Naxçıvan şəhərini bu gün tanımaq olmur. İldən-ilə gözəlləşən və böyüyən bu şəhərə hər dəfə yolum düşəndə bir çox yeniliklərin şahidi oluram. Belə yeniliklərdən biri də Naxçıvan Muxtar Respublikası Dövlət Film Fondunun yeni binaya köçməsidir.
   Şəhərin mərkəzində yerləşən Naxçıvan MR Dövlət Film Fondunun yeni binasında 6000 film saxlamaq imkanı var.
   Binaya daxil olarkən ilk dəfə diqqətimizi dəhlizdə divar boyu səliqə ilə asılmış ekspozisiyalar cəlb edir. Birinci ekspozisiya «Azərbaycan kinosu: 1898-2009-cu illər» adlanır. Burada 111 il ərzində ölkəmizdə çəkilmiş filmlərdən fotoşəkillər xronoloji ardıcıllıqla öz əksini tapmışdır. İkinci ekspozisiya «Azərbaycanın kino sənətkarları» adlanır. Bu ekspozisiyada milli kinomuzun əsasını qoymuş sənətkarlardan tutmuş orta və gənc nəslin nümayəndələrinin portretlərini görmək olar. Üçüncü ekspozisiyanı isə Naxçıvanda doğulmuş kino sənətkarlarımızın fotoşəkilləri bəzəyir.
   Film fondunun direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi, kino veteranı Əbülfəz Məmmədovla görüşürük. 47 ildən artıq kino sahəsində yorulmadan çalışan Əbülfəz müəllim ölkəmizdə işgüzar, bacarıqlı təşkilatçı, öz işini ürəkdən sevən kino işçisi kimi tanınır. O, 1973-cü ildə Rostov Kino Texnikumunu, 1981-ci ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirmiş, ötən illər ərzində kino sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. Ondan Naxçıvan Dövlət Film Fondu barədə danışmasını xahiş edirik:
   - Naxçıvan Dövlət Film Fondu Naxçıvan MR Rayonlararası Kinoprokat İdarəsinin bazasında Azərbaycan Dövlət Film Fondunun Naxçıvan filialı kimi 2000-ci ildə yaradılmışdır. Ölkə başçısının sərəncamı ilə ona arxiv statusu verilmişdir. 2006-cı ildən Naxçıvan MR Mədəniyyət Nazirliyinin (indiki Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyi) müstəqil idarəsi kimi fəaliyyət göstərir. 2009-cu ildə gördüyünüz bu yeni binaya köçmüşük. Film fondu tamamilə yeni avadanlıqlarla təchiz olunmuşdur.
   Sonra Ə.Məmmədov bizi fondun ayrı-ayrı iş otaqları, burada çalışan adamlarla tanış edir:
   - Heydər Əliyev auditoriya otağı ümummilli liderimizin çoxşaxəli fəaliyyətinə həsr olunmuşdur. Burada maraqlı sənəd və fotolar, müxtəlif kitab və albomlar, 127 saatlıq videokaset və DVD saxlanılır. Burada dahi rəhbərin incəsənət ustaları, o cümlədən kinematoqrafçılarla görüşlərini əks etdirən 100-dən artıq fotoşəkil vardır. Buraya gələn tamaşaçıların videokaset və DVD-dən istifadə edə bilmələri üçün otaqda televizor da qoyulmuşdur.
   Kinozala daxil oluruq. 77 yerlik bu kinozalda hər cür formatda filmlər nümayiş etdirmək mümkündür. Kinozal tikilərkən onun akustikası da nəzərə alınmışdır.
   Əbülfəz müəllim bizi filmlər saxlanılan bokslardan birinə aparır. Onun dediklərindən:
   - Fondda 5 boksda 4257 adda film saxlanılır. Bunlardan 81 bədii, 60 animasiya və 270 sənədli Azərbaycan filmidir. 16 mm-lik 60 sənədli, 425 elmi-kütləvi film də saxlanılır. Qalanları xarici bədii, animasiya və sənədli filmlərdir. Azərbaycan filmlərinin videokaset və DVD formatları da vardır.
   Montajçı Rəna Farayeva, həmişə olduğu kimi, bu gün də iş başındadır. O, 35 ildir ki, çalışır, filmlərin qorunub saxlanılması üçün əlindən gələni əsirgəmir. Aparıcı mütəxəssis Səriyyə Rüstəmovanın da iş stajı az deyil, 30 ildən çoxdur. Mühasib Tahirə Bəhramova da burada 10 ildir ki, çalışır. Onlar yeni binalarındakı iş şəraitindən razılıqlarını bildirirlər: «Burada işləmək üçün hər cür şərait yaradılmışdır».
   Ayrıca otaqda 35,16 və 8 mm formatında olan filmlərin birbaşa DVD və videokasetlərə köçürülməsi üçün yeni avadanlıq alınıb quraşdırılmışdır. Hər dəfə lentlərdən istifadə etməmək üçün bu üsulun çox böyük əhəmiyyəti vardır. Bu iki ədəd kompyuter filmləri DVD və videokasetlərdə montaj etmək üçündür.
   Daha sonra film fondunun kitabxanası ilə tanış oluruq. Kitabxanada müxtəlif sahənin, o cümlədən kino sənətini əhatə edən kitablar vardır. Bundan başqa burada 100-dən artıq Azərbaycan filminin ssenarisinin, montaj vərəqəsinin, filmin istehsalına aid sənədlərin surətləri, bədii filmlərə aid 1000-dən artıq fotoşəkil mühafizə olunur.
   Film fondunun Kino muzeyi haqqında xüsusi danışmağa dəyər. Bu muzey fondun direktoru Əbülfəz müəllimin şəxsi təşəbbüsü və səyi ilə yaradılmışdır. Bu muzeydə nələr yoxdur? Müxtəlif filmlərin çəkilişlərində istifadə olunan libaslar, silahlar, məişət əşyaları, musiqi alətləri və s. Maraqlı burasıdır ki, nümayiş etdirilən eksponat hansı filmdə istifadə olunubsa fotoşəkildə təsdiqini tapır. Burada nümayiş olunan ekspozisiya olduqca maraqlıdır. Misal üçün, «Arşın mal alan» filmində Əsgərin qulaq asdığı qrammofon, «O olmasın, bu olsun» kinokomediyasındakı hambalın palanı, «Babək» filmində istifadə olunmuş qılınc və qalxan, «Dəli Kür»dəki Cahandar ağanın yapıncısı, «Bir qalanın sirri» filmindəki mücrü, «Sehrli xalat»dakı pioner paltarı, «Qanun naminə» filminin çəkilişində istifadə olunan musiqi alətləri, «Sizi dünyalar qədər sevirdim» filmində əsgərin geyindiyi tankçı papağı və s. görmək olar.
   Burda biz köhnə tanışımız, hazırda film fondunda kinomexanik işləyən Abbas Novruzovla da görüşürük. Yaşı çox olsa da, cavan və gümrah görünən Abbas kişi Bakıdakı 5 saylı Texniki Peşə Məktəbini bitirmişdir. Kino sistemində 1961-ci ildən işləyir. Əvvəllər o Naxçıvan MR Rayonlararası Kinoprokat İdarəsində fəhlə, texniki müfəttiş və mühəndis vəzifələrində çalışmışdır.
   Naxçıvan MR Dövlət Film Fondu müstəqil Azərbaycanın yetirməsidir. Milli mənəvi sərvətimiz olan filmlərimiz burada çalışan kiçik, lakin mehriban ailəni xatırladan kollektivin birgə səyi nəticəsində bərpa olunur, qorunub saxlanılır. Kollektiv fondu müasir tələblər səviyyəsində qurmaq üçün əlindən gələni əsirgəmir. Naxçıvanda olduğumuz bir neçə gün ərzində biz bu qənaətə gəldik.
   Bakıya qayıtmazdan əvvəl adı müqəddəs Qurani-Kərimdə çəkilən Əshabi-Kəhfi, sevimli ədiblərimiz Hüseyn Cavidin, Mirzə Cəlilin ev-muzeyini və Möminə Xatun məqbərəsini ziyarət etdik. Qədim və həmişəcavan Naxçıvan torpağından bir daha bu yerlərə qayıtmaq ümidi ilə xoş əhval-ruhiyyə ilə ayrıldıq.
   
   Aydın KAZIMZADƏ