Tomas Vulf “Mələyi öz evində gözlə” (roman) 
   I və II Dünya müharibələri aralığında xüsusi inkişaf xətti götürən Amerika ədədiyyatında Skott Fiscerald, Drayzer, Folkner, Heminquey ilə yanaşı, Tomas Vulfun da öz yeri vardır. 1929-cu ildə Amerikada baş verən iqtisadi böhrandan bir neçə həftə əvvəl yayımlanan bu roman müəllifin ilk əsəridir. Əsəri avtobioqrafik hesab edilir və yazıçı özü də buna etiraz etmir; onun fikrincə, ciddi ədəbi əsərlər məzmunca avtobioqrafik xarakter daşıyan əsərlərdir.
   
   Ernest Heminquey “Sizinlə hər zaman tətildə”
   Məşhur yazıçının bu əsəri məzmunca avtobioqrafik-memorial xarakter daşıyır və müəllifin 1920-ci illərin əvvəllərində Paris ve Avstriyada keçirdiyi gənclik dövrlərini əhatə edir. Paris küçələri, muzeyləri, kafeleri, həmçinin yazıçının balaca oğlu və çox sevdiyi həyat yoldaşı ilə keçirdiyi həyat bu əsərdə maraqlı şəkildə təsvir olunur. Bununla yanaşı, Heminqueyin o illərdə keçirdiyi yarıac, yarıtox həyatı, dövrün yazıçıları, rəssamları, ziyalıları ilə tanış olması və bu insanların onun yaradıcılığına olan təsiri barəsində bu əsərdə ətraflı məlumat verilir.
   Heminquey bu əsərini tamamlayır və hətta nəşr üçün ön söz də yazır. Lakin əsərin nəşri üçün son dəfə redaktə etməyə onun ömrü yetmir və ölümündən sonra həyat yoldaşı Meri Heminquey tərəfindən kiçik redaktə edilərək nəşr olunur.
   
   Somersem Moem
   “Ümumi hesab”

    Bu əsərində Moem keçdiyi ömür yolundan bəhs edir. Müəyyən qədər də avtobioqrafik bu əsərdə həmçinin yazıçılıq, teatr, dramaturgiya barəsində də Moemin fikirləri yer alıb.
   
   Somersem Moem “Teatr” (roman)
    Əsər Culya adlı məşhur aktrisanın həyatından bəhs edir. İlk vaxtlar gözəl olan əri Maykl tədricən gözəlliyini itirməyə başlayır və Culya üçün maraqsız bir insana çevrilir. Bu zaman isə Tom adlı gənc bir oğlan onun sevgilisinə çevrilir. Tom əslində onu sevmir, yalnız məşhur aktrisa olduğundan istifadə edir. Culya bunu bilsə də, ehtiras hissi ondan ayrılmasına mane olur. Sonda Tom onu tərk edib başqa aktrisanın yanına getsə də, sonuncu tamaşada həmin aktrisa uğursuz oynayır və əsər bütünlüklə Culyanın qələbəsi ilə bitir: həm səhnədə, həm də həyatda. Bu əsər dilimizə çevrilib və “Xəzər” jurnalında dərc edilməkdədir.
   
   Somersem Moem “Ay və quruş”
   Dahi bir rəssamın həyatından bəhs edən bu əsərin ilk səhifələri oxucuya maraqsız gələ bilər. Elə ki müəllif rəssamın həyatını təsvir etməyə başlayır, həmin andan əsər haqqında fikirlər dəyişir, tezliklə oxuyub tamamlamağa tələsirsən. Əgər bütün bu hisslərlə yanaşı, ilk baxışdan darıxdırıcı görünən bu rəssama qarşı sonda dərin sevgi hissinin yaranmasını istəyirsənsə, bu əsəri oxu.
   
   Somersem Moem
   “İti xəncər”

   Əsər Larri adlı bir oğlandan bəhs edir. İzabella onu sevir , lakin Larri kitablara üstünlük verdiyinə görə onun evlənmək təklifini rədd edir. Larri isə ömrünü həqiqət axtarmağa sərf edir. Sonda Sofi adlı bir qadını sevib onunla evlənmək istəyəndə İzabella onu qətlə yetirir.
   
   Somersem Moem”
   “İlham mənbəyi”

    Bu əsərdə bir yazıçı qadının həyatından bəhs edilir. Yazıçının dostları onu saymır, heç yerinə qoyurlar. O da buna dözməyib evdəki aşpaz qadın ilə qaçır, həyat yoldaşı onu geri qaytarmaq istəsə də, buna nail olmur. Əri ona əsərlərinin pis olduğunu deyib detektiv əsərlər yazmağı məsləhət görür. Bu məsləhət nəticəsində isə qadın daha da məşhur olur.    

   Somersem Moem “Zavod” (hekayə)
    Bir ingilis, tuzemka ilə evlənib onu öz şəhərinə aparır. Lakin həmin qız burada çox yaşaya bilməyib öz tayfasına qayıdır. Onun arxasınca gedən əri qadını geri qaytarmaq istəyinə nail ola bilmir. Əksinə insanlar içində gülünc vəziyyətə düşür. Bu vəziyyət isə onun intiharı ilə nəticələnir.
   
   Somersem Moem “Yağış” (hekayə)
   Bu hekayə digərlərindən daha maraqlıdır. Missionerliklə məşğul olan bir şəxs əxlaqsız bir qadını düz yola gətirmək üçün əlindən gələni edir, lakin qadın gözdən pərdə asaraq özünü düz yola qayıtmış kimi göstərib sonda onu qətlə yetirir. Çünki bu idealist missioner, qadını pansionata göndərmək istəyirdi.
   
   Şarlotta Bronte “Cen Eyr”(roman)
   Bu əsər Şarlotta Brontenin avtobioqrafik romanı sayılır. Cen uşaqlıqda çox çətinliklərlə rastlaşır, 8 il pansionatda tək yaşayır. Lakin burada aldığı bilik ona varlı bir evdə tərbiyəçi işləməyə kömək edir. Evin sahibi isə ona vurulur. Ailə quracaqları gün onun evli olduğunu bilən Cen onu tərk edir. Uzun müddət başqa yerdə yaşadıqdan sonra geri qayıdır. Əsərin sonu onların görüşməsi, uşaqlarının dünyaya gəlməsi ilə baglı səhnələr daha cəlbedicidir.
   
   Emili Bronte
   “Uğultu təpələr” (roman)

    Əsəri oxuduqca hiss edirsən ki, Emil Bronte heç də bacısı Şarlotta Brontedən geri qalmır. Əsər onunla başlayır ki, uğultu təpələr da yaşamaq üçün bir gün yeni sakin gəlir, həmin evdə uzun müddət yaşamış olan qulluqçu Nelli o evdə baş verən bütün hadisələri yeni sakinə danışır və bütün əsər Nellinin söhbətlərindən ibarətdir. Əsər, o evdə yaşamış 3 nəsil haqqındadır. Əsərin əsas qəhrəmanı olan Hitklif və Ketrini yazıçı elə gözəl təsvir edib ki, oxucuda Hitklifə qarşı dərin nifrət hissi, Ketrinə qarşı isə sevgi, mərhəmət hissi yaranır. Maraqlı əsərdir, bunu mütləq oxuyun…
   
   Enn Bronte
   “Aqnes Qrey” (roman)
   E.Bronte bacıları qədər təcrubəli olmasa da, onun bu əsərini oxumağa dəyər. Əsər gənc bir qızın həyatından bəhs edir. Ailə müflisləşdikdən sonra o, qulluqçu işləməyə başlayır və əsər boyu 2 evdə işləməli olur. Bu müddətdə çox çətinliklərlə rastlaşsa da, gözəl bir gündə istəklisinə qovuşub xöşbəxt olur.
   
   Hazırladı: Səbuhi