“Səmimiyyətdən çətin, yaltaqlıqdan asan heç nə yoxdur”
   F.Dostoyevski
   
   
   Tanışlıq və səmimiyyət
   
   Həmişə məni belə bir sual düşündürür: Nəyə görə əvvəllər sevgililər bir-birinin üzünü görmədən nişanladıqları halda, sonda evlənib xoşbəxt olurdular, indi isə?.. Bəli, indiki sevgililərin əksəriyyəti ilk məhəbbətinə qovuşmur, “son məhəbbət”inə də... DƏHŞƏT. İndiki qızlara tanışlıq üçün yaxınlaşan oğlanlar “XANIM sizinlə tanış olmaq olar” ənənəvi sual ilə müraciət edirlər. Qızlar isə bu ənənəvi sualı cavablandırmamışdan öncə, ilk olaraq oğlanın ayaqqabısına baxır. Əgər ayaqqabı qızın zövqüncədirsə, əmin ola bilərik ki, qəhrəmanımızın şansı əllinin-əlliyədir. Görünür, qızlarımız, ulu babalarımızın “Dost başa, düşmən ayağa baxar” kəlamını bu anda unutmuş olurlar... Elə, bəlkə də, sonu ayrılıqla bitən MƏHƏBBƏTin doğulmağının günahkarı ilk tanışlıqlarda olmayan SƏMİMİYYƏTDİR?...
   
   “Hörmət” və səmimiyyət
   
   Buralarda özündən yaşca və “hərdən də” vəzifəcə böyük olanlara SİZ deyə müraciət edirlər, “hörmət” əlaməti olaraq. Əgər sən qarşındakı şəxsiyyətə müraciət edərkən “siz” şəxs əvəzliyini işlədəcəksənsə, onda “elitar”lar sırasına xoş gəlmisən. Yox, əgər sənin qəlbinə şeytan girəcəksə və sən çaşıb, səmimi mövqedən çıxış edərək “Siz”in yerinə “Sən” işlədəcəksənsə, onda “Qarşındakı şəxsə qəsdən hörmətsizlik etmək” maddəsi ilə cəzalandırılmağa hazır olmalısan. Neynəyək? Başqasına “hörmət” etmək üçün hərdən səmimiyyəti unutmaq lazım gəlir, təki onun xoşuna gələk.
   
   Təqdimat və ...
   
   Hansısa bir tanınmış şəxsi təqdim edərkən adını çəkməmişdən öncə mütləq onun haqqında bir neçə dəqiqə geniş informasiya verməyi özümüzə borc bilirik. Məsələn: “Filan təşkilatın üzvü”, “Filan mükafatın laureatı”, “Filan nəyin nəyi”. Bir o qalır deyək ki, filan orta məktəbin məzunu... Filanlar uzandıqca hey uzanır, bu baxır təqdimatçının insafına. Ən çox televiziyalarda musiqiçiləri, aktyorları və digər incəsənət adamlarını təqdim edərkən istifadə edilən sözlər: “Hamımızın sevimlisi”, “Artıq bu sənətdə öz sözünü demiş”, “Son zamanlar çoxlarının sevimlisinə çevrilmiş” və s. Görəsən, “xalqın sevimlisinin”, “sənətdə sözünü çoxdan demiş” bir kəsin bu təqdimata nə ehtiyacı var? Və yaxud da ədəbiyyat sahəsində ən çox rast gəldiyimiz söz: “Görkəmli şəxsiyyət”. Maraqlıdır: Ədəbiyyatda görkəmsiz şəxsiyyətimiz də varmı? Ümumiyyətlə şəxsiyyətin görkəmsizi olurmu?
   
   Münasibət və qiymətləndirmə
   
   Atalarımız “Gələni geyiminə görə qarşıla, ağlına görə yola sal” deyiblər. Çox təəssüf ki, bizlər hərdən atalarımızın sözündən çıxıb, geyiminə görə qarşıladığımız kəsləri elə geyiminə görə də yola salırıq. Əgər sən təhsil ocağına kostyumda gedəcəksənsə öz müəlliminə ağıllı, savadlı və mədəni bir şəxs təəssüratı bağışlayacaqsan (şahidi olduğum real fakt). Bu, iş yerlərində də, küçədə də, ictimai yerlərdə də belədir. Yox, elə bilməyin ki, mən ictimai yerlərə əsas məqsədi ətrafdakıların diqqətini cəlb eləmək olan, dizi və ya digər bir hissəsi “cırılmış” şalvarda, idman geyimində, gecə paltarlarında gedən tələbələrin (həmçinin digər sıravi insanların) tərəfdarıyam, əsla. Geyim də mədəniyyətin bir hissəsidir və əxlaq normalarının biri kimi şəxsiyyətin formalaşmasında mühüm rol oynayır. Amma, mənə elə gəlir ki, hərdən “rəsmiyyət”dən uzaqlaşmalıyıq və rəsmiyyətə o qədər də ehtiyac olmayan yerlərə sadə, özümüzü rahat hiss etdiyimiz, normal geyimlərdə getsək, heç də pis olmazdı (buna əmin ola bilərsiz).
   
   Təbrik, tərif və təbiilik
   
   Kimisə təbrik etmək üçün mütləq şablon sözlərdən istifadə etməliyik. Hər yerdə mütləq kiməsə uzun ömür, cansağlığı toy şənliklərindəyiksə xoşbəxtlik, ailə səadəti, hansısa bir tədbirdəyiksə işlərində müvəffəqiyyətlər və gələcək planlarında uğurlar arzulamalıyıq. Bu sözlər, fərqi yoxdu ürəkdən gələn sözlərdi, yoxsa orqanizmimizin digər bir daxili orqanından (məsələn “mədə”dən), əsas odur ki, təbrik üçün bu şablon sözlər var (həmişə də olacaq) və onlardan istifadə edərək öz “mənəvi” borcumuzu yerinə yetirək.
   Kiminsə haqqında danışırıqsa, istər tədbirlərdə, istərsə də KİV-lərdə yenə onun haqqında yalnız xoş sözlər deməliyik və başqasının onun haqqında dediyi fikirləri (onsuz da o, bunu deyib də) sitat gətirərək, gördüyü təqdirəlayiq işlərdən söz açmalıyıq. Lap bu, bir çox tədqiqatçılarımızın başqalarının fikirlərini bir yerə toplamağına bənzəyir, özününsə yeni bir fikri yoxdu. Və nitqimizdə isə həmişə çalışırıq ki, daha dəbdəbəli, qeyri-adi sözlərdən istifadə edək. Bununla da demək istəyirik ki, bax, gör necə yüksək intellektə malik şəxsəm və dünyanın ən zəngin dillərindən olan ana dilimin zənginliyindən çox əla yararlanmışam. Bu, təbilik baxımından bilirsiz nəyə bənzəyir? Şair və yazıçılarımızın qəzet, jurnal və digər informasiya vasitələri üçün xüsusi və ənənəvi pozada çəkdirdikləri şəklə: ya yazı masasının arxasında oturmalı, gözündə eynək, sağ əlində qələm, qarşısında isə kağız olmalı, ya da, çənəsini yumuruğunu düyünləmiş halda.
   P.S. Biz nəyinsə xatirinə başqasına “hörmət” etmək üçün səmimiyyətdən uzaqlaşırıq və bununla da, özümüz də bilmədən, qeyri-ixtiyari olaraq özümüz-özümüzə hörmətsizlik etmiş oluruq. Bu da əsrlər uzunu özünü təsdiqləmiş bir ifadədir ki, özünə hörmət edə bilməyən kəs başqasına da hörmət edə bilməz.
   
   Etibar LƏTİFOV,
   ADMİU-nun  IV kurs tələbəsi