«Mən evimə qayıdıram» bu il istehsalata buraxılacaq
   
   Ötən həftə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi «Vətən and yerimizdir» vətənpərvərlik mövzusunda ssenari müsabiqəsinin nəticələri açıqlandı. Müsabiqənin şərtlərinə uyğun olaraq, birinci yeri tutmuş İsmayıl Səfərəliyevin «Mən evə qayıdıram» ssenarisi 2010-cu ildə istehsalata buraxılacaq. Digər yerləri tutmuş Səidə Vəliyevanın «Böyüyən övladlar» və Leyla Tarverdiyevanın «Qarabağ. Dörd gün» ssenariləri isə 1500 və 1000 manat dəyərində pul mükafatına layiq görüldü. Müsabiqənin nəticələri ilə bağlı nazirliyin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxovla söhbət etdik.
   

   
   İlk olaraq «Vətən and yerimizdir» müsabiqəsinin keçirilmə səbəbləri ilə maraqlandıq. Yusif müəllim vətənpərvərlik mövzusunun kinoda vacib olduğunu qeyd etdi: «Biz çalışırıq ki, bu mövzuda yaxşı əsərlər yaradaq. Vaxtaşırı bu mövzuya müraciət olunur. Lakin hələlik bu mövzuda lazım olduğu qədər filmlər çəkilmir. Müsabiqənin keçirilməsi də bu tələbatdan irəli gəlir. Müsabiqə iki turda keçirildi - birinci turda onlarla sinopsislər təqdim olunmuşdu. Onlar arasında 6-sı seçildi. Həmin müəlliflər ikinci turda sinopsislərin ədəbi ssenarilərini təqdim etdilər.
   Nəticədə üç ssenari qalib gəldi. Birinci yerin sahibi İsmayıl Səfərəliyevin «Mən evimə qayıdıram» ssenarisi oldu. Ssenari Azərbaycan müstəqillik əldə edəndən sonra baş vermiş hadisədən, Rusiya hərbi hava donanmasında çalışan bir zabitin başına gələn hadisələrdən bəhs edir. O, satqın rus zabitlərinin qurduğu əməliyyatın pozulması nəticəsində Rusiyaya məxsus müasir döyüş təyyarəsini qaçıraraq Azərbaycana gəlir. Ssenarinin ana xətti bu olsa da, gərgin və dinamik dramaturgiyası var».
   Qeyd edək ki, son dövrlər Mədəniyyət və Turizm Nazirliyinə daha çox psixoloji dram janrında ssenarilər təqdim olunur. Bununla belə, istehsal olunan filmlər arasında digər janrlarda ekran əsərlərinə də rast gəlinir. Sektor müdirinin sözlərinə görə, keçirilən müsabiqədə seçim zamanı yalnız janr müxtəlifliyi deyil, təqdim olunan ssenarinin yüksək səviyyədə olması da əsas tutulub.
   «Müsabiqədə yaxşı ssenari seçilib və bu film 2010-cu ildə istehsalata buraxılacaq. Amma detektiv, «boevik» janrda bizim böyük uğur qazanmaq ehtimalımız çox azdır. Bu yer kinoda çoxdan tutulub və ora girişmək çox çətin məsələdir. Bu janrda çəkilən Amerika filmlərini kənara qoyub, kim bizimkinə baxacaq. Bu gün bizim onlarla ayaqlaşmağımız həm də texniki baxımdan mümkün deyil. Onlarda kinoindustriya püxtələşib, böyüyüb. Bu mənim fərdi fikrimdir. Məncə, bizə xas olan, bizi bir xalq, millət kimi səciyyələndirən, tanıdan mövzulara üstünlük verməliyik. Təkcə ona görə yox ki, özümüzü nümayiş etdirək, festivallara qatılaq, bizi özümüzə tanıdan, göstərən filmlər çəkməliyik. Kino sahəsində dünyaya çıxmaq istəyiriksə, ancaq Azərbaycan xalqına xas olan xüsusiyyətləri ekranda göstərməklə bunu edə bilərik».
   Əvvəlki illərdən fərqli olaraq bu il müsabiqəyə daha çox sinopsis təqdim olunmuşdu. Bu da artıq yazarların bu sahəyə marağının artırılması deməkdir. Yusif müəllim «Vətən and yerimizdir» müsabiqəsinin məqsədlərini açıqlayaraq onun sırf ssenaristlər üçün nəzərdə tutulduğunu vurğuladı.
   «Konkurslarımız müxtəlif formalıdır. «Bu meydan, bu ekran» müsabiqəsi prodüserlər mərkəzləri arasında keçirilir. Təcrübə göstərir ki, ssenaristlər, dramaturqlar prodüser mərkəzləri ilə daim ünsiyyətdə deyil. Yaxud da maraqları üst-üstə düşmür. Və yaxud həmin yazarın işgüzarlığı yoxdur ki, həmin prodüserlərlə əlaqə saxlasın, onu müzakirə etsin və s. Bu baxımdan biz müsabiqəni ssenaristlər üçün keçiririk. Qeyd edim ki, bu müsabiqənin qaliblərinin - İsmayıl Səfərəliyev, Səidə Vəliyeva, Leyla Tarverdiyevanın adları kinoda ilk dəfədir hallanır».
   Həmsöhbətmiz müsabiqənin maraqlı ssenariləri əldə etmək, yazarların kinoya marağını artırmaq, kinodramaturgiya sahəsinin inkişaf etdirmək, ona təkan vermək kimi məqsədlərindən də danışdı. Nəhayət, bu müsabiqə Kinematoqrafiya şöbəsinin ssenari bazasının genişlənməsinə də xidmət edir. Yusif müəllimin sözlərinə görə, nazirliyin ssenari bazasında bir neçə mövzu var ki, onların gələcəkdə ssenari halına salınması nəzərdə tutulur.
   
   «Bu meydan, bu ekran - 2010»
   
   Söhbət əsnasında prodüser mərkəzləri arasında keçirilən «Bu meydan, bu ekran» müsabiqəsindən də söz açıldı. Elan olunduğu kimi, bu müsabiqənin nəticəsində 2-si uşaq mövzusu olmaqla, 5 filmin istehsalı nəzərdə tutulub. Bu addımın uşaq kinosunun inkişaf etdirilməsi ilə bağlılığından danışarkən, Yusif müəllim bu sahədəki problemlərdən də bəhs etdi.
   «Uşaq mövzusu çox maraqlıdır. Amma nədənsə bu mövzuda uğurlu ssenari ilə qarşılaşmamışıq. Yəni bu məsələyə yazarlarımız nədənsə baş vurmur. Məlumdur ki, bu gün dünyada «Harri Potter», «Alisiya» və digər məşhur uşaq filmləri var. Amma onlarla yanaşı, bizim qəhrəmanlar da olmalıdır. «Bu meydan, bu ekran» müsabiqəsində uşaq mövzusuna yer verməyimizin bir səbəbi də mövzuya marağı artırmaqdan irəli gəlir. Üstəlik bu addım həm də uşaq mövzusunda yaza bilən şəxsləri tapmaq, onları üzə çıxarmaq üçündür».
   
   Fehruz Şamıyev