Ədəbiyyat üzrə builki Nobel mükafatı laureatı Herta Müller oldu
   
   Ötən həftə sonu bir intizara son qoyuldu. Ədəbiyyat üzrə 2009-cu il üçün Nobel mükafatı laureatının adı açıqlandı. Ömrünün yarısını sosialist Rumıniyasında yaşamış almandilli yazıçı xanım Herta Müller belə bir sanballı laureat titulunu və 1,4 milyon ABŞ dolları qazandı.
   İsveç Akademiyasının daimi katibi Piter Enqlund mükafat komissiyasının qərarını açıqlayarkən söyləyib ki, xanım Müller bu mükafata "məhrumların halını zəngin poetik dillə və nəsrə xas gerçəkliklə təsvir edən" müəllif kimi layiq görülüb.
   Bu xəbəri eşidən yazıçı isə öz naşirinin vasitəsilə çatdırıb ki, "hələ heyrətdən özünə gələ bilməyib və buna inana bilmir". "Associated Press" xoşbəxt yazıçının "hələ deməyə söz tapmadığını" vurğulayıb.
   Azərbaycandilli oxucuya adı bəlli olmayan builki laureat barədə məlumat:
   Herta Müller 1953-cü ildə Rumıniyada dünyaya gəlib.
   Rumıniyanın ərazisinə qatılan alman simasında - Nitskifordda böyüyən Herta ölkə içində təcridxanada yaşamağın nə demək olduğunu yaxşı bilir. Doğma kəndə qapanmamaq naminə Herta hələ uşaq ikən rumın dilini öyrənir. Universitetdə alman dilini, alman və rumın ədəbiyyatını öyrənəndən sonra Herta 1976-1979-cu illərdə maşınqayırma zavodunda tərcüməçi işləyir - ADR-dən (Almaniya Demokratik Respublikası) gətirilən müxtəlif texniki avadanlıqların təlimat vərəqlərini rumın dilinə çevirir. Herta Müller "KQB"nin rumın analoqu ilə əməkdaşlıqdan imtina etdiyi üçün onu işdən çıxarır və müntəzəm olaraq şübhəli şəxs kimi dindirirlər.
   Gəncliyi və yaradıcılığının ilk illəri Çauşeskunun şəxsiyyətə pərəstiş dövrünə düşən Herta Müller uşaq bağçasında tərbiyəçi çalışır və alman dilindən özəl dərs verir. Onun əsərlərinin qəhrəmanları kiçik kənddə yaşayan, korrupsiya, dözümsüzlük və repressiya ilə çarpışan sadə almanlardır. Bu səbəbdən də böyük qısaltmalarla çap olunan "Aran" kitabı, "Müstəbid tanqosu" hekayələr toplusu Çauşesku rejiminin göstərişi ilə ciddi tənqid edildi və Herta Müllerin əsərlərinin çapına qadağa qoyuldu. Yazıçı hələ 1987-ci ildə, rejimin nə zaman devriləcəyini gözləmədən həyat yoldaşı ilə Almaniyaya gedir və federativ respublikada siyasi qaçqın statusu ilə yaşamağa başlayır. Xanım Müller əsl şöhrət və hörməti burada tapır. Demək olar ki, hər il yeni əsərlə oxucuların görüşünə gələn yazıçının istedadı müxtəlif ədəbi mükafatlara da layiq görülüb. Herta Müller öz əsərlərində avtoritar rejimdə yaşamağa məhkum olan insanların adi həyatını son dərəcə realist qələmlə təsvir edir. Nə qədər qəribə olsa da, yazıçının psixi-mənəvi məhrumiyyətlər içində keçən gəncliyi ona dünya miqyasında uğur gətirir.
   Herta Müller mühazirə oxumaq üçün Almaniya, ABŞ, İsveçrə və digər ölkələrin universitetlərindən müntəzəm dəvətlər alır. Onun əsərləri iyirmidən çox dilə tərcümə ediilb. Yeri gəlmişkən, xanım Müller İsveçdə ən populyar əcnəbi müəlliflərdən sayılır, onun bütün kitabları İçveç dilinə çevrilib.
   Xanım Müller 1995-ci ildən Almaniya Dilçilik və Poeziya Akademiyasının üzvüdür. O, 19 kitabına, esselər silsiləsinə görə iyirmidən artıq ədəbi mükafata layiq görülüb. Təbii ki, həmin mükafatlar sanbalına görə Nobel mükafatı ilə müqayisəyə gəlməsə də, sənətə verilən dəyər kimi müəllif üçün əzizdir.
   Lakin yazıçı xanım öz acı keçmişini nəinki əsərlərində, həyatında da unutmur. 1997-ci ildə Almaniya birləşəndən sonra PEN-klubun (ədiblərin beynəlxalq birliyi) Almaniya bölməsinə üzvlükdən imtina etdi. 2008-ci ildə isə Rumıniya Mədəniyyət İnstitutunun prezidentinə ünvanladığı açıq məktubda bu qurumun yay məktəbində xüsusi xidmət "xəbərçi"lərinin çalışmasına etirazını bildirmişdi.
   Herta Müllerin Nobel mükafatına layiq görülməsi bir qədər çaşqınlıqla qarşılanıb. Əslində ədəbiyyat üzrə Nobel mükafatını laureatların seçiminə görə ən ziddiyyətli nominasiya sayırlar. Həqiqətən də, digər kateqoriyalardan fərqli olaraq, ədəbiyyatın bəşəriyyətə müsbət təsirini qiymətləndirmək təbabət, iqtisadiyyat və ya sülhpərvərlik fəaliyyətinə nisbətən qəlizdir.
   Hər halda, İsveç Akademiyası öz seçimini edib. Bizə isə Azərbaycan neftindən yaranmış sərmayədən qaynaqlanan mükafatın builki laureatını təbrik etmək və öz yazıçılarımıza da adı yad, sərmayəsi doğma mükafata yiyələnməyə cəhd arzulamaq qalır. 
   Gülcahan MİRMƏMMƏD