Fərid HÜSEYN
   
Farid-001@inbox.az

 

    Aradan keçdi illər. Uşaqlıqla yeniyetməliyin arasından. Zaman öz atını elə çapır ki, bizə ancaq bu “at yarışı”na baxmaq qalır. Bu da iyirmi. İyirmi yaşım tamam olur. Uşaqlıq... Məktəb... Universitet... başlamaq həqiqətən çox asandı. Adəm olmaq asan idi, ətrafında onu narahat edən bircə Həvva var idi. Amma indi hər yan adamla doludur. Küçədə, evdə, universitetdə... bu il dərsə gələn I kurs tələbələrinin gözlərindəki müəmmada mən üç il əvvəlki özümü gördüm. Yaxşı yadımdadır avtobuslardan, adamlardan, məkanlardan tutmuş, hətta qaldığım evə qədər heç nəyi yaxşı tanımırdım. İnsanların obrazları, maşın səsləri, şəhərin əcaib xaosu, bir sözlə, hər şeyin arxasından əyri bir sual işarəsi sallanırdı. Sonra sual işarələrinin cavabları peyda oldu və az da olsa çox şeyi tanıdım. Amma üç il əvvəlki saflıqdan çox az şey qalıb. Əvəllər tərbiyəsizlik saydığım bəzi nəsnələrlə barışmışam, daha öyrəşmişəm ki, bunlar məhz belə olmalıdır. Yanımdan keçən adamların artıq arxasınca baxmıram, çünki daha mənim üçün artıq hər şey ilkin “bakirəlik aktını” - müəmma maraqlılığını itirib. Bir dəfə Slavyan Universitetində müəllimim Rüstəm Kamal dedi ki, insan iki halda susur. Birinci halda o, heç nə bilmir. İkinci halda isə o, heyrət içindədir, heyrət onu susdurur. Mən müəllim deyən ikinci heyrətdə idim. SUSURDUM. Hə və yoxu başımla ifadə edirdim. Getmək istədiyim yeri tapana qədər xeyli əlləşirdim, amma tapanda elə bilirdim ki, bu yeri birinci dəfə mən kəşf etmişəm. Bu ləzzət isə tam ayrı ləzzətdir. Binaların mərtəbələrini, eyni markalı maşınları saymaq da ləzzət verirdi mənə. Səhərçağı oyanıb paltarlarımı ütüləmək, seminara hazırlaşmaq ilkin halda çox maraqlı idi. Sonralar hər şey “gündəlik”ə çevrildi. Adamlar, həqiqətən, tez dəyişir. “İnsan mühitin məhsuludur” kəlamı mənə, daha inandırıcı görünür.
   Daha sonra işləmək, qəzetlərə yazı vermək, yazılarım çap olunan qəzetləri toplamaq mənim üçün maraqlı idi. Sonralar onlar adiləşdi.
   Təkrar uşaq olmaq
   Yaşlanır
   Adamlar.
   Adamların yaşları bitir axırda
   Bir uşaq olurlar yenidən yamyaşıl.
   Fazil Hüsnü Dağlarcanın bu şeiri ilə razıyam. Adamların yaşları bitir, yəni onlar yaşayır, amma dəyişə bilmirlər. Bu baxımdan uşaqlaşırlar. Uşaq olmaq istəyərdim? Kaş birdə uşaq olaydım. Bu sözlər mənimçün həmişə mənasız görünür. Təsəvvür edin ki, hamı məktəbi on bir il oxuyur. Sonra qurtararkən təəssüflənirlər. Təəssüflənmək olar. O zaman ki, digərləri 15 il oxusa. Hər şey müvəqqətidi, gəldi-gedərdi. İnsanlar bu faniliyin içində əbədiyyət axtarırlar. Lüzumsuzdu. Amma hər il sentyabrın on beşi havadan eyni qoxu gəlir. Dərsə gedən uşaqların təzə paltarının qoxusu. Onda anlayırsan ki, Orxan Vəli demişkən, “Məni belə havalar məhv etdi”. Hava insana uşaqlığını xatırladır. Unutmaram. Birinci gün paltarıma yaman yaxşı fikir verirdim, elə bilirdim ki, köhnəlməyəcək və dərsə gedəndə evdən məktəbədək ayaqqabımın parıltısına ləzzətlə baxırdım. Növbəti günlərsə hər şey unudulub öz köhnəliyinə qarışırdı. Bu səbəbdəndə biz ancaq yaxşıları xatırlayırıq. Bədbəxt hadisələri xatırlamağa ürəyimizin gücü çatmır, beynimizsə istəmir. Məsələn, üç il əvvəl baş vermiş gözəl bir günü xatırlayanda bu ləzzəti sona kimi xatırlayırıq - əla gün idi, hamımız birgə gəzdik, axşam yenə bir yerə toplaşıb gecə saat üçə qədər oynadıq, güldük. Amma bədbəxt bir hadisəni xatırlayanda ən uzağı bunu deyə bilirik: yazıq cavan öldü, aftomobil qəzasında. Ona görə də ÖLÜM sözü HƏYAT sözündən bir səs də olsa qısa deyilir, bir hərf də olsa qısa yazılır.