(acların acığına)
   
   Əslində xatırladacağım filmin adı «Böyük toxluq» yox, «Böyük tıxlama»dır («Bolşaya jratva»), amma fərq etməz, hələ filmdən yox, televiziyadan başlayacam. Həftə sonlarını evə, televizora məhkum olmuş birinə çevrilirkən, məişətin yıprantısını hiss edirkən hadisələri, xəbərləri tox və o ləng həyəcanla qarşılayırkən, ətrafı bədəninin hüdudları ilə duyurkən evin, ev kultunun nə qədər güclü bir şey olduğunu da dərk edirsən. Ev, əşyalar qəribə bir enerji bizi əhatə edir. Hətta əhatə edir də yox, həbs edir. Pəncərələr də yağışdan, soyuqdan və eyni mənzərədən baxılmaz olanda başqa bir pəncərə yada düşür - televiziya. Açırıq televiziyanı nə görürük? Kök aparıcılar yemək bişirirlər. Totuq barmaqlarının arasından müxtəlif ərzaqlar... qazanlar... qaşıqlar... Dəyişirik kanalı. Başqa birində Zaurun məşhur «Yağ kimi» verilişi. Növbənöv yeməklər və yalnız yeməklər barədə söhbətlər. «Düyü bir az quru idi», «Ət o qədər də bişməmişdi», «Şirniyyat az idi», «Supu elə bişirməzlər», «Salatı o qabda qoymazlar»... Ekranda tox sifətlər, intriqalar və dolu yemək masaları... dübarə kanalı dəyişirsən. Başqa bir Zaur hansısa müğənninin evini, otaqlarını, qarderobunu göstərir.
   Nə etməlidi ki, televiziya... «Acların göz bəbəkləri»nə heç kim baxmaq istəmir. Qoca dilənçilərə də pul verirkən gözlərinə deyil, əllərinə baxırıq. Utanırıq? Yox. Baxmaq istəmirik.
   Nəyə oxşayır televiziya? Yemək dolu şkafa. Televizorlarımız toxluqdan qızarır. Mastroyaninin çəkildiyi «Böyük tıxlama» filminin qəhrəmanları da toxluqdan eynən belə qızarırlar. Onlar da cəmiyyətdə üzdə olan adamlardır. Dörd nəfər bir mülkə yığışıb çoxlu ət və ərzaq sifariş edirlər. Və durmadan yeyirlər. Bu film dörd adamın toxundan ölməsi haqqındadır. Onlar əcaib bir nəfslə tox olduqları halda yeyirlər. Və bir-bir ölürlər. Bu toxluq, yemək əhvalatının bir Muzası var. Bu mülkə təsadüfən gəlib çıxmış kök bir qadın, müəllimədir. Bu qadının gözlərində əcaib bir aclıq parıltısı var. Gömbul qadın, aclıqdan parıltılı gözlərilə...
   Hərdən qəhrəmanların durmadan tıxışdırmağı bir bəhsə çevrilir. Hərdən bu bir zərurət olur. Qəhrəmanlardan biri Uqo toxluqdan dili dolaşa-dolaşa yemək dolu qaba baxır və deyir: «Yemək lazımdır» və elə yeyə-yeyə də ölür...
   Telekanallar bu filmdəki kimi «toxluq edir». Tox sifətlər... məsləhətlər...
   Lüis Bünüelin filmlərindən birində ziyafət paltarları adamlar tualet ehtiyaclarını jurnallarla dolu böyük bir masanın arxasında ödəyirlər. Yemək ehtiyaclarını isə tualetə bənzər dar bir yerdə, təklikdə, hamıdan gizlin ödəyirlər. Nə demək istəyir rejissor? Bəs telekanallar nə demək istəyir?
   Fikirləşin. Biz yemək istəmirik. Ürəyimiz bulanır...
   
   Aliyə