Nərmin HÜSEYNZADƏ

    
   Bəzən dəli olmaq istəyirəm… Ən azından özümü dəli kimi aparıb istədiyim hər şeyi etmək üçün. Pozmaq istəyirəm bütün qayda-qanunları. Azadlıq istəyirəm… Küçə boyu qışqıraraq gəzmək, doyunca gülmək… bəzən də insanları incitmək istəyirəm.
   İndi gecədir… mənasız, darıxdırıcı yay gecəsi… Çölə çıxmaq, gəzmək, gəzmək, yorulub əldən düşənə qədər qaçmaq istəyirəm. Ancaq edə bilmərəm! Gecə vaxtı qız uşağının küçədə nə işi var axı? Amma dəli olsaydım, çox rahatlıqla edərdim bunu. Onsuz da heç kəs fikir verməyəcəkdi, dəlidir deyəcəkdilər… Bəlkə, baxmayacaqdılar da nə etdiyimə. Qarışmayacaqdılar hər işimə...
   Atalar boş yerə deməyib ki, «Ağıllı olub dərd çəkincə, dəli ol dərdini çəksinlər”. Adicə bir sınaq aparaq. Səki ilə normal yol getsəm, heç kəs sezməz məni... yaxud da, avtomobillər üçün yaşıl işıqda yolu keçsəm... yaşlı qadınlar öldürər özlərini, uşaqlar yumar gözlərini. (Bu məqamda bir olmuş əhvalat yadıma düşdü rəhmətlik… həmişə yaşıl işıqda yolu keçərmiş) nə isə...
   Bəzən anamı hirsləndirəndə Allah sənə özün kimi övlad qismət etsin deyir. Aman, ALLAH qorusun! Özüm kimi qızım olsa, şəksiz-şübhəsiz öldürərdim onu. Öldürmək demişkən, bildiyimə görə həbs etmirlər dəliləri, hətta adam öldürsələr də... Bu da bir qayğı dəlilərə konstitusiyamız tərəfindən. Bir dostumun dediyi kimi.
   
   Ağlım başımda olsa,
   Ağlıma çox şey gələr
   Neyləyim, ağlıma yox,
   Başıma çox şey gəlir.
   Ağlıma gəlməyən də,
   İndi başıma gəlir....