Qadın azadlığı! Bu məfhumun yaranmasından neçə illər keçdiyini dəqiq təyin etmək çətindir. Ancaq beynəlxalq aləmdə qadın azadlığının ötən əsrin 14-cü ilindən və 8 mart günündən rəsmiləşdiyi məlumdur. Əksər filosofların fikrincə, qadın çox sirli bir məxluqdur. Eyni zamanda qadın anadır. Şərq kişisinin mövqeyindən və bacarığından asılı olmayaraq qiyməti daha çox qadınına görə verilib. Yəni qadını əsl qadın olmayan kişi, el dili ilə desək, başıpapaqlı sayılmayıb.
   Bəs görəsən, bir çox özəl cəhətlərinə görə nəinki Avropa, hətta Şərq qadınından seçilən, spesifik psixologiyası, bənzərsiz ömür yolu olan Azərbaycan qadını filmlərimizdə necə əks olunub?
 
   
   Azərbaycan filmlərində qadın azadlığı problemi, adətən, İslama, şəriətə qarşı qoyulur
   
   Məşhur «O olmasın, bu olsun» filmi bu sözlərlə başlayır: «Bütün Şərqdə olduğu kimi, bu şəhərdə də qadının heç bir hüququ yox idi...» Təbii ki, şəriətin xurafat tərəfinin gətirdiyi bəlalar kontekstində filmin müəllifləri ilə razılaşmaq olar. Rüstəm bəy də həmin «xurafat şəraitində» öz əməllərini həyata keçirmək üçün əlverişli imkan tapa bilir. Belə demək mümkünsə, qızını satır! Ancaq unutmaq olmaz ki, bu, həm də xarakterdir. Filmdə qulluqçu Sənəm obrazı da kifayət qədər faciəlidir. Rüstəm bəyin həyat yoldaşı yoxdur. Hər ikisi - Rüstəm bəy və Sənəm duldur. Ancaq Rüstəm bəy Sənəmlə ailə həyatı qura bilmir. Ona görə ki, feodalizmdə siniflər arasındakı sədd buna imkan vermir. Bu sədd və qadın mövzusu «Arşın mal alan» filmində daha da dərindən işlənib. Xatırlayın: «O, qızını arşınmalçı Əsgərə verməz, tacir Əsgərə verər». Halbuki, Gülçöhrə tacir Əsgəri sevir. Bəs, bu oyun nə üstündə qurulur; qızı görmək üçün! Bir oyun sonda 4 nəfərin izdivacına gətirib çıxarır. Qəribədir ki, hər kəs (Əsgər, Süleyman, Sultan bəy və nökər Vəli) ilk gördükləri qadınlara (Gülçöhrə, Asya, Xala və Telli) vurulurlar. Bununla filmdə komik situasiya yaranır.
   
   Əksər filmlərimizdə qadın sadəcə kişinin kölgəsidir
   
   Azərbaycan kinematoqrafiyasında qadınlar daha çox ikinci plana layiq görülüblər və qalıblar ssenaristin insafına. Milli kinomuzun qadın obrazları deyəndə, ilk növbədə yada Cəbiş müəllimin arvadı, diribaş Şəfiqə düşür. Düzdür, Cəbiş müəllimin Şəfiqəsi təmiz azərbaycanlı deyil, italyan neorealizmi Anna Manyaninin təsiri altında onda həm italyan, həm də azəri xarakteri var. Amma burada da rejissor və aktrisa ustalıq göstəriblər. Şəfiqə obrazını, həyatı məişətlə vuruşda keçən həm ərinin, həm özünün yerinə işləyən «ancaq ailəm və bir də ailəm!» ideyasını özü üçün ideologiyaya çevirən Azərbaycan qadını kimi «tərbiyə ediblər».
   Filmlərimizdə qadınlar müstəqil deyil və kişi qəhrəmanın müsbət keyfiyyətlərini qabartmaq üçündür. Qadın sadəcə ailənin bir üzvü, kişinin arvadıdır. Qəhrəman cavan oğlandırsa, onu sevən bir qız olmalıdır. Sanki filmin müəllifləri qeyri-şüuri qatda yaratdıqlarının səthi olduğunu bilirlər, onu belə priyomlarla canlandırmağa, dərinləşdirməyə çalışırlar. Nümunə: «Uzun ömrün akkordları» filmi. Filmdə dahi bəstəkarın həyat yoldaşı Məleykə Terequlovaya müəllif tamam epizodik və hətta əhəmiyyətsiz yer ayırıb. Filmin bir-iki yerində bəstəkarın qoluna girmiş halda peyda olan Məleykə xanım gözəl kuklaya bənzəyir. Xarakterik rollar ifaçısı Həmidə Ömərova bu obrazda tamamilə fəaliyyətsizdir. «Bəyin oğurlanması» filmində öz çəkingənliyi, bütün dünyadan gizlətdiyi sirri, kədərli gözləri ilə Həsənin anası (Lətifə Əliyeva) daha maraqlı, yaddaqalan qadındır, nəinki Məleykə xanım Terequlova...
   Kişi rejissorların düşüncəsindəki, təsəvvüründəki qadının sxematik şəklini Vaqif Mustafayev «Yoxlama» serialında, «Yerlə göy arasında», «Fransız» filmlərində çəkib: gəlinlik paltarında toyunu gözləyən Səidə Quliyevanın qəhrəmanları hələ toydan sonra yaşamağa hazırlaşır. Artıq ailə-uşaq, ər «sahibi olan», arzusuna çatmış Nuriyyə Əhmədovanın qəhrəmanları ərini ancaq əri olduğu üçün qısqanan, qadınlığı ekstremal situasiyalarda yadına düşən, ehtirası, hissləri çox dərinə gömülmüş, övlad böyütməklə məşğul olan qadınlar... Onlar həyat yoldaşlarını, övladlarını başa düşməyə nəinki cəhd etmirlər, əksinə bu məsələlərlə heç maraqlanmırlar. Onlara lazım olan sadəcə ər, övladdır, o da var.   

   Yalnız «Tütək səsi»ndə «tamaşaçıların etirazı nəzərə alınmadan» Sayalının hüququ ona verilir
   
   Filmlərimizdə bəzən epizodik, heç kəsin diqqətini çəkməyən elə qadın obrazları var ki, adi bir jesti, adi bir sözü, adi bir hərəkəti ilə milli qadın psixologiyasının açılmasına nail olur, adamı heyrətə salır. «Tütək səsi» filmində İsfəndiyar kişinin gəlinini xatırlayın. Əsərdən fərqli olaraq filmdə bu obrazın o qədər də ciddi mövqeyi yoxdur. Ancaq onun kolxoz sədri, cəbhədə ölən «dostunun arvadına göz dikən» Cəbrayıla dediyi sözlər tamaşaçının iç dünyasını alt-üst edir. Məlum olduğu kimi, Cəbrayıl dostunun arvadı Sayalını da götürüb ağsaqqal İsfəndiyarın evinə gəlir ki, evlənmələri üçün onlara kömək etsin, kənd camaatını yola gətirsin. Bu zaman İsfəndiyarın əri cəbhəyə getmiş gəlini çıxır və onları qapıdan qovur.
   
   İdeologiyanın güclü dövrlərində filmlərimizdə yalançı obrazlar peyda olub
   
   Ancaq bu obrazlarda da Azərbaycan qadınına məxsus bəzi cizgilərə rast gəlmək mümkündür. «Almaz», «Görüş», «Ulduz» bu tip filmlərdəndir. «Almaz»da yeni düşüncəli azad qadının üzləşdiyi problemlər qabardılır. Sadəcə, o dövrdə, hətta indi də istənilən Azərbaycan kəndində atası məlum olmayan uşağa «mənimdir» söyləmək təbii etiraz doğuracaqdır. Böyük mütəfəkkir C.Cabbarlının əsəri əsasında çəkilən bu filmdə incə bir fənd işlətmək lazım idi: birmənalı şəkildə Almazın tərəfində dayanmamaq! Yəni bəzi qənaətləri tamaşaçının ixtiyarına buraxmaq. Ancaq müəlliflər Almazı hamıdan ağıllı hesab edir, kənddəki əksər şəxsləri savadsız, hətta normal əxlaqa malik olmayan insanlar kimi təqdim edirlər.
   «Böyük dayaq» filmində hadisələr nisbətən dramatikdir. Ancaq burada da Mayanın kənddə özünü «azad sovet qadını» kimi aparması tamaşaçıda ən yaxşı halda ikrah doğurur. Təsəvvür edə bilmirəm ki, hansısa kəndə gəlin gələn gözəl bir xanım kolxozun mühasibinin atının tərkinə minib yaylağa qalxsın. Mayanın azadlığında bir şitlik, bir sünilik var. Adam inanmaq istəyir ki, aktrisa partiyanın xüsusi tapşırığı ilə belə bir qadın obrazı yaradıb.
   Təbii ki, istisnalar da var. Məsələn «Təhminə»də Təhminə, «Sahilsiz gecə»də Zibeydə kimi. Amma bu personajlar da həyatlarına tamaşaçı qarşısında bəraət qazandırmağa, özlərini müdafiə etməyə çalışırlar. Sanki «Bizə yazığınız gəlsin. Biz belə yaşadığımız üçün təəssüf edirik, amma əlimizdən heç nə gəlmir», deyə qışqırırlar, təhtəlşüurda günahkar olduqlarını etiraf edirlər və özlərini cəzalandırırlar.
   Qadınların əzilməsini, fiziki və mənəvi şəkildə məhv edilməsini əks etirən filmlərimiz daha inandırıcıdır. Bu qəbildən «Qaraca qız» (Tutu), «Yeddi oğul istərəm» (Humay), «Bir cənub şəhərində» (Muradın bacısı), «Ölsəm, bağışla» (Gülya), «Dəli Kür» (Mələk, Şahnigar), «Nəsimi» (Fatimə, Şəms), «Otel otağı» (Kərimin qadını və qızı) və s. filmləri göstərmək olar.
   
   Fehruz Şamıyev