Füzulinin şeir dünyası sahilsiz bir ümmanı xatırladır.Bu sənət ümmanına baş vurmaq, onun dərinliklərindən incilər arayıb tapmaq, məna və sənətkarlıq məziyyətlərini küll halında qavrayıb şərh etmək hər kəsə nəsib olmamışdır. Görkəmli ədəbiyyatşünas-alim, yazıçı Mir Cəlal Paşayevin dediyi kimi, "Füzuli sənətinin qüdrətini, miqyasını, məziyyətlərini təhlil və təyin etmək bir nəfərin, bir elmi məktəbin, hətta bəlkə də bir elmi nəslin işi deyildir". Bəli, şairin poeziya aləmi müəmmalı mətləblərin, incə nöqtələrin, yüksək bədii idealların sənət dili ilə füsunkar bədii ifadəsidir.
   
   Türkdilli, farsdilli xalqların neçə-neçə musiqiçi və nəğməkarı fəlsəfi lirika şahı olan Füzuli yaradıcığılığına ehtiyacla müraciət etmiş və özlərinin bəstələrini bu ecazkar sənət gülzarında tapmışlar...…
   Azərbaycan müğənniləri də böyük ilhamla Füzulidən oxumuşlar.
   Füzulinin əlvan, oynaq qəzəlləri neçə-neçə mahnıya, melodiyaya qol-qanad vermişdir.Onun "Leyli və Məcnun"u dahi Üzeyir təfəkkürünün qüdrəti ilə yeni bədii vüsət almışdır. Axı, Füzuli poeziyası başdan-başa musiqidir.Şairin ehtiraslı lirikası, əruzun müvafiq qəliblərinə qovuşaraq heyrətamiz təravət və məlahətlə səslənir.
   Füzuli yaratdığı qəzəllərə sənət möhürü vuraraq, onu əlçatmaz zirvəyə qaldırmış, özündən sonra gələn heç bir şair bu məqama ucala bilməmişdir.
   Füzuli yaradıcılığı bəstəkarlarımız üçün də bitməz-tükənməz mövzu mənbəyidir. Dahi bəstəkarımız Ü.Hacıbəyov Füzulinin sirli kəlamlarına qəlbən vurğun və vaqif olan, onun parlaq nümunələrindən özünün musiqi və bədii əsərlərində zəka qüdrəti ilə istifadə edən misilsiz sənətkardır.Onun qəlbində bu məhəbbət qığılcımlarını başda Cabbar Qaryağdıoğlu olmaqla səsi-ünü dağı-daşı yandıran Qarabağ xanəndələri oyatmışlar.Ü.Hacıbəyov Füzuliyə olan sonsuz məhəbbəti sayəsində onun "Leyli və Məcnun"u əsasında ilk Azərbaycan operasını yaratmışdır.
   Bu sənət əsərində iki dahinin-söz və musiqi ustadının ecaskar qüdrəti ruhla can kimi birləşmişdir.
   Operada 11 bəhrsiz, 4 bəhrli muğam işlədilmişdir. Göründüyü kimi, obrazların əhval-ruhiyyəsi muğamların ahəngi fonunda açılmışdır.
   İlk pərdə məşhur "Şəbi-hicran" xorunun sədaları altında açılır. Məcnun sevgilisinin həsrəti ilə odlandığını "Mahur-Hindi" muğamı üstündə bəyan edir.
   İkinci pərdədə anasının Leylini danlaması, ona nəsihət etməsi "Şur"un təsirli şöbəsi olan "Simayi-Şəms" üstündədir.
   Qeys tərəfi məyusluq içərisindədir.Bəstəkar belə ağır anları ifadə etmək üçün "Şahnaz" muğamından istifadə etmişdir.
   Operanın ən təsirli lövhələrindən biri Qeysin çöllərə düşməsidir. Dahi Üzeyir sevimli qəhrəmanının acınacaqlı taleyinə sanki qəlbən ağlamış, onun aləminə "Bayatı-Şiraz", "Bayatı-Kürd" muğamlarının yanıqlı nalələri ilə "yaş saxlamışdır".
   Ü.Hacıbəyov operada müvafiq olaraq "Rast", "Heyratı", "Şüştər", "Mani", "Arazbarı", "Segah", "Bayatı-Qacar" muğamlarından məharətlə istifadə etmişdir.
   Ü.Hacıbəyovun dostu,bəstəkar Müslüm Maqomayev də xalq musiqi folkloruna və ədəbiyyatına, həmçinin klassik poeziyamıza könül verən bəstəkarlarımızdan idi. "Şah İsmayıl", "Nərgiz" kimi operaların, muğamlarımızdan su içən bir sıra parlaq simfonik əsərlərin müəllifi olan M.Maqomayev mədəniyyətimizin tarixində özünəməxsus mövqe qazanmışdır.
   Ü.Hacıbəyov ənənələrinə sadiq olan M.Moqomayev özünün "Şah İsmayıl" operasında "Segah", "Bayatı-Şiraz", "Çahargah", "Şur", "Şikəstə" və s. muğamlardan istifadə etmişdir.
   Klassik poeziyamıza, xüsüsən Füzuli şeirinə müraciət edən bəstəkarlarımızdan biri də Cahangir Cahangirovdur.O, "Füzuli" kantatasını yüksək sənətkarlıqla işləmiş, rəngarəng üsullara əl ataraq, bitkin əsər yaratmışdır.
   Bəstəkar kantatanın sevgi motivlərinin güclü olduğu ikinci hissəsində Füzulinin "Məni candan usandırdı" sözləri ilə başlayan məşhur qəzəlini öz məqamında işlətmişdir. Respublikanın xalq artisti, unudulmaz müğənni Şövkət Ələkbərovanın ifasında solo oxunan həmin misralar kantatanın ideyasını nümayiş etdirə bilir və qanadlı Füzuli kəlamı müğənninin zərif səsində könüllərə yol açır.
   Süleyman Ələsgərovun "Bayatı-Şiraz" üstündə bəstələdiyi "Vətənim" romansı da özünün dərin lirizm və ahəngdarlığı ilə xoş təsir bağışlayır.
   Bəstəkarlarımızdan Ramiz Mustafayev "Sultanıdır", Vasif Adıgözəlov "Görüb" rədifli Füzuli qəzəlləri əsasında məşhur romaslar yazmışlar.
   Füzuli yaradıcılığı nəğməkarlarımız üçün də tükənməz söz xəzinəsi olmuşdur.Hacı Hüsü, Məşədi İsi, Mirzə Məhəmməd Həsən, Cabbar Qaryağdıoğlu. Əbülhəsən xan İqbal, Seyid Şuşinski kimi klassik xanəndələrimiz Füzulinin şeirlərini muğam və təsniflərdə sevə-sevə, ilhamla ifa etmişlər.Vokal sənətimizin fəxri Bülbül Füzuli şerinin pərəstişkarı, bilicisi və məharətli ifaçısı idi. Xan Şuşinski, Mütəllim Mütəllimov, Ağabala Abdullayev, Hacıbaba Hüseynov, Sara Qədimova, Rübabə Muradova, Əbülfət Əliyev, Arif Babayev, Yaqub Məmmədov, Əlibaba Məmmədov, Zeynəb Xanlarova, Bakir Haşımov, Mələkxanım Əyyubova, Qəndab Quliyeva, Səkinə İsmayılova, Mənsum İbrahimov və başqaları ustad Füzulinin şeirlərindən muğamlarda məharətlə istifadə etmişlər.
   Klassik poeziyamıza, xüsusən Füzuli yaradıcılığına dərindən bələd olan virtuoz xanəndə Cabbar Qaryağdıoğlu onun şerlərini ayrı-ayrı muğam və təsniflərdə özünəməxsus bir ustalıqla ifa etmişdir.
   Cabbar Qaryağdıoğlu muğam dəstgahlarının hər birini 2, bəzən də 3 saat ifa etmək qüdrətinə malik "dəryanəfəs" xanəndə idi.Onun hər muğamın ruhuna və ahənginə uyğun söz seçməkdə müstəsna məharəti var idi.Hətta o, hər bir şöbə və guşənin sözlərini də bir-birinə zərgər incəliyi və dəqiqliyi ilə ilmələməyi bacarmışdır. "Mənsuriyyə" ritmik muğamında Füzulidən oxuduğu qəzəllər Cabbar səsinə, nəfəsinə ilahi bir məhəbbət qazandırmışdır. "Can vermə..." qəzəli Cabbar Qaryağdıoğlu ifasında heyrətamiz bir kəşf olduğundan, xeyli zamandır ki, xanəndələrimiz məhz Cabbar "Mənsuriyyə"sinin şaqraq zəngulələrini, gəzişmələrini təkrar etiməyə çalışırlar.
   Füzulinin sənət dünyasına müraciət edən ustad xanəndələrimizdən biri də Seyid Şuşinski olmuşdur.
   Seyid Şuşinski söz üzərində sərraf kimi düşünərək, onun məna gözəlliyini və musiqidarlığını müəyyənləşdirmək üçün səy göstərərdi. Elə bunun nəticəsi idi ki, S.Şuşinski Füzulinin qəzəllərini ayrı-ayrı muğamların münasib şöbə və guşələrində ustalıqla ifa etmişdir.O, "Rast", "Şur", "Mani" muğamlarında, "Mahur" təsnifində Füzuli qəzəllərini seçib yüksək zövq və emosionallıqla oxumuşdur.
   S.Şuşinski özünün "şah əsəri" - "Çahargah" muğamında Füzuli qəzəllərinin melodiya ilə uyuşan keyfiyyətini , oynaqlığını, dinamikliyini, sözün məna çalarlarını, həm də ahəngdarlığını əsas tutub, onu məhz muğamın "Mayə"sində oxumağı munasib bilmişdir.O, məharətli gəzişmələrdə Füzuli şeirindən iki bənd ilə muğamın "Bərdaşt" və "Mayə"sini müvəffəqiyyətlə başa çatdırmışdır. Müqəddimə təranələrinin müşayiəti ilə ustalıqla "Mənsuriyyə"yə (həmin muğamın zirvəsinə) səs həmlələri edən xanəndə şöbəni notbanot gəzişib, pillə-pillə "Maye"yə enir.
   Gözəl pedaqoq olan S.Şuşinski tədris etdiyi muğamlarda ifa olunan sözləri tələbələrə yazdırıb əzbərlədəndən sonra muğamın məşqinə başlardı.
   Füzuli yaradıcılığı xalqımızın sevimli müğənnisi Bülbül üçün də doğma, əziz olmaqla yanaşı , həm də qaynar ilham çeşməsi idi.
   Poetik sərvətə vurğun olan vokal ustadı Bülbül, Füzulinin şeirlərini incə bir zövq, aydın tələffüz, təzə nəfəs və gəzişmədə musiqiyə qoşur, həm muğam, həm də təsnifdə özünəməxsus məlahətlə dinləyicisinə çatdırırdı.
   Xan Şuşinski də Füzulinin qəzəllərinə tez-tez müraciət edən muğam ustadlarımızdandır.O, şairin bir sıra qəzəllərini ayrı-ayrı muğamlarda məlahətli ifa etmişdir.Xanəndə "Şur", "Rast" muğamlarında Füzulinin poetik nümunələrini təkrarolunmaz ustalıq və şirinliklə oxumuşdur. Muğamların ifası zamanı bəzən dağ çayları kimi kükrəyən, bəzən də zümzüməli bulaq kimi axıb gedən Xanın məlahətli səsi-zənguləsi Füzuli kəlamlarının ahəngdar və dolğun məna çalarlarında heyrətamiz aləm, sehrli bir mənzərə yaradır.
   Ustad Xanın "Şur"un "Sarəng" şöbəsində Füzulinin sözlərinin necə ilahi qüdrətilə oxuduğunu dinləyəndə insan valeh olur. Xanəndə şöbəyə, bir növ sonluq olan "Qəməngiz" guşəsində daha coşqun gəzişmələrlə Füzuli kəlmələrini çilikləyib musiqi qəliblərinə tökür və orijinal "ayaq"la muğamı tamamlayır.
   Muğam ustası Zülfü Adıgözəlov da Füzuli yaradıcılığından həmişə bəhrələnmişdir. Özünə tələbkar xanəndə səsi və ifaçılığı sayəsində olduğu kimi , söz üzərində də ciddi işləyirdi.Onun ifasında lentə alınmış "Şur", "Rast", "Zabul-Segah", "Bayatı-Şiraz", kimi çoxhissəli muğamlarda Füzulinin "Ey gül, nə əcəb silsileyli-müşki-tərin var", "Məndə Məcnundan Füzun aşiqlik istedadı var", "Usanmazmı", "Ey həkim" və s. misralı və rədifli qəzəllərini xüsusi ustalıqla oxumuşdur.
   Xanəndə Mütəllim Mütəllimov muğam ustadlarımızın ənənələrinə sadiq qalan sənətkardır. O, Cabbar Qaryağdıoğlu, Ələsgər Abdullayev, Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov kimi ustad xanəndələrdən muğam sənətinin sirlərini öyrənmiş, onların musiqi irsindən məharətlə istifadə edərək özünə orijinal ifa üsulu yaratmışdır.
   "Bayatı-Şiraz", "Segah", "Mahur" muğamları Mütəllim Mütəllimovun ifasında məharətlə səslənmişdir.
   Xanəndənin ifasında "Bayatı-Şiraz" muğamı xüsusi yer tutur. O, muğamın "Bayatı-İsfahan", "Zil Bayatı-Şiraz", "Xavəran" və "Üzzal" şöbə və guşələrində ustadların təcrübələrinə istinad edərək Füzulinin "Sərvi-azad" tərkibi ilə başlanan qəzəlini həzin intonasiya ilə oxuyur.
   Xanəndə muğamın əsasən orta və zil yerlərində guşəxanlıq hesabına sözə qənaət etmiş, melodiyanın sanballı səslənməsinə nail olmuşdur…
   Xanəndə Hacıbaba Hüseynov zəhmətsevərliyi və yaradıcılıq əzmkarlığı sayəsində klassik poeziya nümunələrindən oxuduğu muğamların ahənginə və ruhuna müvafiq seçmələri repertuarına daxil etmişdir.
   Füzuli qəzəlləri də H.Hüseynovun yaradıcılığında özünə möhkəm yer tutmuşdur.Xanəndə dərin məna kəsb edən misra və beytləri muğamın məzmunu ilə ustalıqla əlaqələndirir və onu gözəl tələffüzlə dinləyicisinə çatdırır.O, "Rast", "Çahargah", "Zabul-segah", "Şüştər" , "Humayun" muğamlarını , habelə bir sıra təsniflərini Füzuli şeirləri əsasında oxumuşdur.
   Qəzəl bilicisi H.Hüseynov beytlərində zəngin mənalar yatan Füzuli qəzəllərini əzbərləyən anda onları oxumağa tələsmir. Əvvəlcə onun mənasını kəlmə-kəlmə, misra-misra öyrənir, ayrı-ayrı ifadə və tərkiblərin düzgün tələffüzünə nail olduqdan, necə deyərlər, mətni yaradıcılıq süzgəcindən keçirtdikdən sonra, onun hansı muğam şöbəsinə "düşdüyünü" təcrübədən keçirir.Bəli, sənət əsəri belə yaranır.
   Göründüyü kimi, böyük Füzulinin solmaz və tükənməz söz çəmənzarı incəsənətimizin şaxələri ilə sıx təmasda olmuş, bu atəşfəşan gülüstanın rayihədar gül-çiçəkləri, minbir sədalı, minbir təranəli qəzəlləri xalqın qəlbində və şüurunda özünə daimi məskən salmışdır.
  
   Ruzə İbişova,
   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi