla dost idi. Biz ondan da müsahibə almağı düşünmüşdük. Amma təəssüflər olsun ki, o bu yaxınlarda dünyasını dəyişdi. Lakin İmran Qasımovu tanıyanlar az deyil. Ona görə də filmdə müsahibələrə çox yer verilib.
   Bildiyiniz kimi, biz 1983- cü ildə də bu film üzərində işləmişdik. Eləcə “İmran Qasımov” adlandırdığımız həmin filmdən və bir çox başqa arxiv materiallarından düz 26 ildən sonra yenidən istifadə etdik”.
   Qeyd edək ki, çəkilişlər davam edir.
  
   Könül