Elə ataya o da azdır
   
   Bir gün Molla Qeybulla evdə arvadla dalaşır. Nə əskik işi olursa, arvadın söyüşlərinə cavab vermir. Sən demə, qonşu da çəpərin arxasından qulaq asırmış. Molla ayağını qapıdan küçəyə qoyan kimi qonşu dilini saxlaya bilmir: - Ay Molla, arvadın iki saatdır atanı söyür, sən isə susursan. - Qoy söysün, elə ataya o da azdır. Qonşu: - Atan nə edib ki?.. - Elçiliyə o gedib, daha nə edəcəkdi ki...   

  Yerinə başqasını verin
   
   Molla Qeybullanın arvadı rəhmətə gedir. İli çıxandan sonra özünə bab, əslən İrandan olan bir qadınla evlənir. Qadın da namaz qılan, oruc tutan, Allah adamı imiş. Hicabda gəzir, əvvəlki arvadı kimi üzünə bəzək vurmur, qonşuları gəzmirmiş. Çox keçmir ki, Mollanın paltarı təmiz olur, yeməyi-içməyi də öz yerində. Ayağı da Molla Qeybulladan başqa bütün kəndə düşür. Ölən olmur. 1-2 aya Mollanın pulu qurtarır. Arvad da görür ki, Mollanın boğazına şərik çıxıb. Vicdanı dözmür. Qonşunun uşağına kağız yazdırıb qoyur ki, məni bağışla, verdiyin çörəyi halal et! Dolanışıq çətindir. İranda qardaşım var, gedirəm onun yanına. İstəmirəm özün ac qalıb, məni yedirdəsən. Bu hadisədən bir xeyli vaxt keçir. Mollanın əli gətirir. Öz əcəli ilə ölənlər bir yana, hələ qəzaya düşənlər də olur. Molla görür ki, işi arvadsız keçmir. Bu qədər pul evini bir arvad qədər isitmir. Arvadın da getdiyi ünvanı bilmir. Kimsə ona İran səfirliyinə getməyi məsləhət bilir. Səfirliyin əməkdaşı onu çox hörmətlə qarşılayır, soruşur ki, qadının qardaşı İranın harasında olur? - Bilmirəm, - deyir Qeybulla - Qadın özü İranın harasından gəlmişdi? Molla Qeybulla çiyinlərini çəkir. - Yaxşı, baba, bəs famili nə idi? - Mənə onun famili yox, özü lazımdır - Molla dillənir. Səfirliyin əməkdaşı təəssüf hissi ilə ona baxır: - Ağa, vallah onu təkcə bir adıyla tapa bilmərik. Nə çox İranda Mədinə adlı qadın. Elə bil Molla Qeybullanın başına qaynar su tökürlər. Suyu süzülə-süzülə yerindən qalxır. Qapıya çatanda əynindəki çirkli paltardan qaşına-qaşına səfirliyin işçisinə tərəf dönür. - Ağa, onda, heç olmasa, onun kimi səliqə-sahmanı olan bir başqasını verin.   

   Gönün qalınlığı
   
   Məclislərin birində Molla Qeybulla Allah kəlamından, şəriət və təriqət arasındakı fərqdən, ləyaqətli insanın nəfsinə hakim olmasından söhbət açır. Oturanlardan biri başa düşür ki, Mollanın dediklərinin çoxu ona aiddir. Dədəsini də pula satan bu şəxs araya söz qatmaq üçün, önünə qoyulmuş isti çaydan bir qurtum içib yanında əyləşən kişiyə işarə edərək Mollaya üz tutur: - Bu kişi çayı üfürüb içir, amma yenə ağzı yanır. Mən isə bax, beləcə qaynar içirəm, heç təsir etmir. Belə bilənsənsə, de görək, səbəbi nədir? Molla Qeybulla təmkinini pozmadan:
   - Adamın gönünün qalınlığı - deyib əvvəlki söhbətinə qayıdır.
   
   Mənim üçün bəzənsə..
   
   Molla Qeybullanın birinci arvadı evdən çıxanda bəzəyindən qalmırdı. Hər dəfə də Molla onu görəndə başlayırdı dava-dalaşa. Qonşular yığılıb güclə onları sakitləşdirirdilər.
   Növbəti qalmaqalların birində qonşulardan biri, aranı sakitləşdirmək üçün deyir:
   - Ay Molla, niyə hay-küy salırsan? Bu zalımın qızı sənin üçün bəzənir də...
   - Mənim üçün bəzənsə, evdən gedəndə yox, evə gələndə bəzənərdi.
   
   Belə getsə...
   
   Kənddə gənclərdən biri sərxoşluq edir. Molla Qeybulla onu dəfələrlə çağırıb çox öyüd-nəsihət versə də, gənc bəd əməlini tərgitmir. Sözü yerə düşən Molla onunla salamlaşmır, küsülü qalır. Günlərin birində cavan oğlan Mollanın qarşısını kəsir: - Molla əmi, biz çoxmu küsülü qalacağıq? - Belə getsə, yox, ay bala. Sən ki belə içirsən, bu gün-sabah ya içki sənin axırına çıxacaq, ya da sən içkinin. 
 

 Atababa İsmayılov