Abdel İlah Salhi
   1968-ci ildə Bəni-Məllalda anadan olub, Əl-Cədidədə yaşayıb. Bordoda (Fransa) ingilis ədəbiyyatı üzrə təhsil alıb. Mərakeş poeziyasının «yeni dalğa»sının təmsilçisidir. «İsraf» adlı ədəbiyyat jurnalının yaradıcısıdır. Fransız və ərəb dilində iki şeir kitabının müəllifidir.
   
   Əvvəlki məhəbbət
   
   Biz məhəbbət haqqında romanlardan,
    hekayə və şeirlərdən nə öyrəndik?
   Həyatda isə kasıblığın, çaşqınlığın üfüqlərindən ölü quş yüngüllüyü ilə endik…
   Amma kitablardan başqa bir yerdə yaşamayan
   o məhəbbətdən bərk-bərk yapışdıq.
   
   Tənhalıq
   
    Parisdə tək-tənha yaşayan yeddi-yüz min qadın var,
    Yaşları da otuz-qırx arasında,
    Nikahda olanları da var, boşananları da,
    Ana olanları da.
    Aparıcının səsi elə soyuqdu ki,
   Sanki müasir həyatın detallarından danışmır
    Düstur həll eləyən, saqqız çeynəyən kimi ağzını hərləyir,
    Xəbərlər bitir.
   
   Yeddi yüz min tənha qadın…
   Ey, adam!
   Dörd saatdır ki, bilgisayarın qarşısında özünü yorursan,
   Sərfəli təkliflər axtarırsan,
   qadınsız ağır həyatdan çıxış yolu arayırsan…
   
   
   tərcümə Səlim Babullaoğlunundur